Onlayn ictimai-siyasi qəzet
G7 ölkələri tərəfindən yaxın iki-üç həftə ərzində Rusiya almazlarının idxalına qadağa razılaşdırılacaq.
Musavat.com xəbər verir ki, bu barədə Belçika rəsmisi Bloomberg-ə məlumat verib.
Agentliyin mənbəsi əlavə edib ki, 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək birbaşa alış qadağası, eləcə də dolayı qadağalar tədricən tətbiq olunacaq.
Belçika rəsmisi qeyd edib ki, Avropa Birliyi payızda sanksiya qaydalarını hazırlamazdan əvvəl G7 Rusiya almazlarına embarqonun texniki təfərrüatlarını həll etməlidir. Sanksiya cilalanmamış və ya cilalanmış brilyantların birbaşa ALROSA-dan, həmçinin onun Hindistan və ya BƏƏ-dəki müştərilərindən alınmasının qadağan olunmasını nəzərdə tutur.
Qeyd edək ki, Kimberly Prosesi Rusiyanın almaz satışından əldə etdiyi gəliri ildə 4 milyard dollar qiymətləndirir.
ALROSA 2022-ci ilin yazından etibarən məhdudiyyət siyahısına daxil edilsə də, Rusiyanın cilalalanmamış almazlarından istehsal edilən brilyantlar Hindistanın qiymətli daş sənayesində əhəmiyyətli emaldan keçirilərək ən böyük zərgərlik bazarı olan ABŞ-a sərbəst daxil ola bilər.
Bloomberg qeyd edir ki, bu qiymətli daşların tədarükünə qoyulan qadağanın texniki detalları ilə bağlı hələlik razılığa gəlinməyib. Agentlik vurğulayır ki, bu baş verdikdə, Avropa İttifaqı özünün sanksiya qaydalarını hazırlaya biləcək
Xatırladaq ki, ALROSA-nın Aİ-nin sanksiya siyahısına daxil edilməsinə dair əvvəlki cəhdlər Belçika tərəfindən əngəllənmişdi. Arqument belə idi ki, bu cür sanksiyalar bu ölkə üçün mühüm sənayenin (dünyanın ən böyük almaz ticarət mərkəzlərindən biri Antverpendə yerləşir) iştirakçılarının maraqlarına zərbə vuracaq. Belçika rəsmiləri həmçinin qeyd ediblər ki, izləmə mexanizmi olmadıqda, əməliyyatlar sadəcə olaraq Aİ xaricindəki ticarət mərkəzlərinə keçəcək. Rusiya almazlarının ticarətini məhdudlaşdırmaq üçün G7 və Aİ nümayəndələri qlobal almaz izləmə sisteminin yaradılmasını müzakirə edirlər.
Çox maraqlıdır ki, G7 və Aİ Rusiya almazlarının BƏƏ-yə reixracında mühüm həlqə olan Ermənistanı yenə “unudurlar”. Halbuki bu ölkə ötən ildən bəri Rusiyadan almaz idxalını, BƏƏ-yə isə ixracını on dəfələrlə artırıb. Təkcə bu ilin 5 ayında ermənilərin BƏƏ ilə ticarəti 5,2 dəfə artırmaqla 465 milyon 106 min dollara çatıb ki, bunun da əsas hissəsi məhz qiymətli daşlardır...
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ