İnsanlara hürriyət, millətlərə istiqlal!

​“QOCALMANIN qarşısını ala biləcəyik” - Məşhur professor

"Süni intellekt bizə böyük miqdarda məlumatları analiz edərək yaşlanma prosesindəki əsas bioloji yolları anlamağa kömək edir. Gələcəkdə yaşlanma tamamilə müalicə edilə biləcək. Bu, insanların daha uzun və sağlam ömür sürməsinə imkan verəcək".

Musavat.com bildirir ki, bu sözləri Metbuat.az-a müsahibəsində dünya miqyasında immunologiya sahəsində tanınmış alim, "ChatGPT Pro" qrantına layiq görülmüş Nyu-York Universitetinin professoru Dərya Unutmaz deyib.

Professor Unutmaz müsahibə zamanı immunitet sisteminin sirrlərini açaraq COVID-19 pandemiyasının səhiyyə sisteminə təsirini, düzgün qidalanmanın əhəmiyyətini, süni intellektin müasir tədqiqatlarda necə tətbiq olunduğunu və onun tibbdə, həmçinin digər sahələrdə inqilabi təsirlərini izah edib. O, süni intellektin yalnız xəstəliklərin diaqnozu və müalicəsində deyil, həm də insanın həyat keyfiyyətinin artırılmasında və yaşlanma prosesinin gecikdirilməsində böyük potensiala malik olduğunu vurğulayıb. Professor müsahibəsində süni intellekt alətlərindən, o cümlədən ChatGPT-dən tədqiqatlarında necə istifadə etdiyini və bu texnologiyanın elm sahəsinə gətirəcəyi inqilabi dəyişikliklərdən söz açıb.

Həmin müsahibənin birinci hissəsini təqdim edirik:

Derya bəy, xoş gəlmisiniz. Sizi burada görməkdən məmnunuq. İlk olaraq, sizi immunologiya sahəsində dərin araşdırmalar aparan bir alim kimi tanıyırıq. Bu sahəyə marağınız necə başladı və karyeranızın ən mühüm məqamları nələr olub?

Çox təşəkkür edirəm. Tibb təhsilim zamanı dördüncü kursda immunologiya ilə bağlı bir kitabla tanış oldum və bu sahəyə marağım o vaxtdan başladı. İmmunitet sistemi bədənimizin müdafiə ordusudur. O, xəstəliklərin qarşısını almaqda mühüm rol oynayır.

Tibb fakültəsini bitirdikdən sonra İtaliyada iki-üç il çalışdım və laboratoriyalarda təcrübə keçdim. Daha sonra Nyu-York Universitetinə keçdim və 1995-ci ildən bəri ABŞ-nin müxtəlif universitetlərində tədqiqatlar apararaq müəllim kimi fəaliyyət göstərdim. Hazırda immunologiya üzrə professor olaraq fəaliyyətimi davam etdirirəm.

Son dövrlərdə bağırsaq sağlamlığının immunitet sistemi ilə sıx əlaqədə olduğu barədə çox danışılır. Bağırsaqlarımızın bədənimizin “ikinci beyni” kimi bir funksiyaya sahib olması fikri düzdürmü? Bu barədə nə düşünürsünüz?

Bəli, bu çox vacib bir məsələdir. Son illərdə bağırsaqların immunitet sistemi ilə sıx əlaqəsini daha yaxşı anlamağa başladıq. Bağırsaqların içərisində milyonlarla faydalı bakteriya mövcuddur və bu bakteriyalar yalnız mikroorqanizmlər deyil, həm də bədənimiz üçün faydalıdır. Onlar immunitet sistemi ilə sıx əlaqədədir və sanki immunitet sistemini “öyrədirlər”. Bağırsaqların sağlamlığı insanın ümumi sağlamlığı üçün əsasdır.

Yediyimiz qidalar bağırsaqlarda olan bakteriyalara təsir edir. Məsələn, sağlam qidalar (yoğurt və digər fermentasiya olunmuş qidalar) faydalı bakteriyaların çoxalmasını təşviq edir, bu da immunitet sistemi və digər orqanlar üçün faydalıdır. Ancaq çox yağlı, qızartma yeməklər və həddindən artıq şəkər pis bakteriyaların artmasına səbəb olur. Bu sistem bağırsaqlara ciddi təsir göstərir. Hətta gələcəkdə faydalı bakteriyalar dərman kimi istifadə edilə bilər. Yəni yaxşı bakteriyaları toplayıb ehtiyacı olan insanlara vermək mümkün olacaq. Bu, həddindən artıq çəki problemini həll edə və yaşlanmağı gecikdirə bilər.

Siz də təsdiq edə bilərsiniz, son illərdə insanlar qripi də daha ağır keçirir. Bunun səbəbi nədir? Antibiotiklərdən həddindən artıq istifadə ilə bağlı nə düşünürsünüz?

Antibiotiklər çox faydalıdır, ancaq yalnız bakterial infeksiyalar üçün. Virus infeksiyalarında, məsələn, qripdə antibiotiklər heç bir fayda vermir. Əksinə, bağırsaqdakı faydalı bakteriyaları məhv edir və bədəninizdə tarazlığı pozur. Antibiotiklər yalnız ciddi ehtiyac olduqda istifadə edilməlidir. Bağırsaq mikroflorasını bərpa etmək üçün ən vacib şey düzgün qidalanmadır. Uşaqlar üçün ana südü çox önəmlidir, çünki həm bakteriyalar, həm də onların artmasını təmin edən molekullar oradan gəlir. Qidalanma rejimi ilə ölmüş faydalı bakteriyaları yenidən aktivləşdirmək mümkündür.

Unutmayın, əgər sağlam qidalanırsınızsa, əlavə vitaminlərə ehtiyac yoxdur. Amma bəzi hallarda, məsələn, D vitamini çatışmazlığı və ya B12 vitamini çatışmazlığı varsa, bunları qəbul etmək vacibdir. Lakin çox vaxt əlavələr faydasızdır. Düzgün qidalanma daha vacibdir. Yeməkləri dərman kimi qəbul etmək lazımdır. Ancaq bəzi hallarda, məsələn, yaşlandıqca müəyyən əlavələr faydalı ola bilər. Əsas odur ki, insanlar yediklərinə diqqət etsinlər və stressdən uzaq olsunlar. Həm də düzgün və kifayət qədər yuxu immunitet üçün ən vacib amillərdən biridir.

Professor, pandemiyalarla bağlı danışmaq istərdim. COVID-19 pandemiyası dünya səhiyyə sistemini necə dəyişdirdi? Gələcəkdə bənzər pandemiyalara qarşı necə hazırlıqlı ola bilərik?

Pandemiya çox çətin proses oldu. Əvvəlcə insanlar nə edəcəyini bilmirdilər. Belə pandemiyalar nadir hallarda baş verir, bəlkə də yüz ildən bir. COVID-19 pandemiyasından çox şey öyrəndik. Texnologiyamız çox irəlilədi və çox sürətli şəkildə peyvəndlər hazırlandı. Gələcəkdə yeni pandemiya olsa, biz daha hazırlıqlı olacağıq. Məsələn, maskaların əhəmiyyətini gördük. Vaksinasiya başlayandan sonra isə maskaların istifadəsinə ehtiyac azaldı. Amma bəzi səhvlər də edildi: məktəblərin uzun müddət bağlı qalması və yaşlıların çox müddət evdə qalması onların psixologiyasına mənfi təsir etdi. Biz bu səhvlərdən dərs almalıyıq. Eyni zamanda, yeni virusları izləmək və onları erkən mərhələdə nəzarətə almaq çox vacibdir.

Pandemiya zamanı səhiyyə sistemlərinin zəif tərəfləri ortaya çıxdı. Amma eyni zamanda texnologiyanın, xüsusən də süni intellektin necə faydalı olduğunu gördük. Yeni peyvəndlər çox sürətli bir şəkildə hazırlandı. Gələcəkdə pandemiyaların qarşısını almaq üçün daha çevik qərar mexanizmləri qurulmalı və virusların erkən monitorinqi aparılmalıdır. Düşünürəm ki, süni intellekt bu sahədə böyük rol oynaya bilər.

Sizin süni intellektlə elmi araşdırmalar apardığınızı bilirik. Süni intellektdən necə istifadə edirsiniz və bu texnologiyanın insanlığın gələcəyinə təsiri necə olacaq?

Süni intellekt indiyə qədər insanlıq tarixində var olmuş ən böyük inqilablardan biridir. Bu texnologiyanın çox böyük potensialı var. Mən uzun müddətdir süni intellektlə maraqlanıram və onun elmi tədqiqatlarda necə faydalı olduğunu görürəm. Məsələn, mən süni intellektlə xərçəngin müalicəsi üzərində işləyirəm. Süni intellekt mənə yeni ideyalar verir və tədqiqatlarımı sürətləndirir. Bu texnologiya sayəsində gələcəkdə müalicə edə bilməyəcəyimiz xəstəlik qalmayacaq. Məncə, süni intellekt bütün sahələrdə böyük dəyişikliklər yaradacaq. Ancaq dövlətlər və təşkilatlar bu sürətli inkişafa hazırlıqlı olmalıdırlar. Süni intellekt mənim tədqiqatlarımda böyük rol oynayır. ChatGPT-dən həm gündəlik işlərdə, həm də elmi tədqiqatlarda istifadə edirəm. Məsələn, bir layihəni hazırlayarkən çox vaxt sərf edirdim, amma ChatGPT ilə bu proses çox sürətlənir. Hətta bəzi tədqiqatlarda mənə yeni ideyalar verir ki, bu, çox faydalıdır. Süni intellekt elmi inqilab yaradır və mən düşünürəm ki, bu, gələcəkdə daha da təsirli olacaq.

Bəziləri düşünür ki,süni intellekt gələcəkdə insan zəkasını tamamilə əvəz edə bilər. Məsələn, həkimlər, mühəndislər, proqramçılar və digər peşələrdə çalışanlar işsiz qala bilərlər. Sizcə, bu, həqiqətən də realdır, yoxsa yalnız elmi-fantastik filmlərin mövzusudur?

Bu, çox vacib bir sualdır və dövlətlərin, təşkilatların ciddi şəkildə üzərində dayanmalı olduğu bir mövzudur. Süni intellekt fırtına kimi gəlir və onun həm müsbət, həm də mənfi tərəfləri var. Məsələn, bəzi peşələr – təkcə sənət sahəsində deyil, həm də mühəndislik, proqramlaşdırma və hətta tibb sahəsində – süni intellekt tərəfindən əvəz edilə bilər. Amma bu qaçılmaz bir prosesdir və bunu dayandırmaq mümkün deyil. Biz bu texnologiyanı necə ən yaxşı şəkildə istifadə edə bilərik, buna fokuslanmalıyıq.

İnsanlar artıq tarlalarda işləmirlər, onların əl əməyini maşınlar əvəz edib. Amma insanlar yeni işlər tapıb fərqli sahələrdə çalışıblar. Gələcəkdə süni intellektlə insanlar daha az işləyib, ailələrinə və hobbilərinə daha çox vaxt ayıra biləcəklər. Əsas məsələ, bu keçid prosesini düzgün idarə etməkdir. Bunun üçün dövlətlər, cəmiyyətlər və təhsil sistemləri süni intellektə uyğunlaşmalı və insanları buna hazırlamalıdır.

İnsanların süni intellektdən qorxması əvəzinə, onu öz işlərini yaxşılaşdırmaq üçün istifadə etməsi lazımdır. Məsələn, həkimlər süni intellektdən diaqnoz qoymaqda, tibbi araşdırmalar aparmaqda istifadə edə bilərlər. Mən hər zaman deyirəm ki, gələcəkdə bütün həkimlər süni intellektlə işləməli olacaqlar. Çünki istifadə etməyənlər rəqabətə davam gətirə bilməyəcək.

Təbii ki, bəzi insanlar işsiz qala bilər, bu reallıqdır. Amma tarix boyu texnologiyanın inkişafı ilə yeni sahələr yaranıb. İndiki dövrdə də insanlar daha az işləyərək, daha çox yaradıcılıqla məşğul ola bilərlər. Süni intellekt həm də maliyyətləri azaldır və məhsuldarlığı artırır, bu da ümumi rifahın artmasına səbəb olacaq. Əgər düzgün idarə olunarsa, bu texnologiya cəmiyyətlərə böyük fayda verə bilər. Amma hazırlaşmaq üçün çox az vaxt qalıb – bu proses artıq başladı və yaxın 5-10 ildə təsirləri daha da görünəcək.

Süni intellektin inkişaf sürəti çox təəccüblüdür. Sizcə, o, insan beyninin tam potensialını keçəcəkmi?

Bu çox maraqlı bir sualdır. Hazırkı vəziyyətdə süni intellekt artıq insan beyninə çox yaxınlaşır. Böyük dil modelləri (məsələn, ChatGPT) vasitəsilə süni intellekt yalnız məlumatı emal etməklə kifayətlənmir, həm də yaradıcılıq nümayiş etdirir. Bu, bizim beynimizin necə işlədiyini anlamamız üçün də böyük bir fürsətdir. Süni intellektin beyin kimi işləməsi tam mümkün olmasa da, onun müəyyən funksiyalarda daha yaxşı performans göstərə biləcəyini artıq görürük.

Biz buna "ümumi süni intellekt" deyirik. Əgər bu mərhələyə tam çatsa, süni intellekt insanın edə biləcəyi hər şeyi edə biləcək. Amma burada diqqətli olmaq lazımdır. Süni intellektin yaradıcılığı, qərar qəbuletmə qabiliyyəti və etik çərçivələri necə qurulmalıdır? Bu, gələcəyin ən mühüm mövzularından biridir.

Dərya bəy, süni intellektlə bəşəriyyətin ən böyük problemlərini həll etmək mümkündürmü?

Əlbəttə, süni intellekt vasitəsilə həll edilə bilməyəcək problem demək olar ki, yoxdur. Tibbdə müalicəsi çətin olan xəstəliklər, məsələn, xərçəng və ya Alzheimer xəstəliyi, süni intellektin köməyi ilə daha yaxşı anlaşılacaq və müalicə ediləcək. Hətta yaşlanmanın qarşısını almaq üçün də süni intellektdən istifadə edəcəyik. Sosial problemlərdən tutmuş ekoloji problemlərə qədər hər şeydə süni intellektdən faydalanmaq mümkündür.

Bu texnologiyanın ən böyük üstünlüyü məlumatları çox sürətli emal etməsidir. Süni intellekt bizə həm elmi, həm də sosial sahələrdə inanılmaz bir irəliləyiş təmin edə bilər. Amma bu prosesin düzgün idarə olunması və etik qaydalarla tənzimlənməsi vacibdir.

Yaşlanmadan danışdınız, deyirlər ki, yaşlanmanı gecikdirmək, hətta geri çevirmək mümkündür?

Bu, artıq reallığa çevrilməkdədir. Süni intellekt və biotexnologiyanın birgə tətbiqi yaşlanmanı yavaşlatmaq və ya hətta geri çevirmək üçün yeni üsullar təqdim edir.

Yaşlanma bioloji bir prosesdir və uzun müddət ərzində dəyişməz bir şey kimi qəbul olunurdu. Amma son onilliklərdə bu prosesin bəzi aspektlərini başa düşməyə başlamışıq. Artıq yaşlanmanın səbəblərini anlamaq və onu yavaşlatmaq, hətta müəyyən dərəcədə geri çevirmək üçün ciddi araşdırmalar aparılır.

Süni intellekt bu sahədə inqilab yaradır. Məsələn, süni intellekt vasitəsilə yaşlanmanın səbəb olduğu hüceyrə zədələrini daha yaxşı təhlil etmək və bu zədələrin qarşısını almaq üçün daha effektiv üsullar hazırlamaq mümkündür. Süni intellekt bizə böyük miqdarda məlumatları analiz edərək yaşlanma prosesindəki əsas bioloji yolları anlamağa kömək edir. Bir çox mütəxəssis inanır ki, gələcəkdə yaşlanma tamamilə müalicə edilə bilən bir problemə çevriləcək. Bu, insanların daha uzun və sağlam ömür sürməsinə imkan verəcək. Amma bununla bağlı hələ də etik və sosial problemlər mövcuddur. Məsələn, əgər yaşlanmanı dayandırmaq mümkün olsa, bu, cəmiyyətlərdə ciddi sosial və iqtisadi dəyişikliklərə səbəb ola bilər.

Hazırda yaşlanma ilə bağlı ən maraqlı tədqiqat sahələrindən biri "hüceyrə gəncləşdirilməsi" texnologiyalarıdır. Bu texnologiyalar vasitəsilə qocalmış hüceyrələr yenidən gənc hüceyrələrə çevrilə bilər. Süni intellekt bu texnologiyaların inkişafında mühüm rol oynayır. Hüceyrələrin yenilənməsi, genetik modifikasiyalar və fərdi tibbi yanaşmalar bu sahədə böyük irəliləyişlərə səbəb olacaq.

Ümid edirəm ki, yaxın gələcəkdə bu texnologiyalar hər kəsin həyat keyfiyyətini artıracaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR