Onlayn ictimai-siyasi qəzet
Qəbələdə regionun ən böyük xəstəxanasının müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunub ki, bu da insanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsinə yardım edəcək.
Bunu "Report"un Şimal-qərb bürosuna Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov bildirib.
Xəstəxananın direktoru deyib ki, müasir cihazların xəstəxanaya gətirilməsi insanların Bakıya və digər şəhərlərə tibbi xidmət alması üçün üz tutmasının qarşısını alacaq.
"Xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla, o cümlədən maqnit rezonans tomoqrafiyası (MRT), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rəqəmsal teleskopik rentgen cihazı və rəqəmsal DR rentgen qurğusu ilə təchiz olunub", - C.Əhmədov vurğulayıb.
O qeyd edib ki, 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının inşasına 2016-cı ildə başlanılıb və tikinti işləri 2023-cü ildə başa çatdırılıb:
"Xəstəxanamızın hazırkı ştat cədvəlində 948 tibbi işçi var. Bunların 135 nəfəri həkimdir".
Qeyd edək ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanası Prezident İlham Əliyevin 9 aprel 2024-cü ildə Qəbələ rayonuna səfəri zamanı istifadəyə verilib. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 4,9 hektardır. Tibb ocağının altı mərtəbəli əsas binası üç blokdan ibarətdir. Bu səhiyyə müəssisəsində terapiya, uşaq xəstəlikləri, nevrologiya, ümumi cərrahiyyə, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, qəbul, laboratoriya, təcili tibbi yardım, doğum, doğuşdan sonrakı fizioloji şöbələr və hamiləliyin patologiyası şöbəsi də fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu Xəstəliklər Korpusu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsi üçün binalar tikilib.
Xəstəxana Qəbələ rayon əhalisinin eləcə də qonşu bölgə sakinlərinin sağlamlığını nəzərə alaraq inşa olunub. Təkcə işğaldan azad edilmiş ərazilər deyil, bütün ölkənin, bütün regionların dinamik və tarazlı inkişafı məsələləri dövlət başçısının diqqət mərkəzindədir. Prezident ölkənin kompleks inkişafını diqqətdə saxlayır, həm işğaldan azad olunmuş ərazilərə, həm də digər regionlara səfərlər edir. Ölkə başçısının bölgələrə səfəri, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, müəssisələrin, sosial obyektlərin açılışı bunun bariz nümunəsidir.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ