Onlayn ictimai-siyasi qəzet
Qərbin ikili standartları ənənə halını alıb; Qafqazda ən böyük köçürülməyə məruz qalan qərbi azərbaycanlıların hüquqlarını qorumaq üçün lazımi addımlar atılır
Bir neçə gün öncə Milli Məclisdə qərbi azərbaycanlıların öz yurd yerlərinə qayıdışı ilə bağlı İşçi Qrupunun yaradılmasına qərar verildi. Qrupun səlahiyyətləri və vəzifələri müəyyən edildi.
Bu, soydaşlarımızın pozulmuş fundamental haqlarının bərpası istiqamətində növbəti addım sayılır. Eyni zamanda, məsələni permanent şəkildə dünyanın gündəliyinə gətirməyi tezləşdirməyə yönəlik qərardır. Bəzi Qərb təsisatlarbından, özəlliklə ermənipərəst Avropa Parlamentinin “insan haqları” bəhanəsi ilə Azərbaycana yağdırdıqları böhtan və iftiralar fonunda isə ikiqat önəm daşıyır.
Fakt budur ki, qərbi azərbaycanlıların təməl haqları ötən əsrin sonlarında ABŞ-ın indi utanmazcasına bölgənin “demokratiya mayakı” saydığı monoetnik Ermənistanda kobud şəkildə tapdanıb. Onlar Qarabağın bir ovuc erməni sakinlərindən fərqli olaraq, öz vətənlərindən zorla çıxarılıblar. Demək, geri qayıtmaq hüquqları var. Bu, Ümumdünya İnsan Haqları Bəyannaməsinin 13-cü bəndində açıq qeyd olunub.
Təəssüf ki, ABŞ başda olmaqla kollektiv Qərb bunu görməzdən gəlir. Əvəzində ermənilərlə bağlı bizə “insan haqları” dərsi keçməyə çalışırlar.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması sədrinin müavini Ramil Həsən “Yeni Müsavat”a şərhində azərbaycanlılara, türklərə və İslam aləminə qarşı diskriminasiyaya diqqət çəkdi:
Ramil Həsən
“Beynəlxalq münasibətlər sistemində ikili standartlarla yanaşma ənənəvi hal alıb. Bunun çox dərin kökləri var. O ki qaldı Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə, bunun hüquqi əsası yoxdur, icraedici mexanizmə sahib deyil. Amma öz-özlüyündə beynəlxalq münasibətlər sistemində mövcud olan bir çox beynəlxalq təşkilatlar, bəzi ölkələr xüsusilə Azərbaycan və Türkiyəyə qarşı qarayaxma, riyakarcasına davranma, bölgə və regionla bağlı şəxsi mənfəət və maraqları üstün tutaraq, bilavasitə Ermənistanın haqsız olduğunu bilə-bilə Qarabağ kartından sui-istifadə, bundan Azərbaycana qarşı təsir və təzyiq vasitəsi kimi istifadə etmək istiqamətində addımlar atmaqdadırlar. Bunun ən bariz nümunəsi Avropa Parlamentinin son dinləmələri və keçirilən səsvermədir. Çıxış edən parlamentarilər, Azərbaycan qarşı irəli sürülən əsassız iddilar, 100 mindən çox Qarabağ ermənisinin, halbuki, onların sayı dəfələrlə azdır, guya zorla köçürülməsi, eyni zamanda maddi, mədəni, bir çox sahədə dəyən zərər barədə danışılanların heç biri reallığı əks etdirmir. Azərbaycanın müvafiq qurumları bu istiqamətdə addımlar atmaqdadırlar. Azərbaycan dövləti bütün şəraiti yaratmışdı, siyasi, sosial, mədəni, dil hüquqları, bir sözlə, Azərbaycan Konstitusiyasında milli azlıqlara, ümumiyyətlə, bütün vətəndaşlara şamil edilən hüquqların təmin ediləcəyini, təhlükəsizliklə bağlı zəmanət verdiyini rəsmi şəkildə bəyan etmişdi. Buna baxmayaraq, bir qrup könüllü surətdə Qarabağı tərk etdi. Bu, bəlli planın tərkib hissəsi idi. Bu gün Azərbaycana qarşı total hücumun genişləndirilmiş formada, növbəti mərhələyə keçdiyinin şahidi olmaqdayıq. Bütün bunların fonunda 1987-1991 illər ərzində mənim ailəm də daxil olmaqla, məhz Ermənistanın şovinist milli ədavəti qızışdırması ilə türk, müsəlman azərbaycanlı olduğumuz üçün 300 minə yaxın azərbaycanlı doğma yurdu olan Qərbi Azərbaycandan-Zəngəzur, Zəngibasar, Vedi, İrəvan, Göyçə mahalından zorla qovularaq çıxarıldı. Bu məsələni 3 ildir ki, Milli Məslisdə də, beynəlxalq təşkilatlar qarşısında da qaldırmaqdayıq. Əgər söhbət insan haqlarından, milli azlıqlardan, insanların hüquq və azadlıqlarının təmin edilməsindən, insanların zorla yurdlarından köçürülməsindən, onlara dəyərin ödənilməsindən gedirsə, Qafqazda ən böyük köçürülməyə qərbi azərbaycanlılar məruz qalıb. Amma bu gün nə Avropa Parlamentində, nə Avropa Şurasında, bu gün Azərbaycana qarşı total hücuma keçən heç bir beynəlxalq təşkilatda, Azərbaycan qarşı qərəzli və ikili standartlarla yanaşan Fransa kimi ölkələrin heç birində bu barədə danışılmır. Əksinə, Qərbi Azərbaycan İcmasının sədr müavini kimi mənim, eləcə də həmkarlarımın konfranslardakı çıxışlarımıza ikili yanaşılır, çıxışlarımızı əngəlləməyə çalışırlar. Qarabağdan könüllü gedən ermənilərdən danışırlar, öz yurdlarından zorla çıxarılan azərbaycanlılardan niyə danışılmır? Qərb dairələrinin-Avropa Parlamenti, Avropa Şurasının özünün maraqlarına uyğun gəlməsə də, indiki Ermənistandan zorla köçürülmüş azərbaycanlıların şərəfli və ləyaqətli şəkildə geri qayıdış hüququnun təsbit edilməsi, təhlükəsizliyimizin təmin edilməsi, dədə-baba torpaqlarımıza geri qayıtmaqla bağlı Ermənistana təzyiq edilməsi, Ermənistan Konstitusiyasında bununla bağlı müvafiq düzəlişlər edilərək geri qayıtmağımız üçün bütün məqamların əks olunması, mədəni, milli, eyni zamanda siyasi hüquqlarımızın geri qaytarılması, bizə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, viran edilmiş torpaqlarımızın yenidən dirçəldilməsi, bununla bağlı təzminatların ödənməsi kimi onlarla məsələ beynəlxalq hüquq müstəvisində həllini tapmalıdır. Amma beynəlxalq ictimaiyyət bu barədə bir kəlmə də danışmır, çünki özünə sərf etmir. Danışmaq bir kənara, Azərbaycan dövlətinin, Qərbi Azərbaycan İcmasının guya Ermənistana qarşı ərazi iddiasının olduğunu ortaya qoyur. Bununla da ictimaiyyəti çaşdırmağa çalışırlar. Nəticədə obyektiv yanaşmağa meylli olan təşkilatları belə fərqli istiqamətə yönləndirməyə çalışırlar və buna nail olurlar. Amma bu bizi ruhdan salmayacaq. Əminik ki, bölgəyə sülh, əmin-amanlıq gələcəksə, Azərbaycan-Ermənistan arasında dövlətlərarası münasibətlərin yaradılması, eyni zamanda sülh müqaviləsinin imzalanması ilə bağlı müvafiq irəliləyişlər əldə ediləcəyi təqdirdə gələcəkdə qərbi azərbaycanlıların doğma yurduna qayıtması təmin ediləcək”.
Xəyal Bəşirov
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov isə “Yeni Müsavat”a şərhində azərbaycanlılara qarşı milli ayrı-seçkilik məsələsinə diqqət çəkdi:
“Özlərini demokratiyanın, insan hüquq və azadlıqlarının beşiyi hesab edən Qərb dövlətləri əslində dünyaya diktələr edirlər ki, insan dünyanın hər nöqtəsində dinindən, dilindən irqindən, milliyyətindən, cinsindən asılı olmayaraq insandır. Hətta 3-cü cinsi yaradıb, onların hüquqları ilə bağlı mövqe ortaya qoyan həmin dövlətlər dini, irqi, eyni zamanda milli ayrı-seçkiliyə yol verirlər. Öz maraqlarının həyata keçirilməsinə aid olanda dini, milli ayrı-seçkilik yoxdur. Lakin müəyyən ölkələrə təsir etmək üçün hər növ ayrı-seçkiliyə yol verirlər. Əslində dünyaya bu mövzunu öyrədən qüvvələr Azərbaycana və azərbaycanlılara qarşı ədalətsiz, qərəzli mövqe tuturlar. Öz evlərindən didərgin düşən, bütün hüquqları pozulan azərbaycanlıların sayı bütün ermənilərin sayından dəfələrlə çoxdur. Təkcə XX əsrdə azərbaycanlılar dəfələrlə deportasiya olunublar. Sonuncu deportasiyada, 1987-1991-ci illərdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan didərgin düşüb. İşğal altında olan ərazilərdən də 1 milyona yaxın qaçqın və məcbur köçkün olsa da, belə ”səfərbərliyin" şahidi olmamışdıq. Ümumiyyətlə, bu mövzuya diqqət edilməmişdi. Bu gün isə beynəlxalq təsisatlar, başda ABŞ, Fransa olmaqla, bəzi dövlətlər ayrı-seçkilik edirlər. Azərbaycan dini, yaxud milli məqamı gündəmə gətirmir, amma ABŞ-da prezidentliyə namizəd Donald Tramp özünün “X” hesabında “120 min xristianın didərgin düşməsi, qovulması, dəhşətli təqiblərə məruz qalması” barədə mövqe bildirib. Söhbət dini, irqi ayrı-seçkilikdən getmirsə, nəyə görə məhz xristian ifadəsi qabardılır? Bu bir daha onu göstərir ki, onlar özlərinki hesab etdikləri, öz maraqlarına uyğun olarkən problemi bütün dünyanın gündəminə gətirirlər, mümkün qədər şişirtməyə çalışır, hətta olmayan məqamları qabardırlar. Qərbi azərbaycanlıların öz yurd yerlərinə qayıdışı ilə bağlı İşçi Qrupunun yaradılması təkcə bizim üçün deyil, bəşəriyyət, insanlıq, hüquq və azadlıqlar mövzusu, demokratiya üçün önəmli prosesdir. Hesab edirəm ki, biz istədiklərimizə nail olacağıq. Qərbi azərbaycanlıların yurdlarına qayıdışı üçün indiyə kimi atdığımız addımların məntiqi davamı kimi bundan sonra da əlimizdən gələni edəcəyik ki, bu məsələ reallaşsın".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ