İnsanlara hürriyət, millətlərə istiqlal!

Qınayanları qınayanların qınanılması

Bu, elə bir durumdur ki, onu ifadə etmək üçün leksikonda yeni sözlər olmalıdır. Biz dil işində çox mühafizəkar olduğumuzdan və yeni sözləri (Avropa terminləri xaric) qəbul etməyə qarşı çıxdığımızdan bu çətin işdir.

Amma “eyzən bir-birini qınama” halını yek kəlmə ilə necə ifadə edək? Bu, yalnız QINAŞMA ola bilər.

Təsəvvür edin, səhər açılandan axşama qədər hiperçayxanaya dönmüş sosial şəbəkələrdə hamı bir-birini qınayır. Hamımızın ən yaxşı bacardığı iş budur. İstisnasız olaraq. (Bax, fikir verirsinizsə, bu yazıda da kütləvi qınaşma epidemiyasının özünü qınamaq elementləri də var).

Olur ki, bir tanınmış aktyor, aktrisa, müğənni, məmur rəhmətə gedir, beşi onun barəsəində yaxşı şey yazır, amma beşi də nəsə qınayıcı bir söz deyir. Belə olanda dərhal qınayıcı söz deyəni qınayırlar. Sonra bir qrup adam çıxır, mərhum haqqında yaxşı söz deməyən adamı qınayanları qınayırlar ki, bu da onun fikridir, heç kəsi idealizə etmək, şişirtmək olmaz. Ardınca yaxşı söz deyənləri yaltaqlıqda qınayanlar gəlir. Daha sonra ortaya “gəlin heç kəsi qınamayaq” deyənləri qınayanlar girir (“nə Dədə Qorqudluq edirsiniz?”-zad). Bu bitməmiş onları qınayanları da qınayırlar, bəzən hətta qınaya-qınaya divara qısnayırlar. Tərəflər qınına çəkilənə qədər qınaşma davam edir.

O vaxt Ağadadaşla Nurəddinin arasında balta söhbəti olanda çox adam əvvəlcə müğənnini qınadı. Çünki ilk informasiya beləydi ki, müğənni mühafizəçini baltalayıb. Yəni öldürüb, balalarını yetim qoyub. Saytların hamısında xəbərin feili “baltaladı” idi. Sonra aydın oldu ki, xəbər bir az şişirdilib, müğənni adamı baltayla şaqqalamayıb, eləcə, ona tərəf balta tolazlayıb. Belə olanda qınaqçılar dəstəsini qınaq predmeti haçalandı, bəziləri yalan informasiya yayan “Medera” klinikasını qınadı, bəziləri də bu başlıqla xəbər yayan saytları qınağa məruz qoydu. Daha sonra videolar yayıldı, aydın oldu ki, mühafizəçi ağsaqqal müğənnini ippon fəndi ilə yerə yıxıb. Bu yerdə artıq “baltalanmış məhrum”u da qınamaq lazım gəldi. Ardınca bir xeyli adam həkimləri qınadı ki, pasiyentə vaxtında tibbi xidmət göstərməyiblər. Bir az keçdi, müğənni ilə mühafizəçinin davasını seyr edən tamaşaçılar da qınandılar ki, nədən harayçılıq etməyiblər. Sonra hüquq-mühafizə orqanları qınaq yiyəsi oldular ki, niyə bu işə görə tutqu yoxdur. Budur, xəbər çıxıb ki, tərəflər barışıb. İndi baxıram ki, onları barışdıqlarına görə qınayanlar da var.

Bəzi hadisələrdə qınaq payının mühüm bir hissəsi bizim üzərimizə düşür adətən. Bir mövzuda çox yazanda birinci bizi qınayırlar ki, ölkədə başqa mövzu yoxdurmu. Yazmayanda da qınayırlar ki, bu boyda hadisə baş verib, amma iki cümlə yazıb, işinizi bitirmisiz.

Yadımdadır, beş-altı il qabaq ləğv edilmiş MTN-in, adı dəyişdirilmiş Rabitə Naziriyinin və adı saxlanmış, amma rəhbəri saxlanmamış Mədəniyyət Nazirliyinin yüksək vəzifəli kadrlarının korrupsiya əməlləri ifşa olunanda bir xeyli oxucu bizə qınaq dolu mesaj yazırdılar ki, özünüzə iş tapmısız, camaatın pulunu sayırsınız. Düzdür, o pulları tapan tapır, sayan sayırdı, biz eləcə informasiya verirdik, amma qınaqçıların onlarla işi yox idi, bizi qınayırdılar. Sanki media yazmasa, onları məhkəmə zalından sərbəst buraxacaqdılar.

Aradan bir müddət keçdi, vəzifəli adamların korrupsiyada ittiham olunması, şəhərdə 47 daşınmaz əmlakın, lüks avtomobillər qarajımım aşkar edilməsi halları sıfırlandı, bu dəfə də başqa qınaqçılar briqadası peyda oldu, yazdılar ki, yazın də, ölkənin büdcəsini talayanlardan yazın, ifşa edin.

Biz niyə beləyik, deyim. Biz hamımız həmişə haqlıyıq. Hamımız dürüst, əxlaqlı, vicdanlıyıq, o birilər pisdir, ona görə də bizim onları qınamaq haqqımız var. Tərs kimi, onlar da özlərini dürüst, əxlaqlı, vicdanlı və bu birilərini qınamağa özlərini haqlı sayırlar. Amma bu, nisbi məsələdir. Hətta burada qeyri-səlis məntiq elementi də var. Məsələn, Dubay otellərində saç ağartmış bir qadın gəlib kimisə əxlaqsızlıqda suçlayır, bütün normaların içinə zibil qoyur.

Dünən rastıma çıxdı, onlarla adam həzrəti İsanın “birinci daşı günahsız atsın” pritçasından misal gətirir, qınaqçıları qınayırdılar. Amma, əzizlər, məncə ,bizə yanlış məlumat veriblər, İsa elə söz deyəndə heç kəs daşı əlindən yerə atıb-eləməyib, tutuzdurublar gedib. Əzabkeşin öz başına gələnlər də bunu sübut edir. Xalq oğru Varavvanın əfvini istəyib, İsanın edamını. Onlar yerə daş otan qırışmal olsaydılar, elə edərdilərmi...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR