İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzada həlak olanlara görə təzminat necə hesablanır? - “3 sığorta şirkəti var”

AZAL-a məxsus sərnişin təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat ödəniləcək.

“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilib.

Bununla yanaşı, bütün sərnişinlər qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan sığorta məsələləri üzrə ekspert İlkin Nəcəfov bildirib ki, icbari fərdi qəza sığortasına əsasən, həlak olan sərnişinlərin varislərinə 5 min manat icbari sığorta təzminatı verilir:

“Sərnişinlərin icbari fərdi qəza sığortası deyilən anlayış var. Qanunvericiliklə bu icbari qaydada təsbit olunub.

Aviadaşımalarda, quru daşımalarında, gəmi nəqliyyatında və ictimai nəqliyyatda da sərnişinlərin aldıqları biletin qiyməti 100 manatdırsa, məsələn, onun 1 manatı sığorta yığımlarıdır. Odur ki, icbari fərdi qəza sığortası əsasında, hər bir həlak olan üçün ödəniş veriləcək.

Hər bir həlak olan sərnişin üçün həmin şəxsin varislərinə, standart olaraq, 5 min manat kompensasiya veriləcək. Yaralananlar isə aldıqları xəsarətin miqyasına bu məbləğin müəyyən faizi qədərində təzminat alacaqlar”. 

Ekspert qeyd edib ki, hazırda Azərbaycanda bu sığortanı həyata keçirən 3 şirkət mövcuddur:

“Azərbaycanda bu sığortanı həyata keçirən cəmi 3 sığorta şirkəti var. Bunlar “İpək Yolu Sığorta”, “Paşa Sığorta” və “Qala Sığorta” şirkətləridir. Məhz bu 3 şirkətin bununla bağlı müvafiq lisenziyası var.

Qeyd etdiyim kimi, təkcə aviadaşımalarda deyil, digər nəqliyyat növlərində də icbari sığorta var. Daşıyıcı məcburi qaydada icbari sığorta etməlidir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR