İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Rusiya ilə RAZILIĞA GƏLDİ

Qazaxıstan Rusiya tərəfi ilə taxıl, paxlalılar və yağlı bitkilərin tranzitinə qoyulan müvəqqəti məhdudiyyətlərin aradan qaldırılması barədə razılığa gəlib.

Musavat.com xəbər verir ki, bunu Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov brifinqdə açıqlayıb.

Nazir sırf bu məsələ üçün Moskvaya getdiyini deyib:

"Mən Moskvaya konkret olaraq bu məsələ ilə bağlı getdim, kənd təsərrüfatı naziri ilə, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri ilə görüşdüm. Taxıl, paxlalılar, yağlı bitkilərlə bağlı bütün suallar aradan qaldırılıb. Yəni indi maşınlar əvvəlki kimi yükdaşıma məntəqəsində dayanmır, biz tez bir zamanda ixracı bərpa etmək qərarına gəldik".

O qeyd edib ki, Rusiya Qazaxıstandan bitki məhsullarının tranzitinə ötən ilin oktyabrında tətbiq etdiyi qadağanı yanvarda tamamilə aradan qaldırıb. Taxılın dəmir yolu vaqonlarından gəmilərin ambarlarına daşınmasına məhdudiyyət qoyulması məsələsi də öz həllini tapıb.

Nazirin sözlərinə görə, Qazaxıstan eyni zamanda taxıl ixracı üçün başqa bazarlar, o cümlədən Baltikyanı ölkələr vasitəsilə Avropaya ixrac üçün imkanlar axtarışındadır.

Ötən ilin ikinci yarısında Qazaxıstan BRİCS-ə üzvlük üçün müraciətdən imtina etdikdən sonra Rosselxoznadzor bu ölkədən kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlər tətbiq etməyə başlayıb. Bu çərçivədə 2024-cü il oktyabrın 17-dən Qazaxıstandan Rusiyaya buğda, mərci, pomidor, bibər və bostan məhsullarının idxalı qadağan olunub. Qazaxıstan buğdasının tranzitinə isə əlavə fitosanitar sertifikatların verilməsi şərti ilə şərait yaradılırdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR