Onlayn ictimai-siyasi qəzet
Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların azalması davam edir. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikadan aydın olur ki, bu ilin birinci rübündə ölkəyə birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1.5 milyard dollar, xaricə yatırılmış birbaşa xarici investisiyaların həcmi isə 289 milyon dollar təşkil edib.
Rüb ərzində ümumilikdə birbaşa xarici investisiyalar üzrə 0.7 milyard dollarlıq mənfi saldo yaranıb. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 77.5 faiz təşkil edib. 2023-ci ilin I rübü üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-935.7 milyon dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (1 milyard 163.9 milyon dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (2 milyard 99.6 milyon dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə, qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 54 faiz azalaraq 337.5 milyon dollar olub.
Müqayisə üçün bildirək ki, ötən ilin birinci rübündə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2.3 dəfə artaraq 1.8 milyard dollar təşkil etmişdi. Bu isə ötən illə müqayisədə qeyri-neft-qaz sektoruna xarici birbaşa investisiyaların ötən illə müqayisədə 5 dəfədən çox azalması deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 3 milyard 523,1 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,3 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 23,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 51,7 faiz artıb. Rüb ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 577,3 milyon manatını və ya 73,2 faizini daxili vəsaitlər təşkil edib. Bu məbləğin mühüm hissəsini işğaldan azad olunmuş ərazilərdəki tikinti-bərpa işlərinə sərf olunan vəsaitlər təşkil edir. Belə ki, rəsmi statistikaya əsasən əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 517,5 milyon manatı və ya 71,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Xatırladaq ki, 2022-ci ilin yanvar-mart aylarında əsas kapitala 2 milyard 440,7 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz az vəsait yönəldilmişdi. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28,0 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 10,1 faiz artmışdı. Ötən ilin ilk rübündə əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 676,7 milyon manatını və ya 68,7 faizini daxili vəsaitlər təşkil etmişdi. Bu il isə göstərici 73,2 faizə yüksəlib.
Müstəqil ekspertlərə görə, Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların azalması prosesinin qarşısını almaq üçün bir sıra mühüm addımlar atılmalıdır. Bu addımlar sırasında məhkəmə sisteminin müstəqilliyinin təmin olunması ön sırada gəlir. Belə ki, mülkiyyət hüquqlarının qorunması üçün ilk növbədə müstəqil məhkəmə hakimiyyətinin olması lazımdır.
Azərbaycanda isə icra hakimiyyətinin müxtəlif qollarının məhkəmələrə təzyiq imkanları var. Bu da ölkədə müstəqil sahibkarlığın inkişafına əngəl yaradan başlıca amildir.
Onu da bildirək ki, Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərə investorların cəlb olunması üçün bir sıra stimullaşdırıcı addımlar atıb. Belə ki, bu ilin yanvarından etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi təşviqləri verilib. Azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Habelə bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil ediləcək. Həmçinin işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib. Bu məqsədlə ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarının siyahısının ayrıca təsdiq edilməsi nəzərdə tutulub.
Bununla yanaşı, işğaldan azad olunmuş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarları və payçılarının dividend gəlirləri də 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilib. Azad olunan ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar kommunal ödənişlərdə də güzəştlər tətbiq olunur. Nazirlərin Kabinetinin müvafiq qərarına əsasən işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü ilin 1 yanvar tarixindən 10 il müddətində istehlak olunan kommunal xidmətlərə (elektrik enerjisi və təbii qazın satışı, su təchizatı və tullantı sularının axıdılması xidmətləri) görə xidmətlərinin ölkədaxili tariflərinə uyğun olaraq ödənilən vəsaitin 20 faizi həcmində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək.
Hökumətin bu addımlarının azad olunan ərazilərə xarici investorların cəlb olunmasında müsbət rol oynayacağı gözlənilir. Lakin müstəqil ekspertlərə görə, ölkə səviyyəsində azad sahibkarlığa tam təminat olmayınca ayrı-ayrı bölgələrə xarici investisiya cəlbində ciddi irəliləyişə nail olmaq mümkün deyil...
DÜNYA SAKİT
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ