Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-ın suallarını cavablandırıb.
Musavat.com müsahibəni təqdim edir.
- Agentliyin elan etdiyi son qrant müsabiqələrində iştirak üçün rekord sayda – 800-ə yaxın QHT-dən müraciət daxil olması barədə məlumat yayılıb. Son 15 ildə milli donora bir elan çərçivəsində bu sayda müraciət ilk dəfədir. Nə baş verib?
- Bu, QHT sektorunda başladılan genişmiqyaslı islahatların ilk ölçüləbilən nəticəsi hesab oluna bilər. Yeni yanaşmalar və Nazirlər Kabinetinin müsabiqənin aparılması ilə əlaqədar ötən il qəbul etdiyi yeni qaydalar bunun əsas səbəbidir. Agentliyin 2024-cü il üzrə elan etdiyi kiçik, orta və böyük qrant müsabiqələrində iştirak üçün ümumilikdə 779 təşkilatdan müraciət daxil olub. Agentliyə ilk dəfə qrant almaq üçün müraciət edən QHT-lərin sayı 119-dur. Biz bu rekord göstəriciləri cəmiyyətdə işimizə yaranan inam və etibar kimi qəbul edirik.
İlk dəfə bütün proses tam elektronlaşdırılıb, bütün layihələr “bir pəncərə”dən qəbul edilib, vahid proses kimi idarə olunub. İlk dəfə müsabiqə mövzuları 5 əsas istiqamət üzrə verilib, sonuncu istiqamət tam sərbəst saxlanılıb ki, QHT-lər cəmiyyətin içərisindən gələn digər mövzuları da rahatlıqla ortaya qoya bilsin, hər mövzu üzrə kiçik, orta və böyük qrantları seçmək də sərbəst olub. QHT-lər əvvəlki dövrdə heç vaxt belə geniş seçim imkanlarına malik olmayıb.
- Agentliyin illik qrant büdcəsi nə qədərdir?
- Əgər 779 təşkilatın hər biri istədiyi büdcələr üzrə maliyyələşdirilərsə, bu, 16 milyon manatdan çox vəsait deməkdir. Yəni, tələb Agentliyin illik qrant büdcəsindən təxminən 4 dəfə çoxdur. Təbii ki, hər bir layihə müraciəti mütləq maliyyələşdiriləcəyi anlamına gəlmir. Donordan tələb olunan məbləğin də tam olaraq verilməsi öhdəliyi yoxdur. Qaydalarda əksini tapmış meyarlar üzrə hər bir QHT-nin layihə müraciəti ciddi araşdırılır, yoxlanılır və məbləğ müəyyən edilir. Dünyada bu praktika heç kim üçün təəccüblü deyil. Bunun üçün bir neçə mərhələli prosedurlar var.
- Prosedurlar dedikdə?
- Əvvəla, elektron sistemdə layihəsini yükləmək istəyən 779 təşkilatın 42-sinin sənədlərində elektron qeydiyyat üçün uyğunsuzluqlar olduğundan onlar sistemdə pəncərə açmaq, qeydiyyatdan keçib layihə yükləmək şansına malik olmayıb, müsabiqədə iştirak hüququnu itirib. Onların içərisində bizi təəccübləndirən müraciətlər də olub, bəziləri ümumiyyətlə, QHT olmayıb. Beləliklə, texniki seleksiya mərhələsinə 737 QHT buraxılıb. Sevindirici haldır ki, ötən ilin payızında QHT-lərlə keçirilmiş infosessiyalar və aparılan təbliğat nəticəsində “1 QHT-1 layihə” prinsipinin tətbiqinə demək olar ki, nail olunub. Bu dəfə hər bir QHT haqlı olaraq əsas diqqəti özünü daha güclü bildiyi bir layihə üzərində cəmləşdirib. Sağlam rəqabət üçün vacib şərtlərdən biri də bu idi. Beləliklə, texniki ekspertizaya 737 QHT-nin 754 layihəsi təqdim olunub.
- Yəqin ki, əksər QHT-lər böyük qrant müsabiqəsinə maraq göstərib. Çünki orada qrant məbləği 50 min manata qədərdir. Bölgü necə olub?
- Xeyr. 754 layihə içərisində üstünlük kiçik qrant müsabiqəsi üzrə olub - 532 layihə. Orta qrant müsabiqəsində 147, böyük qrant müsabiqəsi üzrə isə cəmi 75 layihə olub. Böyük qrant müsabiqəsinə müraciətin az olmasının səbəbləri düşündürücüdür. Təəssüf ki, uzun illər bir sıra QHT-lərin qrantlara yanaşması, az qala “mükafat” kimi olub, ona görə də onların komanda işi qurmaq, uğurlu ideya tapmaq, onu uğurlu layihəyə çevirmək, media ilə işləmək vərdişləri yetərli səviyyədə inkişaf etməyib. 50 min manata iddia edən QHT-nin fəaliyyəti barəsində son beş il ərzində ən azı media subyektlərində 20 müxtəlif informasiyaya rast gəlinməlidir. Təəssüf ki, belə QHT-lərin sayı təsəvvür olunan qədər çox deyil. Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir, onların ictimai birlik kimi fəaliyyəti görünmür. Bundan başqa, orta və böyük qrant müsabiqələri üzrə layihələrdə “məntiqi çərçivə” sənədinin də olması əsas tələblərdən biridir. Bu sənəd layihənin “yol xəritəsi”dir, gediləcək yolu, riskləri, tədbirlərin ardıcıllığını, əlaqəsini, sxemini göstərir. Kiçik qrant müsabiqəsi üzrə isə qeyd olunan tələblər hələ ki, yoxdur.
- Layihələrin ekspertizası neçə mərhələdə aparılıb?
- Üç mərhələdə - I mərhələ layihələrin texniki ekspertizası, II mərhələ layihələrin cəlb olunmuş müstəqil ekspert qrupu tərəfindən ekspertizası, III mərhələ isə layihələrin qiymətləndirilməsi və aidiyyəti qərarların qəbul edilməsidir.
- Bütün layihələr texniki ekspertizanı keçə bilib?
- Xeyr. Texniki seleksiya nəticəsində 102 QHT-nin sənədlərində Nazirlər Kabinetinin müəyyən etdiyi minimal tələblərin ödənməməsi halı aşkarlanıb. Beləliklə, müstəqil ekspertlərin baxışına 652 layihə çıxarılıb.
- Müstəqil ekspertlər kimlər olub və layihələrlə bağlı hansı nəticəyə gəliblər?
- Müstəqil ekspertlərin kimliyini açıqlaya bilmərəm, ancaq onu deyə bilərəm ki, onlar sırf peşəkarlardan ibarət olub. Layihələrin qiymətləndirilməsi Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlar əsasında müvafiq ballar üzrə aparılıb. Müstəqil ekspertlər özləri də layihələrin hansı QHT-lərə məxsus olduğunu bilməyib, yalnız verilmiş mətni qiymətləndirib. Hər bir layihə 3 müstəqil ekspert tərəfindən Nazirlər Kabinetinin müvafiq qaydalarında əks olunan 10 meyar üzrə qiymətləndirilib. Ümumiləşdirsək, burada 3 aspekt həlledici olub: layihənin tələb olunan maliyyəyə uyğunluğu, layihənin ümumi strukturunun (hədəf auditoriyasının düzgün müəyyən edilməsi, yazılış tərzi) peşəkarlığı və layihənin mövzusunun aktuallığı. Məsələn, ola bilər ki, layihənin maliyyə əsaslandırması və ümumi strukturu yaxşıdır, amma mövzusu aktuallığını çoxdan itirib. Müstəqil ekspertlər bütün bu məqamları nəzərə alaraq layihələri qiymətləndirib. Proses bütün kənar müdaxilələrdən azad, tam şəffaf aparılıb.
Təəssüflə qeyd etməliyəm ki, II mərhələdən keçən layihələrdə də III mərhələdə digər problemlər aşkarlanıb. Plagiatlar, müxtəlif QHT-lər tərəfindən eyni məzmunlu layihələrin təqdim olunması, yaxud eyni şəxslərin müxtəlif QHT-lər adından çıxış etməsi, həmçinin şəbəkələşmə, sövdələşmə elementləri bu problemlər sırasındadır. Təbii ki, bu mənzərə nəticədir. Amma səbəblər daha dərindir.
- Nəticələrin fevralın sonunda açıqlanacağı bildirilmişdi, hələ də cavablar yoxdur?
- Tamamilə haqlısınız. Yuxarıda sadaladığım neqativ halların hərtərəfli araşdırılması, müxtəlif qurumlara sorğuların göndərilməsi, onların cavablarını gözləmək müəyyən qədər yubanmaya səbəb oldu. Bəzi QHT-lərin digər dövlət qurumları qarşısında debitor borcları üzə çıxdı. Ancaq proses yekunlaşıb. Bu gün 2024-cü il üzrə qrant müsabiqələrinin nəticələri elan olunacaq.
- Plagiat layihə təqdim edən və digər neqativ halları olan QHT-lər hansılardır?
- QHT-lərə Dövlət Dəstəyi Agentliyi olaraq yalnız qalib QHT-lərin adlarını açıqlamağı üstün tuturuq. Layihəsi keçməyən hər bir QHT-yə elektron sistem üzərindən məktub göndəriləcək, orada layihədəki problemlər göstəriləcək. Əvvəlki vaxtlarda bu cavablar “məqsədəuyğun deyil” sözlərindən ibarət olurdu, indi isə hər bir QHT təqdim etdiyi layihənin niyə keçmədiyini biləcək. Gözləntimiz odur ki, növbəti müsabiqələrdə bu hallar təkrarlanmasın. Əks halda, şans yoxdur, çünki bütün məlumatlar elektron bazaya yüklənib. Bütün araşdırma qeydləri də sistemləşdirilib.
- Nəticədən narazı qalan olsa, nə etməlidir?
- Agentlikdə Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. QHT qrantın verilməsindən imtina barədə qərardan Agentliyin Apellyasiya Komissiyasına 10 gün müddətində müraciət edə bilər. Apellyasiya Komissiyasına müraciət e-poçt ünvanı - [email protected] vasitəsilə qəbul olunacaq. Komissiya müraciəti araşdırdıqdan sonra QHT ilə əlaqə saxlanılacaq. Bundan başqa, onu da bildirim ki, QHT müsabiqəyə təqdim etdiyi, lakin maliyyələşdirilməsinə dair imtina qərarı qəbul edilmiş layihəsini imtina səbəblərinə uyğun təkmilləşdirməklə növbəti müsabiqələrə təqdim edə bilər.
- Əgər Apellyasiya Komissiyasının qərarı ilə QHT razılaşmasa, nə olacaq?
- Belə olan halda, Agentlik keçməyən layihəni müstəqil ekspertlərin və Müşahidə Şurasının rəyi ilə birgə rəsmi saytına yerləşdirə, ictimaiyyətin müzakirəsinə çıxara bilər. Hamı görsün ki, problem nədədir və QHT nə istəyir. Ancaq biz QHT-nin nüfuzunun zədələnməməsi üçün bunu arzu etmirik.
- Agentliyə qarşı sosial mediada qarayaxma kampaniyası aparanlara cavabınız nədir?
- Elan edilən nəticələr ən yaxşı cavab olacaq. Agentliklə hədə, şantaj dili ilə danışmağın ümumi işə heç bir təsiri yoxdur, ola da bilməz. Bu məsələlərə aidiyyəti hüquq-mühafizə orqanları münasibət bildirə bilər.
- Ümumilikdə, müsabiqələrin nəticələrini necə qiymətləndirmək olar?
- Düşünürük ki, nəticə çox ümidvericidir. Bu, milli QHT sektorunun inkişafında yeni səhifə açır. Problemlərin düzgün diaqnostikası aparılmadan onların həlli mümkün olmur. Bundan sonrakı addımlarda bu müsabiqə nəticələri istinad nöqtəsi olacaq. Bir məqamı da xüsusilə vurğulamaq istərdim ki, Agentlik daha yalnız “qrant təşkilatı” kimi çıxış etmir. Qrantların verilməsi Agentliyin çoxsaylı işlərindən yalnız biridir. Agentliyin Nizamnaməsində göstərildiyi kimi, məqsədimiz ölkəmizin inkişaf prioritetlərinə uyğun olaraq, vətəndaş cəmiyyətinin inkişafını təşviq etmək və qalib Azərbaycanın inkişaf etmiş dövlətə çevrilməsi yolunda aparılan dövlət siyasətinə maksimum töhfə verilməsini təmin etməkdir. QHT sektorunda genişləndirilən islahatların da mahiyyətini bu əsas xətt təşkil edir. Qarşıdakı dövrdə mühüm işlərimizdən biri də QHT-lərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar ardıcıl təşəbbüslər olacaq. Bununla bağlı proses artıq başlayıb, müvafiq qurumlarla məsləhətləşmələr aparılır. Bu sahədə QHT-lərlə də ictimai müzakirələrimiz olacaq.
- Bundan sonrakı addımlarda bu müsabiqə nəticələrinin istinad nöqtəsi olacağını bildirdiniz. Maraqlıdır, ən çox problem nədə idi ki?
- QHT-lər tərəfindən layihələrin böyük əksəriyyətində əvvəlki illərdə olduğu kimi büdcə şişirtmələri edilmişdi. Artıq xərclər və tədbirlər var idi. Müsabiqələrə müraciət etmiş bəzi QHT-lər Agentlikdə sual doğurdu. Onların bəzilərinin rəhbərliyi tanışlıq üçün Agentliyə dəvət olunsa da, kommunikasiyadan qaçdıqları, söz verib gəlmədikləri, nə qədər təəccüblü də olsa, belə QHT tanımadıqları, telefonlarını söndürdükləri, e-maillərə cavab vermədikləri müşahidə olundu. Kağız üzərində sədrləri olsa da, “sahibi tapılmayan” bu cür QHT-lərə rast gəlinməsi təəssüf doğurur. Bundan başqa, sual doğuran bəzi QHT-lərin sədrləri ilə Agentlikdə görüşlər oldu. Onların içərisində ümumiyyətlə, rəhbəri olduğu QHT-nin adını bilməyənlər, müsabiqəyə təqdim olunan layihədən, nə iş görmək istədiklərindən tam xəbərsiz olanlar, yerinə başqa QHT sədrini göndərənlər də var idi. Möhürləri əldən-ələ gəzən bu cür QHT-lərin cəmiyyətə hansı faydası ola bilər?! Naqis üsullarla dövlət maliyyəsini mənimsəmək istəyənləri məyus etməli olacağıq. Bütün bu məqamlar nəzərə alınıb. Bundan başqa, sənədli filmlərin çəkilməsi ilə bağlı layihələr üstünlük təşkil edirdi. Sənədli filmlərə belə ötəri, səthi yanaşma qəbuledilməzdir, bu, ən ağır, çətin janrlardan biridir, bununla yalnız işin peşəkarları məşğul olmalıdır.
- Qalib olmayanlar Agentliyin səfər qrantına müraciət etmək hüququna malikdir?
- Qalib olanlar da, olmayanlar da il ərzində səfər qrantına müraciət edə bilər. Lakin burada nəzərə alınmalıdır ki, ölkə üçün ən vacib səfərlər mövcud imkanlar daxilində maliyyələşdiriləcək. Səfər qrantı üçün maksimum məbləğ 10 min manatdır.
- Qalib gələn QHT-lərin sualları olarsa, necə cavablandırılacaq?
- Bütün qalib gələn QHT-lər Novruz bayramı tətilindən sonra Agentliyə dəvət olunacaq. Əməkdaşlarımız cədvəl tutub, görüş günlərini təyin edəcək. Agentliyin rəhbər şəxsləri onlarla görüşəcək və QHT ilə müqavilə bağlanmamış bütün açıq suallar müzakirə olunacaq, cavablandırılacaq, gözləntilər diqqətə çatdırılacaq. Eyni zamanda, layihənin icrası ilə bağlı yeni normativ sənədlər QHT-lərə təqdim olunacaq. Hər bir layihə üzərində ciddi monitorinq aparılacaq.
- Növbəti qrant müsabiqəsi nə vaxt olacaq?
- Növbəti qrant müsabiqəsi bu yaxınlarda COP29-la əlaqədar elan olunacaq. Agentliyin feysbuk səhifəsini (https://www.facebook.com/ngoagency.gov.az) və saytını (ngoagency.gov.az) mütəmadi izləməyi tövsiyə edirik. Fürsətdən istifadə edərək, bir daha dövlət başçısına COP29-la əlaqədar Təşkilat Komitəsinin tərkibinə Agentliyin və ən fəal bir sıra QHT-lərin nümayəndələrinin daxil edilməsinə görə dərin minnətdarlığımızı bildiririk. Bu, QHT-lərə dövlət tərəfindən olan münasibəti, yüksək dəyər və etimadı aydın nümayiş etdirir. Əlimizdən gələni edəcəyik ki, müstəqillik tariximizdə ilk dəfə ev sahibliyi etdiyimiz ən böyük qlobal tədbirdə - COP29-da QHT-lərimiz fəal iştirak etsinlər. Bu, QHT-lərimizin dünyaya açılması, geniş əlaqələr qurması üçün unikal və böyük fürsətdir.
- Müsahibə üçün təşəkkür edirəm.
- Çox sağ olun. Sizin və bütün QHT təmsilçilərinin qarşıdan gələn Novruz bayramını təbrik edirik. Agentlik QHT-lərə daha keyfiyyətli xidmət göstərilməsi, onların ictimai faydalılığının stimullaşdırılması üçün bundan sonra da əzmlə çalışacaq.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ