Onlayn ictimai-siyasi qəzet
Liberal dəyərlərin deqradasiyası və qeyri-ənənəvi hərəkatları üçüncü ölkələrə ixrac etməkdə yaranmış böhran ölkəmizdə bu şəbəkənin dayaqlarını sarsıdıb, yeni simalar axtarışındadırlar
Azərbaycanda Qərbin “5-ci kolon” adlanan qüvvələrinin olduğu barədə vaxtaşırı mediada yazılar gedir, iddialar irəli sürülür. Ekspertlərə görə, Qərbin “5-ci kolon”u istənilən ölkə üçün daha təhlükəlidir. Çünki onlar daha yaxşı təşkilatlana bilir, maliyyə imkanları daha çoxdur, onların kütləvi informasiya vasitələri, internet televiziyaları, xüsusilə xaricdən fəaliyyət göstərən internet kanalları açıq şəkildə Qərbin maraqlarına xidmət edir.
Bu mövzuda Bakıxeber.com saytı yazır ki, Qərbin Azərbaycanda “5-ci kolon”u sıradan çıxıb və onlar yeni simalar axtarışındadır. Sitat: “Bəllidir ki, postsovet məkanında "məxməri inqilabları" məhz Qərbin “5-ci kolon”u həyata keçirirdi. Son dəfə Ermənistanda buna nail oldular. Azərbaycanda isə Qərbin “5-ci kolon”u sıradan çıxıb. O səbəbdən də yeni dayaqlar axtarılır".
Bildirilir ki, Qərbin “5-ci kolon”unun Azərbaycanda dayaqları onsuz da möhkəm deyildi: “Çünki son illərdə Avropa dəyərlərində, xüsusən liberal dəyərlərdə ciddi böhran yaşanmaqdadır. Qərb liberallarının uzaqgedən hədəfləri öz cəmiyyətlərinə xas həyat tərzlərini, qeyri-ənənəvi hərəkatları üçüncü ölkələrə də ixrac etməkdir. Məsələn, feminizm hərəkatı, heyvanların haqları uğrunda aksiyalar, azad gənclik adı ilə ölkələrin köklü mental dəyərlərini silkələmək, ailə institutlarını böhran vəziyyətinə salmaq, həmcinslərin evliliyinə normal yanaşmaq və sair Avropa və ABŞ liberallarının "5-ci kolonu" tərəfindən reallaşdırılan layihələrdir".
Qeyd olunur ki, bunun üçün müxtəlif fondlar, dairələr uzun illər qrantlar ayırır, təbliğat aparılır, insan haqları adı ilə başlarına topladıqları gənclərlə ictimai rəyə təsir etməyə çalışır və müəyyən elektorat qazanırlar: “Lakin ölkəmizdə bunların qarşısı uğurla alınır. Elə o səbəbdən Qərb dairələri yenə müxtəlif vasitələrlə ölkəmizdə ara qarışdırmaq üçün fürsətlər axtarırlar. Azərbaycanda bütün əlamətdar hadisələr ərəfəsində fəallaşan "beşinci kolon" olub. Bunlar həm də təkcə Qərbin deyil, Rusiyanın və İranın da maraqlarına xidmət edən qruplar idi. Son illər xüsusilə İrana xidmət edən böyük bir qrup ifşa olundu. Bu proses Qərbin maraqlarına xidmət edənlərdən də yan keçmədi. İndi Qərb ciddi cəhdlə vaxtilə onların maraqlarını təmsil edənləri “siyasi məhbus” adı altında müdafiə etməyə çalışırlar. Bununla heç nə əldə etmədikdə isə ən müxtəlif səviyyələrdə Azərbaycana və hakimiyyətə qarşı təzyiqləri işə salırlar".
Qabil Hüseynli
Bu cür iddialar nə dərəcədə realdır? Qərb Azərbaycanda dayaqlarını itiribmi? Sualımızı cavablandıran professor Qabil Hüseynlinin “Yeni Müsavat”a dediyinə görə, Cənubi Qafqaz vahid götürülür: “ABŞ və Avropa Birliyi regiona ümumi yanaşır. Onlar burada öz təsir imkanlarını saxlamaq üçün müxtəlif siyasi-iqtisadi vasitələrlə siyasət yürüdürlər. Hazırda Qərb Ermənistanda möhkəmlənməyə, Gürcüstanda revanş götürməyə çalışır, Azərbaycanda isə vəziyyət kəskin fərqlənir. Çünki burada bir neçə dəfə cəhdlər ediblər, baş tutmayıb. Səbəbləri çoxdur, amma Qərbin buradakı simaları da xərcləniblər. Üstəlik, qeyri-ənənəvi cərəyanların təbliğatı mühafizəkar cəmiyyət olan Azərbaycanda xoş qarşılanmadı. Onlar demokratiyanın ixracı zamanı hər cür zir-zibili də o paketin içinə əlavə etdilər. Bu da qəbul olunmadı və sıradan çıxdılar”.
Q.Hüseynli hesab edir ki, Azərbaycan hakimiyyəti Qərblə əlaqələrə bərabərhüquqlu tərəfdaş kimi baxır: “Qarşı tərəfdən də bu tələb olunur. Bizim ABŞ, Avropa Birliyi ilə yaxşı əlaqələrimiz var, enerji məhsullarımız alınır, 9 Avropa İttifaqı ölkəsi ilə tərəfdaşıq, Avropa Komissiyası ilə strateji qaz sənədi imzalamışıq, amma AŞ PA, Avropa Parlamenti və bir sıra təsisatlarla münasibətlər gərgindir, çünki siyasi motivli bəyanatlarla çıxış edirlər, Bakı bunu daxili işlərə qarışmaq sayır. Azərbaycan onlardan qərəzli olmamağı gözləyir. Ancaq hər mötəbər tədbir başlamamış "qara piar" kampaniyası aparılır. Bu mənada Qərbin “5-ci kolon” burada uğur qazana bilməyəcək. Hətta yeni güc formalaşdırmağa başlasalar da, nəticəsi olmayacaq. Qərb Cənubi Qafqazla bağlı siyasətində vahid hədəf qoya bilər, amma doktrinasını dəyişməli olacaq".
Fuad Əliyev
Siyasi təhlilçi Fuad Əliyev “5-ci kolon” anlayışının elə Qərbə aid olduğunu bildirir. Onun sözlərinə görə, bu ifadə ilk dəfə İspaniyada vətəndaş müharibəsi zamanı dilə gətirilib: “Azərbaycanda isə həmin şəbəkə demokratiyanın inkişafına dəstək adı ilə fəaliyyətdədir, lakin biz onların səmimi olmadıqlarını görməkdəyik. 44 günlük müharibə zamanı üzə çıxan "no var"çılar, özlərini pasifist adlandıran, əslində ermənilərin də bağlı olduğu fondlarla işləyən qruplar ifşa edildilər. Hətta vətənə xəyanət ittihamı ilə həbs edilənlərdən birinin çıxışlarına, postlarına diqqət yetirəndə, erməni fondları ilə əlaqələrinə baxanda, “artsax” dərdi çəkdiklərini görəndə anlamaq olur ki, “5-ci kolon” müxtəlif formalarla təzahür edir".
F.Əliyevin fikrincə, Azərbaycanda bu şəbəkənin qalası dağıdılıb, amma tör-töküntüləri var: “Bəzən "5-ci kolon" dedikdə Rusiya bağlantısı olanlara eyham vurulur. Amma bu da sağ göstərib, sol vurmaq hiyləsidir. Əslində ən təhlükəli Qərbin “5-ci kolon”udur, onların demokratiya adı ilə Azərbaycana pislik etmələri qədər həyasız bir iş ola bilməz. Hətta onlar özlərinə lazım olanda irançılarla əlbir ola bilirlər. Bu baxımdan Azərbaycan dövləti, xüsusi xidmət orqanları yüksək səviyyədə iş aparıb, ictimai sektorda da ifşa olunanlar az deyil. Beləliklə, bizim siyasətimiz milli maraqlara söykənməlidir. Nə Qərbin, nə Şərqin arzularını həyata keçirmək üçün siyasət yürütməli deyilik. Azərbaycan dövlətinin və xalqının arzularına uyğun siyasət olmalıdır. Bu yolda əngəl olan istənilən şəbəkə sıradan çıxarılmalıdır".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ