Onlayn ictimai-siyasi qəzet
“Rəsmi din xadimi dövlət qeydiyyatı olmadan kəbin oxumur”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, ilahiyyatçı Samid Quliyev bildirib.
O deyib ki, erkən nikahlarla bağlı mövzu uzun zamandır ki, müzakirə mövzusuna çevrilib:
““Yeniyetmə nikahı” olaraq adlanan nikahlar, əksər hallarda, valideynlərin təkidi və ya qohumların, dostların, bir sözlə, sosial çevrənin rolu ilə gerçəkləşir. Bütün bunlara baxmayaraq, cəmiyyətdə erkən nikah problemini yaradan amillərdən biri kimi din xadimləri göstərilir. Halbuki məlum mövzu ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının 23 noyabr 2002-ci il tarixli fətvası var və həmin fətvada şəri baxımdan qəti hökmlər müəyyən olunub. Bu fətvaya əsasən, dini nikah mərasimi rəsmi dövlət qeydiyyatı idarələrində rəsmən qeydiyyat aparıldıqdan sonra icra edilə bilər. Bu o deməkdir ki, QMİ-nin rəsmi din xadimləri tərəfindən yalnız dövlət tərəfindən qeydə alınmış nikah üçün dini nikah oxuna bilər”.
QMİ rəsmisi onu da əlavə edib ki, göstərilən fətvada, həmçinin ölkəmizin ictimai mühiti və iqlim şəraiti nəzərə alınaraq Azərbaycanda evlənmək üçün yaş həddi həm oğlanlar, həm də qızlar üçün 18 (müstəsna hallarda 17) yaş göstərilir:
“Bu da dövlətimizin qanunlarına müvafiqdir. Ailə quran insanların hüquqlarının təminatını dövlət öz üzərinə götürdüyünə görə din xadimləri yalnız mənəvi cəhətdən xeyir-dua verirlər. Rəsmi din xadimi dövlət qeydiyyatı olmadan kəbin oxumur. Əgər belə hallar müşahidə olunursa, bu, qeyri-rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən həyata keçirilir. Belə hallar qanuna ziddir və bu cür şəxslər məsuliyyət daşıyırlar”.
Qeyd edək ki, Azərbaycanda 8-ci sinif şagirdinin ərə verilməsi ilə bağlı xəbərlər yayılıb. Hadisənin Kürdəmir rayonu Muradxan kəndinin Gəncəli məhəlləsində baş verdiyi bildirilib. Hər iki tərəfin bu evliliyi razılıqla qarşıladığı qeyd olunub. Kürdəmir rayon sakinləri adıçəkilən kənddə belə hadisələrin tez-tez baş verdiyini, azyaşlı qızların evləndirildiyini bildiriblər: “Burada 8-9-cu sinif şagirdi olan qızların nişanlanması adi hal alıb”.
Afaq Mirayiq,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ