İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin minaların təmizlənməsində pul xərcləmək xəsisliyi

 

Azərbaycana bu məsələdə də ayrı-seçkilik edilir

2020-ci ildə 44 günlük müharibə bitdikdən sonra Azərbaycanda mina qurbanı olan vətəndaşların sayı az qala hər həftə artır. Düzgün xəritələrin verilməməsi problemi daha da dərinləşdirir.

Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ötən həftə Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” adlı tədbirdə çıxışı zamanı deyib ki, Azərbaycan minalar və partlamamış hərbi sursatlar təhlükəsi ilə üzləşib və bu problem insanların həyatına mənfi təsir edir. Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 1.5 milyon mina basdırılıb və ərazinin 12 faizi minalarla çirkləndirilib.

Hikmət Hacıyev qeyd edib ki, minalar məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına və bərpa işlərinin daha sürətlə aparılmasına mane olur.

Prezidentin köməkçisi onu da bildirib ki, Ermənistanın basdırdığı bu saysız-hesabsız minalar humanitar fəaliyyətə ciddi təsir edir. Hikmət Hacıyev qeyd edib ki, beynəlxalq ictimaiyyətin bu prosesdə iştirakı və Azərbaycanla həmrəylik ifadə etməsi çox vacibdir. Hikmət Hacıyev onu da qeyd edib ki, minaların təmizlənməsi üçün texniki imkanların gücləndirilməsi vacibdir və bu mənada birbaşa maliyyə ianələri zəruridir ki, proses sürətli olsun.

Bu il açıqlan rəqəmlərə görə 2024-də Azərbaycana aşağıdakı ölkələr yardım həyata keçirib:

BƏƏ - 5 milyon dollar;

İtaliya - 1,5 milyon dollar;

Almaniya - 500 min avro;

Belçika - 250 min avro;

Çin - 500 min yuan.

Bu barədə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında deyilir. Azərbaycan Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tailand və Türkiyə ərazisi kimi daha çox minaların təsirinə məruz qalan ölkələrdən sayılır.

Minalardan təmizlənmənin ən böyük maneələrindən birini xərclər təşkil edir. Minaların yerləşdirilməsi nisbətən ucuz, 3-75 ABŞ dollarına başa gəlsə də, hesablamalara görə, bir minanın zərərsizləşdirilməsi 300-1000 dollar arasında dəyişə bilər.

Qərb dövlətləri və təşkilatları bu problemin həllində Azərbaycana real olaraq az yardım göstərirlər. Minalar yaşayış məntəqələrinin bərpasını və mülki əhalinin 7 min kvadratkilometr ərazidə məskunlaşmasını çətinləşdirir. Sözügedən ərazi Lüksemburqun ərazisindən təxminən üç dəfə çoxdur. Aydındır ki, Azərbaycan öz ərazisini bərpa etdikdən sonra onlar geri qayıtmağa çalışırlar. Ancaq mina partlayışları yaşayış yerləri hazır olmadan geri dönməyə cəhd edən insanları öldürür və ya yaralayır. Azərbaycanın minalardan təmizlənməsi üzrə öhdəliyi, sadəcə, onları məhv etməklə yekunlaşmır. Ölkəmiz mina qəzalarından zərərçəkənlərə tibbi xidmət, reabilitasiya və sosial-iqtisadi reinteqrasiya da daxil olmaqla, mühüm yardım proqramlarına da üstünlük verir. Qarşıda duran çətinliklərə baxmayaraq, Azərbaycan minalanmış torpaqlarını təhlükəsiz, çiçəklənən bölgəyə çevirməyə çalışır. Ukraynaya milyardlar ayıran Qərbin Azərbaycanın minatəmizlənməsinə xəsis maliyyə dəstəyini necə izah etmək olar?

Aydın Hüseynov: “Onun əziz xatirəsi hər zaman anılacaq” - Oxu.az

Aydın Hüseynov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Yeni Müsavat”a  dedi ki, Azərbaycanın Ermənistan tərəfindən 30 il işğalda saxlanan ərazilərinin dünyada ən çox minalardan və partlamamış sursatlardan çirklənmiş ərazilərindən biri olduğu məlumdur: “Birləşmiş Ştatlar uzun illərdir bəyan edir ki, dünyada adi silahların sayının azaldılması üçün ən çox maliyyə ayıran dövlətdir, 1993-cü ildən bəri 100-dən çox dövlətə 4,7 milyard dollardan artıq yardım ayıraraq mina və partlamamış sursatların yaratdığı təhlükələri azaltmağa çalışır. Elan edilən bu prinsiplər və Azərbaycanın çox böyük ərazisinin minalanması, Ermənistanın mina xəritələrini hələ də tam olaraq təqdim etməkdən yayınması ABŞ-ın mina və partlamamış sursatlardan təmizlənmə işində ölkəmizə daha böyük məbləğlərdə yardım etməsi zərurətini meydana gətirirdi. Məntiq də bunu deyir. Elan edilmiş rəqəmlərə nəzər saldıqda isə görürük ki, minalanmış ərazilərin miqyası ilə müqayisədə çox az vəsait ayrılıb. Digər güclü Qərb dövlətlərinin, xüsusən Avropa İttifaqına üzv dövlətlərin əksəriyyətinin də bu məsələdə xəsislik etdiyini görürük". 

Deputat qeyd etdi ki, keçmişi xatırladıqda əslində Qərbin bu ayrı-seçkiliyində, yanaşmasında təəccüblü nə isə axtarmağa dəymir. Onlar 30 il müddətində necə davranıblarsa, Azərbaycan işğaldakı ərazilərini azad etdikdən sonra yaranmış yeni vəziyyətdə də eyni davranışı ortaya qoyurlar: “Qərb müstəqil Azərbaycan dövlətinə qarşı ötən 30 ildə həmişə ikili standartlarla yanaşıb, müxtəlif zamanlarda ölkəmizə qarşı riyakar mövqeyini sərgiləyib. Bunun ən bariz örnəyi 1992-1993-cü illərdə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faiz işğal olunması və 1 milyon soydaşımızın dözülməz qaçqın həyatı yaşamağa məhkum edilməsi zamanı üzləşdiyimiz haqsızlıqlar, ədalətsizliklərdir. Erməni faşizmi Azərbaycan ərazilərini işğalda saxladığı dövrdə şəhər və qəsəbələrimizi, kəndlərimizi darmadağın edərək talayanda, maddi-mənəvi sərvərtlərimizi oğurlayanda, tarixi irsimizi məhv edərək tarixdə görünməmiş vandallıq aktı törədəndə Amerika və Qərb ölkələri bu acı gerçəkliyi heç vaxt görmək istəməmiş, Ermənistanın insanlıq əleyhinə cinayətlərinə göz yummuşdur. Qərb 1990-cı illərin əvvəllərində Azərbaycanın yaşadığı ağır günlərdə qaçqınlara heç vaxt dəstək vermədiyi halda, Ermənistana ianə və yardımlar edir, bütün dəstəyini göstərirdi. Bu mənzərəni hazırda Ukraynada da müşahidə edirik, Qərb Ukraynaya milyardlarla dollar yardım edir, silahlar verir, Ukraynanın ərazisinin işğal olunduğunu bəyan edərək davamlı yardımlar göstərir. Ancaq Azərbaycana vaxtilə bu münasibət heç vaxt göstərilməyib. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalına göz yumulduğu kimi, 30 il ərzində həmin ərazilərin minalanmasına da seyrçi qalıblar. Ermənistana işğal etdiyi torpaqları geri qaytarması üçün heç bir çağırış, təzyiq etmədilər. Azərbaycan öz gücü və iqtisadi qüdrəti sayəsində öz ərazisini azad edib, dövlət suverenliyini bərpa edib və erməni terrorizminin kökünü kəsməklə həm də regionda sabitlik yaradıb. Azərbaycan həm də BMT qətnamələrinin tələbini öz gücünə həyata keçirdi. Torpaqlarını azad edən Azərbaycan dövləti 4 ildən artıqdır Ermənistanın yerləşdirdiyi minaları təmizləmək işini də demək olar ki, öz gücünə  aparır. Eyni zamanda ermənilərin məhv etdiyi kəndləri, şəhərləri yenidən qurur, tikinti meydanında təkbaşına mücadilə edir. Azərbaycan dövləti müharibədən sonra qarşısında dayanan bu iki işin də öhdəsindən özü uğurla gəlir və gələcək”.

Deputat vurğuladı ki, bəzi Qərb ölkələri isə bununla barışa bilmir. Ona görə, Azərbaycana qarşı ayrı-seçkilik göstərilir. Azərbaycan 30 il bu ikili standartlara sinə gərdiyi kimi bundan sonra da öz gücü, imkanları ilə qarşısına qoyduğu hədəflərə çatacaq.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR