Onlayn ictimai-siyasi qəzet
Qərb Ermənistandan növbədənkənar parlament seçkiləri keçirməyi tələb edir. APA xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin yazdığına görə, Qərb hesab edir ki, yeni seçkilər vasitəsilə Rusiya əleyhinə parlament formalaşacaq, Rusiyaya bağlı siyasi qüvvələr parlamentdən kənarda qalacaq.
Siyasi şərhçi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, Qərbin Ermənistanda erkən seçkilər tələb etməsi rəsmi dairələr tərəfindən hələ təsdiqlənməyib. Amma o da məlumdur ki parlamentin indiki tərkibi baş nazir Paşinyan iqtidarı üçün sabit sayıla bilməz: “Parlamentdə revanşist Qarabağ klanının xeyli sayda deputatları var. Onlara başçılığı sabiq müdafiə naziri Seyran Ohanyan edir. Deputat mandatı daşımasalar da, əsas liderliyi Robert Köçəryan və Serj Sərkisyan həyata keçirir. Bu qüvvələr, həmçinin onlarla eyni mövqedə olan bir sıra siyasi partiyalar və siyasətçilər Rusiyanın əlaltılarıdır. Ermənistan xalqı da onları məhz bu cür tanıyır. Ermənistan Milli Assambleyasının hazırkı tərkibinə diqqət yetirsək görərik ki, 107 deputat kreslosundan hakimiyyətdə olan Nikol Paşinyanın liderliyik etdiyi "Vətəndaş müqaviləsi" bloku 71-nə sahibdir. Bu blokda Paşinyanın partiyasının 62 deputatı var. Bu tərkib hakimiyyətin tam dayanıqlığında etibarlı sayıla bilməz və ictimai-siyasi proseslərin axarına və xarakterinə görə hər an dəyişə bilər. Görünür, Qərb də bunu nəzərə alaraq parlamentdə Paşinyanın timsalında Qərbə bağlı siyasi qüvvələrin daha çox sayda üstünlüyü əldə etməsinin zəruriliyini düşünməyə başlayıb.
Əli Orucov
Əsasən rusiyameylli qüvvələrdən ibarət müxalifətin birləşdiyi “Ermənistan” Alyansı bu gün 36 deputatla parlamentdə təmsil olunur. Parlamentin tərkibi revanşist keçmiş prezidentlər Köçəryan 36 və Sərkisyan isə 7 deputatla Paşinyana qarşı ciddi təhlükədir. Hər iki sabiq prezident də rusiyapərəst sayılır və bu gün də Paşinyanın guya qərbyönlü siyasətinə qarşı müqavimət göstərirlər. Ola bilsin, Qərb bu amilləri nəzərə alaraq Paşinyandan erkən seçki tələb edərək tam arxayınlaşmaq, prosesləri sürətləndirməyə təkan verə biləcək parlament tərkibi yaratmaq niyyətindədir. Ermənistanın Konstitusiyasına uyğun olaraq parlament seçkiləri 5 ildən bir keçirilir və sonuncu seçkilər 2021-ci ilin avqustunda növbədənkənar olaraq keçirilib. Yenidən növbədənkənar seçkilərin keçirilməsi tələbi əgər reallaşarsa, bu, Ermənistanda qüvvələr nisbətinin Qərbə tərəf dəyişməsinə gətirərdi. Çünki Ermənistan cəmiyyətini inandırıblar və inandırmağa da çalışırlar ki, həm ağır məğlubiyyətin, həm ölkənin düşdüyü böhran və acınacaqlı durumun baiskarı məhz Rusiyadır. Bunu ötən ay keçirilən sosioloji sorğuların nəticələri təsdiqlədi. Sorğunun nəticələrinə görə, Ermənistanın düşməni və dövlətçiliyinə təhlükə Türkiyə, Azərbaycan və Rusiya sayılıb. Lakin bütün bunlara baxmayaraq, Ermənistanın varlığı və taleyi məhz bu üç ölkədən birbaşa asılıdır. Göründüyü kimi, Ermənistanda mürəkkəb və ziddiyyətli hal yaranıb. Bir tərəfdən Rusiya Ermənistanı sevməyən ölkə hesab olunur. Halbuki Ermənistanın 72 faiz iqtisadiyyatı və 69 faiz xarici iqtisadi dövriyyəsi Rusiya ilədir. Ermənistan Rusiyanın patronajlığı altındakı təşkilatların üzvüdür. Erməni hərbi siyasi elitasında Rusiyanın kifayət qədər təsiri qalır. Belə olan halda erkən seçkilərdə xeyli risklər var."
Məhəmməd Əsədullazadə
Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə hesab edir ki, əslində Ermənistanda indiki şərtlər növbədənkənar seçkilər olarsa, nəticələrin qərbmeylli qüvvələrin daha çox xeyrinə olacağını göstərir: “Çünki son illərdə, xüsusilə son aylarda Ermənistan cəmiyyətində Rusiyaya qarşı münasibət kəskinləşib. Burada Ermənistanın Qarabağ müharibəsində məğlubiyyəti faktoru və hakimiyyətin faktiki olaraq Rusiyaya qarşı təbliğat aparması, Qərbin mövqelərinin isə Ermənistanda güclənməsi kimi amillər rol oynayıb. Ermənistan cəmiyyətində anti-Rusiya əhvalının yüksəlməsi təbii ki, Rusiyaya yaxınlığı ilə tanınan siyasətçilərin və siyasi təşkilatların seçkilərdə ciddi şəkildə zərərinə işləyə bilər. Bütün bunları Qərbin siyasi strateqləri hesablayırlar. Ona görə də nə qədər gec deyil növbədənkənar seçkilərin keçirilməsini istəyə bilərlər”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ