Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsi ilə aviasiya qəzasının təhqiqatına dair ilkin hesabat”ı dərc edib. Hesabat nazirliyin rəsmi saytında yerləşdirilib.
Hesabatda qəza sonrası əldə edilən məlumatlar, o cümlədən uçuş qeydiyyatçılarının (“qara qutular”) təhlili əsasında ekspertlərin ilkin nəticələri yer alıb.
“İstintaq komissiyası hava gəmisinin konstruksiya zədələrinin ətraflı müayinəsini davam etdirir. İlkin yoxlamalar zamanı füzelyajın arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sükan və istiqamət sükanlarında müxtəlif ölçü və formalı çoxsaylı deşiklər və deşiksiz zədələr aşkar edilib. Oxşar zədələr hava gəmisinin sol mühərriki, sol qanadı, eləcə də digər aqreqat və komponentlərində də müəyyən olunub. Bəzi zədələrin düzgün düzbucaqlı formaya malik olduğu qeyd edilir”, - hesabatda deyilir.
Ekspertlərin qənaətinə görə, təyyarədəki deşik zədələri xarici obyektlərin hava gəmisinin konstruksiyasına daxil olduğunu göstərir.
Bundan əlavə, komissiya Braziliya, Azərbaycan və Qazaxıstan hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə əlavə məhkəmə ekspertizası üçün zədələrdə qala biləcək kənar obyektlərin çıxarılması üzrə tədbirlər həyata keçirib. Nəticədə, deşiklərdən çox sayda kənar obyekt çıxarılıb, hesabatda qeyd olunub.
“Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı da açıqlanıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, 25 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.
İlkin hesabat aşağıdakı faktları təsdiq edir:
1. 25 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olmuşdur. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapmışdır.
2. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışmışlar. Bu məlumat (FDR vasitəsilə təsdiq olunmuşdur.
3. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşmişdir.
4. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar vermişdir. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınmışdır.
5. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilmişdir ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxmışdır.
6. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunmuş və foto, habelə video qeydiyyata alınmışdır. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunmuşdur.
7. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilmişdir. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməmişdir.
8. Hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülmüş və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilmişdir. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılmışdır.
9. 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Ковер” əməliyyatı barədə Qoznıya məlumat verir.
10. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmamışdır.
Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilmişdir.
BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1 il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən artıq işlər başlanılmışdır.
Rusiya hələ də Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin korpusunda tapılan elementlərin nümunələrini almayıb. Rusiya aviasiya dairələrindəki mənbə RT-yə açıqlayıb ki, bəzi xarici KİV-in bu elementlərin “Pantsir” hava hücumundan müdafiə raket sisteminin parlaq elementləri olması barədə açıqlamaları əlavə araşdırma və ekspertiza tələb edir.
Mənbə qeyd edib ki, Qazaxıstan hökumət komissiyasının hesabatında bu elementlər müəyyən edilməyib. Bununla belə, onların mənşəyinin öyrənilməsinə ehtiyac var.
Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri Natiq Cəfərli mövzu ilə fikirlərini belə ifadə edib: “Dost, qardaş Qazaxıstan dövləti bütün basqılara, Kremlin min oyununa baxmayaraq təyyarımizin Rusiya səmasında vurulduğunu, AZAL-ın uçağına Qroznı üzərində atəş açıldıqdan 8 dəqiqə sonra “kover” əməliyyatının elan edildiyini, qəhrəman pilotlarımızın Rusiya ərazisinə enmək üçün izin istədiyini, buna şərait yaradılmadığını təsdiq etdi. Bu hələ ilkin araşdırmanın nəticəsidir, növbəti mərhələdə başqa detallar da üzə çıxacaq. Azərbaycanın ilk gündən Rusiyaya qarşı irəli sürdüyü bütün ittihamlar öz təsdiqini tapır, deməli, rəsmi Bakının səsləndirdiyi tələblər də tam hüquqi və ədalətlidir: Rusiya üzr istəməli, kompensasiya ödəməli, təyyarəmizi vuran caniləri cəzalandırmalıdır!”.
“Atlas” Arşdırmalar Mərkəzinin sədri, poltioloq Elxan Şahinoğlu isə bildirib ki, AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatda yazılanlar məlumun elanıdır: “Təyyarə kənar müdaxilə nəticəsində qəzaya uğrayıb, “quş sürüsü” və “oksigen balonunun partlaması” təsdiqini tapmayıb. Rusiya saytlarına baxdım, hesabat barədə məlumat yaysalar da, mətnin içərisi barədə detallı yazmayıblar, yenə diqqəti qəzanın baş vermə səbəbindən yayındırmağa çalışırlar. Bunlar hesabatda yazılanları belə fərqli şəkildə izah edirlər. Belə olan halda Rusiyadan kompensasiya və cinayətkarların cəzalandırılmasını gözləməyə dəyməz”.
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ