Onlayn ictimai-siyasi qəzet
Deputat, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev bir ay öncə 60 yaşını tamamladı. Millət vəkili ilə yubiley müsahibəsini bir neçə dəfə planlaşdırsaq da, müxtəlif səbəblərdən bu günədək uzandı. Ömrünün yarıdan çoxunu siyasətə “xərcləyən” həmsöhbətimiz keçdiyi həyat yolu ilə bağlı səmimi cavablar verdi, ötənlərə ekskurs etdi, daha sonra söz-sözü çəkdi və Rusiya-Ukrayna mövzusundan da yan keçə bilmədik. Deputatla söhbətimizi təqdim edirik:
- Qüdrət bəy, ömrün 60-nı geridə qoydunuz. Ötənlərə ekskurs edəndə nələr düşünürsünüz?
- Mən Naxçıvan Muxtar Respublikasında doğulub, boya-başa çatmışam. Naxçıvanda da sərt kontinental iqlim şəraiti var. Yəni qışı soyuq, yayı da isti olur. Bunun da üstünə gəl kənd həyatını. Uşaqlığım kənddə keçib. Həyətyanı təsərrüfatımız olub, orada çalışmışıq. Qoyun-quzu, toyuq, qaz saxlamışıq, “nobat” deyirdik, növbəli qaydada qoyun-quzu otarmağa da getmişəm, ot biçmişəm, həyətdəki üzüm kollarına, meyvə ağaclarına qulluq eləmişəm.
- Ailədə neçə nəfər idiniz?
- Biz 10 bacı-qardaş olmuşuq, böyük ailə idik. Kənd həyatı çətin bir həyatdır. Amma o dövrdə insanlar nə qədər çətin həyat yaşasalar da, özlərini xoşbəxt sayırdılar. Yəni xoşbəxtlik haqqında təsəvvürlər fərqli idi. Sovet sisteminin çöküşü ilə o təsəvvürlər də dağıldı. Çətin həyat yolum olub. Sonra Şərqi Sibirdə, çox soyuq bir yerdə hərbi xidmətdə olmuşam. Qayıdandan sonra Universitetdə təhsil almışam. Tələbəlik illərindən də xalq hərəkatı başlayıb, yəni keşməkeşli bir həyat olub. Gəncliyimiz də gərginlik içərisində keçib. Torpaqlarımızın uzun müddət işğal altında olması hər bir azərbaycanlı kimi, məni də sıxıb, əzib. Amma min şükürlər ki, biz nəsil həm Azərbaycanın müstəqil olmasını, həm də torpaqlarımızın işğaldan azad olunmasını gördük. İndi bizim Azərbaycanda qərb standartlarına uyğun demokratik, hüquqi dövlət qurulacağını da görüb-görməyəcəyimiz də Allahın qisməti olacaq. O da uzun bir prosesdir, xalqın inkişaf səviyyəsinə bağlı olan məsələdir. İnşallah ümid edirəm ki, yaxın zamanlarda ölkəmizdə böyük islahatlar olar, proseslər ona doğru gedir. Biz bu istiqamətdə də böyük sıçrayışlarla buna nail ola bilərik. Həm iqtisadi sferada, həm dövlət idarəetməsində islahatlar həyata keçirilər.
- Yubileyiniz həm də Prezident Sərəncamı ilə elan olunan “Konstitusiya və Suverenlik İli”nə təsadüf etdi. Bu illə bağlı gözləntilər kifayət qədərdir. Konstitusiya islahatları və digər məsələlərlə bağlı sizdə nə kimi məlumatlar, gözləntilər var?
- Vallah heç nə deyə bilmərəm. Mən gördüm ki, Zahid Orucun təklifi qıcıqla, hətta qəzəblə qarşılandı. Sözün doğrusu, səbəbini başa düşmədim. Yəni insanlar arzularını, yaxud düşündüklərini söyləyə bilərlər. Məsələn, indi Naxçıvan MR-in Konstitusiyasını dəyişirlər. Düzdür, mən o dəyişikliklərlə mediadan tanış oldum. Əgər həmin informasiyalar doğrudursa, bəzi dəyişikliklər indi Azərbaycanın qüvvədə olan Konstitusiyasının əsas mətninə ziddir. Bilmirəm o təkliflər hüquqi ekspertizadan keçirilibmi? Yəni Konstitusiyanın əsas mətnini dəyişmədən Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında həmin dəyişiklikləri etmək olmaz. Naxçıvan MR Konstitusiyasında da dəyişikliklərə başlanılıbsa, deməli, ölkənin əsas qanununda da dəyişikliklər nəzərdə tutula bilər. Mən düşünmürəm ki, onlar Bakı ilə məsləhətləşmədən özləri birdən-birə Naxçıvan Konstitusiyasını dəyişməyə başlasınlar.
- Yubileylə bağlı, yəqin, çoxsaylı təbriklər oldu. Kimlərdən təbrik aldınız?
- Ədalət müəllim dövlət başçısının təbriklərini çatdırdı, özü də təbrik elədi. Hörmətli sədrimiz Sahibə xanım, YAP-ın icra katibi Tahir müəllim, bəzi vəzifəli şəxslər zəng edərək təbriklərini çatdırdılar. Parlamentdə təmsil olunan partiyaların sədrləri, müavinlər, komitə sədrləri, çoxsaylı sabiq və indiki deputat həmkarlarım, ailə üzvlərimiz, bəzi seçicilərimdən, jurnalist dostlarımızdan xeyli təbriklər aldım. Onların hamısına bir daha minnətdarlığımı çatdırıram.
- Yaşın ağırlığını hiss etmirsiniz ki? Bundan öncə bəzi kövrək notlara toxunmuşdunuz, daha deputat və partiya sədri olmaq niyyətində olmadığınızı demişdiniz. “Təqaüd”ə çıxmaq hələ tez deyil?
- Mən müsahibələrimin birində demişdim, uzun illər siyasətdə olmaq, tam demokratik ənənələrin oturuşmadığı, siyasi mədəniyyətin çox da yüksək olmadığı, etibarlı tərəfdaş tapmağın çətin olduğu ölkədə insan həqiqətən yorulur, bəzən üzülür. Keçid dövrünü yaşayan ölkələrdə korrupsiyanın səviyyəsi yüksək olur. Korrupsiya təkcə iqtisadiyyatın inkişafına mane olmur, o həm də mənəvi dəyərləri sarsıdır, dağıdır. Bəzən görürsən, həyatda birinin bacısına, yaxud özünə dəstək olduğun, ailəsinə, həyat yoldaşına, uşaqlarına kömək etdiyin adamlar, karyera yüksəlişində dəstək olmağımı xahiş edənlər sonradan xəyanat ediblər, böhtan atıblar, saxta məlumatlar yayıblar. Gözləmədiyin halda şok yaşayırsan.
- Ona görə partiyadan və parlamentdən getməyə qərar vermisiniz?
“O itkilərin qarşılığında Rusiyanın əldə etdikləri əhəmiyyətli deyil” |
- Mən bunu indi deməmişəm ki. Son qurultayımızda demişdim ki, bu, yəqin mənim sədr seçilməyə razılıq verdiyim axırıncı qurultay olar, növbəti qurultayda yeni sədr seçmək haqqında düşünün. Zaman göstərər. Bəzən insan bir şey düşünür, həyat onu başqa bir yerə aparır. Məsələn, mən uşaqlıqda prokuror olmaq istəyirdim, amma həyat məni siyasətə gətirdi.
- Uşaqlıq arzunuzu gerçəkləşdirmək istərdiniz?
- Yox. Daha artıq mənimçün o mərhələ keçilib. Artıq prokurorluq orqanlarında işləmək dövrü də başa çatıb, orda 60 yaşa qədərdir. (Gülür) Yadımdadır, mən prokurorluq orqanlarında işə götürüləndə rəhmətlik Baş prokuror Murad Babayev Dövlət İmtahan Komissiyasının sədri idi. Məni dinlədi və sonra soruşdu ki, sən prokurorluq orqanlarında işləmək istəyirsənmi? Dedim hələ qərar verməmişəm. Halbuki, uşaqlıq istəyim idi. Amma o vaxt hamımız siyasi proseslərə qoşulmuşduq. Dedi işləmək istəsən, müraciət edərsən. Sonra mənim uşaqlıq istəyim daha üstün gəldi, prokurorluq orqanlarında işə getdim. Murad Babayev əmrimi imzalayanda bölgələrə göndərilən digər beş nəfərdən fərqli olaraq, mənə Respublika Prokurorluğunda qalmağı tövsiyə elədi. Dedim ki, yox, məni Bakıdakı rayonların birinə göndərin, etimadınızı doğrultsam, sonra yüksək vəzifəyə dəvət edərsiniz. Dedi ilk dəfədir görürəm, kiməsə yüksək vəzifə təklif edəsən və imtina edə. Sonra hər iki əlini kreslonun kənarlarına qoydu və dedi ki, arzu edirəm 15 ildən sonra bu stol sənə qismət olsun. (Gülür) Sözsüz ki, qismət olmadı, sözün doğrusu, heç arzusunda da olmadım. Prokurorluqdan könüllü getdim və siyasətə gəldim. Sonra MSK katibi oldum, millət vəkili oldum. Prokurorluqda qalsaydım, bəlkə də rəhmətliyin dediyi kimi olardı. (Gülür) Beləliklə mən prokurorluqdan aralandım və indi artıq ora qayıtmaq, əlbəttə, mənimçün çox gecdir. Artıq mən pensiya barədə düşünürəm. Düzdür, Allah qismət etsə 5 ilimiz var.
- Övladlarınızdan sizin yolunuzu davam etdirən varmı?
- Yox. Oğlum maliyyəçidir, qızım iqtisadçı. Heç biri siyasətlə məşğul olmaq istəmədi. Düzdür, onlar atalarının çətinliklərini görürdülər. Amma onlar siyasətlə məşğul olmaq istəsəydilər, mən onlara mane olmazdım. Lakin heç biri davam etdirmək istəmədi. Hətta oğlum dövlət işində çalışmaq istəmir, özünü yalnız özəl sektorda görür.
- Qüdrət bəy, müsahibələrinizdə bir neçə dəfə Rusiya və ABŞ arasında razılaşmanın əldə oluna biləcəyi barədə danışmışdınız. Son zamanlar baş verənlər proqnozların doğrulduğunu deməyə əsas yaradır. Bu, belədirmi, yoxsa görünənlər aldadıcı təsir bağışlayır?
- Bu müharibə başlayandan dərhal sonra təəssüflə bildirmişdim ki, bu savaşın qarşısı ABŞ tərəfindən alına bilərdi, amma alınmadı. Hesab edirdim ki, Rusiya Ukrayna ilə sərhədə qoşun yığmaqla Kiyevə təzyiq edir. Düşünmürdüm ki, belə genişmiqyaslı müharibəyə başlaya bilər. Müharibəyə başlayacağı təqdirdə, bu savaşın nəticələrinin Rusiya üçün də uğurlu olmayacağını görürdüm. Putini inandırmışdılar ki, onlar çox asan bir qələbə əldə edəcəklər. Bu da baş vermədi. Vaxtilə demişdim ki, Rusiya mütləq Ukraynanın müəyyən ərazilərini özünə birləşdirəcək və Kiyev ərazi itkiləri ilə üz-üzə qalacaq. Çox təəssüf ki, zaman dediklərimdə haqlı olduğumu ortalığa qoydu. Rusiyanın bu müharibəyə başlamasının səhv olduğu barədə dediklərim də təsdiqini tapdı. Həqiqətən də o itkilərin qarşılığında Rusiyanın əldə etdikləri əhəmiyyətli deyil. Düzdür, Krımla ərazi bütövlüyü yarandı, Ukraynanın digər ərazilərini ələ keçirdi. Amma Ukrayna ilə uzun onilliklər ərzində düşmənçilik yarandı. Yəni iki qardaş xalqın bir-birini qırması bu, Allah eləməsin, bizim digər türk xalqları ilə müharibəmiz kimi bir şeydir.
- Üstəlik, Ukrayna təklənmiş durumdadır...
- Əvvəldən demişdim ki, ABŞ güvəniləsi dövlət deyil. Söhbət tək insanlardan getmir, ABŞ-nin siyasi sistemi bu ölkəni güvənsiz edir. Orada hər şey daxili siyasətdə, daxili mübarizədə qurban verilir. Yəni bir hökumət gəlib fərqli siyasət, digəri başqa siyasət yürüdə bilər. Ona görə sən bu dövlətə güvənib bir addım atanda fikirləşməlisən ki, 4 ildən sonra tamam başqa birisi gələ və 180 dərəcə əks siyasət yürüdə bilər. Ona görə qərbin tanınmış ekspertləri deyirlər ki, Amerika ilə düşmən olmaq təhlükəlidir, amma dost olmaq ölümcül qorxuludur. Ukrayna ABŞ-yə güvəndi, halbuki, güvənməməliydi. Ona görə ki, 2014-cü il, 1994-cü ildə imzalanmış Budapeşt Memorandumu Zelenskinin gözünün qabağında idi. Çox gənc, təcrübəsiz idi. Əlbəttə, vətənpərvər insandır və çox cəsarətlidir. Amma bu, yetərli deyil axı. Dövləti idarə etmək üçün cəsarət çox önəmlidir. Amma cəsarətdən önəmli müdriklik lazımdır. Bax, o, nadir metalların hasilatına dair sazişi imzalamayanda mətbuata açıqlama verdim, dedim Zelenski növbəti dəfə təkcə özü üçün yox, Ukrayna üçün ağır nəticələrə səbəb olacaq səhvə yol verdi. Dedim Zelenski nəinki ABŞ-nin maliyyə nazirini qəbulda gözlətməməliydi - maliyyə nazirinə deyiblər Zelenski yatıb, duranda sizi qəbul edəcək - əksinə, dəmir yolu vağzalına getməli, onu qarşılamalıydı. Dəmir yolu vağzalında da o sənədi alıb, imzalamalıydı. Ona görə ki, o sənədin icrasına başlamaq üçün hələ uzun vaxt lazımdır. İlk növbədə sən müharibəni dayandırmalısan. Bundan başqa, Tramp əbədi hakimiyyətdə qalmayacaq ki. Uzağı 4 ildən sonra o müqavilənin şərtlərinə də yenidən baxmaq olardı. Görürsən ki, ABŞ-nin dəstəyi səninçün həyati əhəmiyyətlidir, ancaq o müqaviləni imzalamaqdan imtina edirsən. Ona görə deyirəm ki, dövlət adamına ilk növbədə müdriklik lazımdır, sonra cəsarət gəlir.
- Zelenskinin yerində olsaydınız, nə edərdiniz?
- Zelenski təcili ABŞ ilə müqaviləni imzalamalıdır, müharibənin dayandırılması, atəşkəs haqqında saziş imzalamalıdır və ölkənin, iqtisadiyyatın yenidən qurulmasına, gücləndirilməsinə başlamalıdır. O sazişi imzalamamaqla nəyə nail oldu? Həm ölkəsi, həm özü alçaldıldı. Avropa ölkələrinə, öz xalqına böyük bir stress yaşatdı. Ondan sonra Trampın da geri çəkilməsi artıq xeyli dərəcədə çətinləşdi. Əslində bilməliydi ki, Tramp onun üstünə getməyə bəhanə axtarır. Onun Qərb ölkələrinə müraciəti də yanlışdır. O, onları inandırmağa çalışır ki, Rusiya bizdən sonra Sizə də hücum edəcək. Qərbdə də çoxu buna inanmır. O daha çox mənəvi - psixoloji məsələləri önə çəkməli idi. Deməlidi ki, Sizin gözləriniz önündə güclü bir dövlət özündən kiçik bir xalqı məhv edir. Siz necə evinizdə rahat yatırsınız? Hardadır Sizin vicdanınz , ali dəyərlərə sadiqliyiniz? Bu yanaşma gələcəkdə Sizə nə vəd edir? Qərb insanının vicdanını oyatmaq, ləyaqət hissini özünə qaytarmaq lazım idi.
Elşad PAŞASOY,
“Yeni Müsavat
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ