İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qızınmadıq istisinə, kor olduq tüstüsünə” - süni intellekt təhdidi

Ekspert: “Süni intellektlə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir, yoxsa...”

Azərbaycanda qəbul olunmuş dövlət proqramlarında, iqtisadi və sosial həyatın bütün sahələrində informasiya texnologiyalarının tətbiqi genişlənməkdədir. İnformasiya texnologiyalarının tətbiqi həm də yeni iş yerlərinin yaranması ilə müşayiət olunur. Bu da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Süni intellekt dövrünə hazırlıq üçün Azərbaycan hökuməti də zaman-zaman müvafiq tədbirlər həyata keçirir. Amma belə görünür ki, süni intellektdən də sui-istifadə halları artmaqdadır. 

Məlumdur ki, son günlər Prezident İlham Əliyevin  və ailəsinin adından da belə bir proqramla yalan məlumat yayılıb. Prezident də Şuşadakı çıxışında bu barədə danışıb. Dövlət başçısı qeyd edib ki, süni intellekt hazırda tamamilə yeni müstəviyə çıxmaqdadır və təəssüf ki, böyük sayda insan buna inanır. 

“Sən bunun öhdəsindən necə gəlməlisən? Cavab çox çətindir. Çünki kimsə etirazı, təkzibi oxuyacaq, ya oxumayacaq, yaxud da çox gec olacaq. Bu feyki dərhal tapmaq çox çətin olur. Sən bir müddət sonra onu aşkarlayırsan. Həmin müddət ərzində insanlar artıq buna inanır. Bu, müəyyən mənada çox kəskin mahiyyət daşımır. Kimsə bunun üzərindən pul qazanmaq istəyir və mənim adımdan süni intellektdən istifadə edərək elanlar dərc olunur ki, məsələn, buraya pul yatırın, oraya pul yatırın. Lakin bu yolla getsələr fərqli elanlar olacaq: mənim adımdan bəlkə də müharibə elan edərlər və kimsə buna inana bilər və hansısa digər müəyyən tədbirlər həyata keçirə bilər” , - İlham Əliyev vurğulayıb. 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də sözügedən tədbirdəki çıxışında  deyib ki,  süni intellektin inkişafı, informasiyanın sosial şəbəkələrdə yayılması zamanı onun imkanlarının tətbiqi ola bilər ki, gələcəkdə, biz bunu artıq bu gün də müşahidə edirik, nizamlanmayan nəticələrə gətirib çıxarsın. H.Hacıyev əlavə edib ki, tərəflər sosial şəbəkələrdə tənzimləmə mexanizminin tətbiqində müsbət nəticə əldə edə bilməsələr, beynəlxalq səviyyədə süni intellektlə bağlı hansısa mexanizmi birgə tətbiq edə bilərlər. “Bəlkə də süni intellektlə bağlı qanunvericilik, tənzimləyici və ya konvensiya bazasının işlənib hazırlanması barədə düşünməyin vaxtı çatıb”, - prezidentin köməkçisi vurğulayıb. H.Hacıyevin sözlərinə görə, bu məsələdə özəl təşəbbüslər var, lakin beynəlxalq səviyyədə bu məsələ ilə bağlı ciddi müzakirələr aparılmır. 

Elvin Abbasov: “Kibertəhlükəsizliklə bağlı məsələyə kompleks yanaşma  olmalıdır” | 1news.az | Xəbərlər

Elvin Abbasov

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri ekspert Elvin Abbasov “Yeni Müsavat”a mövzu ilə bağlı deyib ki, süni intellektlə insanları müxtəlif kampaniyalara cəlb etmək, onları qaralamaq üçün aparılan işlər yeni deyil: “Bu, bir neçə ildir ki var. Təqribən səkkiz il əvvəl başlayan bir tendensiya idi ki, o zaman daha çox film sektorunda özünü göstərdi. İlk olaraq filmdə baş rol oynayan aktyorun ölməsi ilə başlamışdı. Daha sonra pornoqrafıq sektorda məşhur insanların pornoqrafiq filmləri çəkilərək davam etdirildi. Son illərdə isə siyasətçilərin adından müxtəlif formada istifadə olunur. Süni intellektin bu cür mənfi tərəfləri var ki, saxtakarlıqda çox geniş istifadə olunur. Xüsusilə də siyasətçilər, dövlət rəhbərləri adından saxta videolar çəkilərək insanları müxtəlif kampaniyalara cəlb edirlər. Süni intellekt həmçinin kiberdələduzluqda da çox geniş istifadə olunur. Süni intellekt artıq bütün dünyada inkişaf edən tendensiyaya çevrilib. Həm özəl, həm də dövlət qurumları öz xidmətlərini rəqəmsallaşdırır və süni intellekt də bu rəqəmsallaşmaya inteqrasiya edir. Bunun üçün hər bir ölkə həm süni intellektin təhlükələrinə qarşı qabaqcıl tədbirlər görməyə, həm də faydalarından yararlanmağa çalışır. Təəssüf ki, saxtakarların istifadə etdiyi, hətta dövlət rəhbərlərinin, siyasətçilərin adından paylaşılan videoların da real, yoxsa saxta olması anlaşılmır. Yayılan platformalarda bu videoların yalan, yoxsa real olması bilinmir, həmin sosial şəbəkələr bunu texnoloji olaraq aşkarlaya, sübut edə bilmir. Bu nə vaxt aşkarlanır? Aidiyyəti qurumlar bu videonun saxta olması ilə bağlı  həmin sosial şəbəkələrə reaksiya verdikdə, o zaman müdaxilə olunur. O səbəbdən dünyada saxta videoları araşdırmaq üçün müxtəlif standartlar yaradılmağa, qanunvericiliklər tətbiq etməyə çalışırlar. Hər bir halda Azərbaycan da bu cür kampaniyalara məruz qalır. Dövlət başçısı adından da saxta videolar yayıldı, müxtəlif kampaniyalara cəlb etməyə çalışdılar. Artıq Azərbaycanda da qanunvericilikdə süni intellektin müxtəlif layihələrə tətbiq olunması, həm də iş mexanizminin təşkili ilə bağlı dəyişikliyə ehtiyac var. İnanıram ki, yaxın vaxtda bu istiqamətdə müvafiq addımlar atılacaq”. 

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz isə diqqəti dövlət və özəl qurumlarımızın süni intellektdən istifadə edib-etməməsinə yönəldib: “Azərbaycanda dövlət və biznes sektorunda süni intellektdən istifadə ilə bağlı vəziyyəti müəyyən etmək üçün qısa bir araşdırma apardım. Vəziyyət təxminən belədir: hələlik süni intellekt sahəsinə real investisiya yatıran, real iş görməyə başlayan dövlət qurumu Dövlət İmtahan Mərkəzidir. DİM bununla bağlı tender elan edib. Tenderin qalibi də məlumdur, müqavilələr imzalanıb. Bu, yerli "Robotronics" şirkətidir. Qurum bu işdə ETN İdarəetmə Problemləri İnstitutu (keçmiş Kibernetika) ilə əməkdaşlıq edir.

DİM vətəndaş müraciətlərini süni intellekt texnologiyası əsasında cavablandıran sistem - robot operator hazırlayır. Ən yaxın zamanda test rejimində işə başlaması gözlənilir. 

Süni intellektin tətbiqi sahəsində ciddi açıqlamalar verən dövlət qurumlarından biri də “ASAN-Xidmət”dir. Qurum rəhbərliyi bir neçə dəfə həm xarici partnyorlarla, həm də yerli süni intellekt həlləri hazırlayan komanda ilə işbirliyi quraraq 108 Çağrı Mərkəzində süni intellekt həllərinin tətbiqinə start verildiyini açıqlayıb. 

Mahiyyəti ondan ibarətdir ki, vətəndaşların yazılı olaraq deyil, şifahi formada, səslə müraciətləri süni intellekt texnologiyası əsasında cavablandırılacaq. Yəni burada da söhbət robot operatorun - ASAN Bot-un yaradılmasından gedir. Bildiyim qədər ASAN da əvvəldə qeyd etdiyim şirkətlə əməkdaşlıq etməyi nəzərdə tutub, lakin rəsmi açıqlama olmayıb. Hələlik adıçəkilən sistem ortada yoxdur, hansısa müqavilələrin bağlanması haqqında da məlumatlar yoxdur. 

İRİA-nın yeni rəhbərliyi 2022-ci ilin sonunda məhkəmə sistemində süni intellekt tətbiqinə başlayacaqlarını açıqlamışdı. Lakin sonradan bu söhbət yığışdırıldı. 

Bildiyim qədər hazırda Ali Məhkəmə süni intellekt platformasında çalışan sistemi testdən keçirir. Bununla bağlı açıqlama da verilmişdi. Sistemin mahiyyəti ondan ibarədir ki, vətəndaşlar məhkəməyə müraciət etməzdən əvvəl oxşar məhkəmə işləri ilə bağlı formalaşmış məhkəmə təcrübəsinin təhlili, mübahisəyə dair məhkəmələrin hüquqi mövqeyinin öyrənilməsi və həmin mübahisənin məhkəmə perspektivi haqqında anında məlumat əldə edəcək

Azercell (Aicell) və ABB də vətəndaş müraciətlərini cavablandırmaq üçün süni intellekt həllərinin hazırlandığını rəsmi olaraq açıqlayıblar. A2Z şirkəti tərəfindən də bəzi qurumların fəaliyyətinin effektiv qurulması üçün müəyyən süni intellekt həllərinin hazırlanması haqqında məlumatlar verilib. 

“Azərkosmos” və SOCAR, DGK və AzİnTelecom (SİMA) da süni intellekt həllərindən istifadə etdiklərini açıqlayıblar. 

RİNN və Mərkəzi Bank da süni intellekt sahəsində hansısa birgə layihələr icra etdiklərini, data və süni intellekt ekosistemin inkişafında dəstək verəcəklərini açıqlayıblar. Lakin real olaraq bu istiqamətdə hələlik ciddi işlər ortada görünmür. 

ADA, AzTU, BANM və ADNSU, ETN-in İdarəetmə Problemləri və İnformasiya Texnologiyaları İnstitutları da süni intellekt və data sektorunda tədqiqatlar və kadr hazırlığı istiqamətində müəyyən layihələr icra etdiklərini açıqlayıblar. 

Xatırladım ki, Azərbaycanda süni intellekt texnologiyasının inkişaf etdirilməsi ilə dövlət sektorunda iki qurum, İqtisadiyyat Nazirliyi yanında 4SİM qurumu, RİNN yanında Azərbaycan Süni İntellekt Laboratoriyası fəaliyyət göstərir. Hər iki qurum data və süni intellekt sahəsində strategiyanın hazırlanacağını bildirsə də hələlik belə layihələr ortada yoxdur. Beləliklə, görünən odur ki, ölkəmizdə bu sahənin inkişafı istiqamətində müəyyən addımlar atılsa da hələlik real nəticələr barmaqla sayıla bilər. Dünya trendlərinə baxanda görmək olar ki, onlar milli strategiyalarında artıq İKT-dən gələn gəlirlərdən deyil, məhz süni intellektdən əldə olunan gəlirdən və üstünlüklərdən danışırlar. Düşünürəm ki, səlahiyyətli qurumlarımız bu sahəyə diqqəti artırmalıdır. Bu sahədə işlər çox ləng gedir. Maraqlı tərəflərin səylərini bir yerə cəmləşdrimək, prioritetləri müəyyənləşdirmək lazımdır. Milli Korpus hazırlanmalıdır. Dövlətin əlində toplanan nəhəng datadan effektiv istifadə məsələləri gündəmə gətirilməlidir. Bura investisiyalar yatırılmalıdır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR