İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərbi Azərbaycan İcması” yaradıldı - Bakının status tələbi gerçəkləşir...

Ermənistan qondarma status məsələsini gündəmə gətirirsə, o halda qərbi azərbaycanlıların status tələbi qaldırıla bilər

2022-ci il avqustun 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib. Yığıncağın gündəliyinə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili), “Qərbi Azərbaycan İcması”nın Nizamnaməsinin təsdiq olunması, “Qərbi Azərbaycan İcması”nın İdarə Heyəti, Müşahidə Şurası və Nəzarət-Təftiş Komissiyasının üzvlərinin və sədrlərinin seçilməsi məsələləri daxil edilib.

Səsvermə nəticəsində “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub.

İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə İcmanın vəzifələri və hüquqları müəyyən edilib. Eyni zamanda İcmanın İdarə Heyəti, Müşahidə Şurası və Nəzarət-Təftiş Komissiyasının üzvləri və rəhbərləri seçilib. Məlumata görə, təşkilat Şuşa Rayon İcra Hakimiyyətinin keçmiş binasında fəaliyyət göstərəcək.

Belə bir icmanın yaradılması bir müddət idi ki, gündəlikdə idi. Rəsmi Bakı dəfələrlə ən müxtəlif səviyyələrdə bəyan etmişdi ki, Ermənistan qondarma status məsələsini gündəmə gətirirsə, o halda qərbi azərbaycanlıların status tələbi qaldırıla bilər. Bu yöndə artıq ilk addım atılıb, bundan sonra hansı addımlar atıla bilər?

Akif Nağı: “Rusiya Ukraynanı itirdi”

kif Nağı 

Mövzu ilə bağlı Qarabağ Azadlıq Hərəkatının (QAT) sədri Akif Nağı “Yeni Müsavat”a bunları dedi: “Bu çox vacib  hadisədir. Əvvəllər də Qaçqınlar Cəmiyyəti var idi. 1988-ci ildə ilk qaçqınlar Ermənistan deyilən ərazidən gələndən sonra həmin cəmiyyət yaranmışdı. Bu cəmiyyətin bu cür, daha ciddi quruma çevrilməsinə ehtiyac yaranmışdı. ”Qərbi Azərbaycan İcması" çox maraqlı və düzgün yanaşmadır. Hesab edirəm ki, bu istiqamətdə işlər davam etdiriləcək. Həm ermənilərin əsas iddialarına qarşı düzgün bir gediş oldu. Eyni zamanda bütün dünyada azərbaycanlıların haqqı ortaya qoyulacaq, müdafiə olunacaq. 300 minə yaxın azərbaycanlı indi Ermənistan deyilən Qərbi Azərbaycan torpaqlarından çıxarılıb. Uzaq bir tarix deyil, 1988-ci ildən bəri tarix üçün böyük vaxt keçməyib.  Dünya bunu bilməlidir, qəbul etməlidir. Azərbaycanlılar öz iddiasında israrlı olmalıdırlar. Qərbi Azərbaycandan çıxarılan soydaşlarımızın da problemi ilə illərdi məşğul olmuşuq. Hətta 15-20 il bundan əvvəl mən Qərbi Azərbaycandan olan dostlarımıza ictimai xadimlərə təklif edirdim k, niyə QAT-ın nəzdində və ya kənarda “1918-ci il hərəkatı”, yaxud “11 yanvar hərəkatı” komitəsi yaradılmasın?! 1918-ci il Azərbaycan xəritəsində indiki Ermənistan ərazisinin böyük hissəsi Azərbaycanın tərkibində idi. De-fakto dünya tərəfindən Azərbaycanın ərazisi kimi tanınmışdı. Eyni zamanda bu hadisə 11 yanvar 1920-ci ildə baş vermişdi. Ona görə biz “11 yanvar hərəkatı, yaxud komitəsi” adlandırırdıq. Azərbaycanın ərazi bütövlüyü bu şəkildə Paris Sülh Konfransında tanınmışdı. Amma belə bir komitənin yaranması o zaman alınmamışdı. O işi də biz paralel şəkildə görürdük və son aylara qədər simmetrik status deyilən məsələni də həmişə müdafiə etmişik. O vaxt hələ deyilirdi, Dağlıq Qarabağda yaşayan ermənilərə hansı status veriləcəksə, Ermənistandan çıxarılan azərbaycanlılar geri qaytarılmalıdır və onlara da simmetrik olaraq həmin status verilməlidir. Yəni bunu simmetrik status şəklində təqdim edirdik. Oradakı soydaşlarımız haqlarını ortaya qoymalıdırlar, dünya onların haqlarını tanımalıdır. Təkcə təbliğat vasitəsi deyil, toplum şəklində azərbaycanlılar orada yaşayırdılar. Onların da haqqı bu şəkildə tanınmalıdır. Ən azı ilkin mərhələdə Qərbi Zəngəzura geri qaytarmalıdırlar. Onların haqqı tanınmalıdır, statusları da verilməlidir".

QAT sədri mövzu ilə bağlı digər məsələyə də toxunub: “Bir var tarixi ərazilər, tarixi torpaqlar ifadəsi, dünya bir qədər bu ifadədən yan qaçır. Çünki tarixi torpaqlar iddiası ilə iki dünya müharibəsi baş verib, böyük qırğınlara səbəb olub, nəticəsi də olmayıb. İkinci Dünya müharibəsindən sonra dünya, xüsusilə də Qərb bu tarixi ərazilər iddiasından geri çəkildi. Mövcud sərhədlərin tanınması prosesi gündəmə gəldi. Bütün məsələlərə də bu mövqedən yanaşırlar. Azərbaycan dörd tərəfdən özünün tarixi torpaqları ilə əhatə olunub. Düzdür, indi başqa dövlətlərin tərkibindədir. Amma Azərbaycan torpaqlarıdır. Biz Qərbi Azərbaycanla bağlı yalnız torpaq iddiası ilə deyil, eləcə də real ərazi iddiası ortaya qoya bilərik. Çünki 1918-21-ci ildə həmin ərazilər Ermənistana veriləndə, o, real Azərbaycan torpaqları idi. Çünki o ərəfədə, İrəvan xanlığı dövründə kiçik Azərbaycan İrəvan xanlığı deyilən kiçik dövlət mövcud idi. Həmin ərazilər Rusiya tərəfindən işğal olunandan sonra da həmin ərazilərin Azərbaycana mənsubluğu saxlanılıb və İrəvan quberniyası inzibati ərazi vahidi yaradılıb. Ona görə həmin dövrdə Sovet Rusiyasının qərarı ilə ərazilər Ermənistana verilirdi, o ərazilər real Azərbaycan torpaqları idi. Ona görə də mən hesab edirəm ki, bu məsələdə həmin məqam xüsusi diqqətə çatdırılmalıdır. Ümumiyyətlə, haqqımız var, heç kimə nə isə sübut etməməliyik. Amma hər halda, bu fakt da gündəmdə olmalıdır. Yeni yaranan bu qurum ağır bir işin üzərinə gedir, yorulmadan hərtərəfli, müxtəlif istiqamətlər nəzərə alınmaqla geniş şəkildə bu icma iş görməlidir. İnanıram ki, bu qurumun yaxın vaxtlarda fəaliyyətinin müsbət nəticələrini görəcəyik”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR