İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin anti-Rusiya sanksiyaları iflas olub iddiası - Bayden Putindən qorxurmu...

Əhəd Məmmədli: “Qərb liderləri Putinin qarşısında çox balaca görünürlər”

Şəhla Cəlilzadə: “Rusiyanın alternativi var və o...”

“ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinin Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara cavab tədbirlərindən qorxur və bu səbəbdən Ukraynaya ağır silahlar göndərmir”.

Musavat.com xəbər verir ki, bu fikri iyulun 23-də “The New York Post”un köşə yazarı Duqlas Mürrey bildirib.

Onun sözlərinə görə, amerikalılar öz prezidentlərini artan inflyasiya və cinayətlər, Ukrayna ilə bağlı hərəkətlərinə görə getdikcə daha çox tənqid edirlər.
“Krımda qətiyyətli addımlardan sonra Moskva beynəlxalq arenada öz mövqelərini möhkəmləndirib və Qərbə şərtlər diktə edə bilər”- deyə, jurnalist iddia edib.
Yazar həmçinin qeyd edib ki, Moskvanın cavabı ABŞ üçün daha zərərli ola bilər. O, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların iflasa uğradığını da yazıb.
ABŞ-ın nüfuzlu bir nəşrində belə fikirlərin dərci maraq doğurur. Bəs Rusiya-Ukrayna müharibəsinin 5 ayının yekunu bu xüsusda nə deyir? Həqiqətənmi Qərbin anti-Rusiya sanksiyaları iflas olub və Bayden Putindən çəkinir?

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland isə bildirib ki, ABŞ və müttəfiqlərinin dünya bazarlarına Rusiya neftinin tədarükünə ehtiyacı var, əks halda qiymət yenidən artmağa başlayacaq.

“Biz Rusiya neftinin dünya bazarında mövcudluğunu görməliyik, əks halda onun çatışmazlığı qiymətlərin yeni artımına səbəb olacaq”, - Nuland Aspen İnstitutunun təşkil elədiyi illik forumda deyib.

Diplomat əlavə edib ki, Vaşinqton və müttəfiqlərinin fikrincə, Rusiya neftinin qiymətinin yuxarı həddi elə olmalıdır ki, Moskva üçün “qara qızıl”ın satışından əldə olunan gəliri məhdudlaşdırsın, lakin onu bu resursun dünya bazarlarına tədarükünü davam etdirməyə həvəsləndirsin...
Mövzunu şərh edən AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli proseslərin getdikcə Rusiyanın xeyrinə dəyişdiyini qeyd etdi: “Ukrayna - Rusiya müharibəsinin 5 ayı ilk öncə onu göstərdi ki, Rusiyanın Ukraynaya hərbi, Qərbin də Rusiyaya iqtisadi blitskriqi iflasa uğradı. Bu müharibə Rusiyanın hərbi mifini qırsa da, iqtisadi cəhətdən bu ölkə gözlənildiyindən daha möhkəm çıxdı. Müharibədən əvvəl isə hər kəs fərqli düşünürdü. Hamıya elə gəlirdi ki, Rusiya hərbi cəhətdən çox güclü, iqtisadi cəhətdən isə əksinə zəif idi. Müharibə əksini göstərdi. Maliyyə baxımından da rublun dayanaqlı olduğu göründü. Müharibədən öncə sizin saytda da dəfələrlə demişəm ki, böyük ölkələri tək iqtisadi sanksiyalarla yıxmaq mümkün deyil. Əgər elə mümkün olsaydı, vaxtı ilə Çin, indi də İran rejimləri yıxılardı. Aydın məsələ idi ki, Rusiya kimi böyük dövləti də ancaq iqtisadi sanksiyalarla ciddi şəkildə zəiflətmək mümkün olmayacaq. Baydenin Putindən çəkinməyinə gəldikdə isə müqayisədə birinci digərindən zəif görünür. Söhbət yaş baxımından fiziki zəifliyindən getmir. Siyasi baxımdan indiki Qərb liderləri Putinin qarşısında çox balaca görünürlər. Bayden, Conson, Makron Putinin yanında cılızdırlar.

O ki qaldı neftin qiymətləri ilə bağlı vəziyyətə, fikrimcə SSRİ-dən indiki Rusiyanın fərqi odur ki, Putin rejimi neftdən deyil, daha çox qazdan asılıdır. Rus neftinin dünya bazarında keyfiyyəti aşağı sayılır. Rus qazından isə əksinə Avropa asılıdır. Avropaya gələn qazın 40% Rusiyadan gəlir. Qaz Rusiyanın bel sütunudur. Qazdan Avropanın asılılığı qalxmayana qədər Kreml nəinki ayaqda duracaq, həm də indiki şərtlərini diqtə edəcək. Necə ki, müharibə uzandıqca yavaş - yavaş diktə etməyə də başlayıb. Avropa liderləri fon der Lyayenin, Draqinin Azərbaycan, Misir və Əlcəzairə bu yaxınlarda alternativ rus qazı dalınca səfərləri baş verdi. Düşünürəm ki bu gedişatla 5-10 ilə Avropa rus qazından asılılığını qaldıracaq, amma ona qədər Ukrayna hansı vəziyyətə düşəcək, bax, bu başqa məsələdir. Sanksiyalar heç vaxt birtərəfli olmur. Və bu sanksiyalar onu göstərdi ki, təkcə Rusiya deyil, dünya da indiki vəziyyətdən əziyyət çəkir. Özü də burada məsələ təkcə rus nefti və qazından asılılıqdan getmir. Dünya bazarında rus gübrə, taxıl, taxtasının da böyük əhəmiyyəti var. Rusiya bir çox təbii sərvətləri dünya bazarına ixrac edən ölkədir. Və sanksiyalar uzandıqca dünyanın rus təbii sərvətlərindən asılılığı daha da dərinləşir. Dünya çörək böhranı astanasındadır. Rusiyaya qarşı sanksiyalar Amerikada benzinin qiymətini qaldırır, Avropada çörək defisiti yaradır. Artıq Putin bütün bunları öz əleyhindən lehinə çevirməyə bacarır. Qərbi də qorxudan məhz budur”.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Rusiyanın Qərb qarşısında ciddi şəkildə dirəndiyini göstərdi: “Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Aİ Rusiyaya qarşı bir sıra sanksiyalar qəbul edib. 2022-ci ilin iyun ayında 6-cı paket sanksiyalar qəbul edilmişdi. Bu paket xüsusilə Rusiyanın neft və qaz sektoruna yönəlik olub, müvafiq istiqamətlərdə onun fəaliyyətini məhdudlaşdırmaq, xüsusilə neft gəlirlərdən məhrum etməyə hesablanmışdı. Lakin əks tendensiya ilə qarşılaşmaqdayıq. Belə ki, dünya bazarında azalan neft həcmi, nəticə etibarilə qiymətlərin artımına gətirib çıxarır. Məsələn, 2022-ci ilin yanvarında Brent markalı neftin bir barelinin qiyməti 86 dollar civarında idisə, müharibənin başladığı fevral ayında 10 dollaradək bahalaşaraq 97 dollar olmuş, hazırda bu rəqəm 105 dollar civarındadır. Elmi tədqiqatlara əsasən neft qiymətlərindəki 1%-lik artım Rusiyanın ixracatını 1%-dən çox, xarici ticarət balansını 0,3% və milli gəliri də 0,1% dərəcəsində artırır. Bu sanksiyaların isə ardı-arası səngimir. İyul ayının ötən günlərində də Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 7-ci paketini təsdiqlədi. Bu sanksiyalar Rusiya qızılının idxalına qadağaları, və müxtəlif məhdudiyyətlərin siyahısının genişləndirilməsini əhatə edir. Ümumiyyətlə bütün bu sanksiyalara görə hazırda Rusiyadan neft və neft məmulatları, kömür, qızıl, dəmir/polad, meşə məmulatları, o cümlədən dəniz məmulatları idxalı qadağandır.

Xüsusilə, 6-cı paket sanksiyalar ilin sonunadək Rusiyadan olan neft asılılığını tamamilə sonlandırmağı nəzərdə tutur. Rusiyadan daha böyük asılılığa malik olan Macarıstan və Slovakiya bu məhdudiyyətlərdən güzəşt əldə edərək, bu ilin deyil, 2023-cü ilin sonunadək Rusiyadan asılılığı azaltmağı qəbul ediblər. Lakin Avropanın Rusiyadan enerji asılılığını tamamilə sonlandırması real praktikada o qədər də asan olmayıb, hələ ki tam gerçəkləşməsi mümkün görünmür, çünki Rusiyaya alternativ yetərli deyil. Odur ki, Rusiyanın daimi olaraq səsləndirdiyi tezis: “Avropa Rusiyaya sanksiyalardan özü daha çox əziyyət çəkir” tezisi hazırda Qərb mediası tərəfindən atəşli şəkildə tirajlanır. Rusiya hazırda neftini Hindistana tədarük etməyə başlayıb və Hindistan Rusiyadan neft idxalını 50 dəfə artırıb. Bu baxımdan Rusiyanın alternativi var və o, üzünü Qərbdən Şərqə döndərib. Ümumiyyətlə regional səfərlərə nəzər yetirdikdə də bu aydın olur. Baydenin İsrailə və Səudiyyəyə səfərindən sonra Putinin İrana səfəri, Qərbə alternativ olan Şərq dünyasının öz yanında olduğu və ən azından neytrallığını qoruduğunu ifadə etməsi Putinə yetərlidir. Bu isə Qərbin ən qorxduğu ssenaridir. Həmçinin Rusiya administrasiyasında heç nəyin dəyişmədiyi halda Avropada dörd administrasiyanın yerindən oynadığı, hökumət dəyişikliklərinə getmək məcburiyyətlərinin yarandığı vurğulana bilər. Odur ki, enerji zəngini və avtoritar Rusiyanın demokratik Qərb qarşısında güclü şəkildə dirəndiyinin və sanksiya siyasətinin təsir mexanizmi olaraq yetərsizliyinin şahidiyik”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR