Onlayn ictimai-siyasi qəzet
Son aylarda qiymətlərin xeyli dərəcədə ucuzlaşdığı dünya qaz bazarında baş verən proseslər qaz hasilatçısı və istehlakçı ölkələrin ciddi mübarizəsi ilə müşayiət olunmaqdadır. Böyük Yeddilik və Avropa İttifaqı Rusiyadan bütün növ qazın - həm boru, həm maye - alışını tam dayandırmaq istiqamətində irəlilədikcə, Moskvanın buna qarşı addımları da sərtləşir.
Mayın əvvəlində Yeddilik Qrupu (G7) ölkələrinin energetika nazirləri Rusiya qazının idxalını tam dayandırmaq üçün fəaliyyətləri davam etdirmək barədə razılığa gəliblər. Nazirlərin aprelin 29-dan 30-dək Turində baş tutan görüşünün yekunlarına dair bəyanatındana aydın olur ki, G7 ölkələri üstünlüyü maye qaza verməyə razılaşıblar: “Biz Rusiyanın enerji resurslarından əldə olunan gəlirlərin məhdudlaşdırılmasının Ukraynaya dəstəyin vacib hissəsi olduğunu başa düşürük və biz Rusiya qazından əhəmiyyətli asılılığa son qoymağa və onun idxalından mümkün qədər tez imtina etməyə çalışırıq”.
Bununla əlaqədar olaraq, G7 ölkələrinin energetika nazirləri mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün artırılmasının vacibliyini vurğulayaraq qeyd ediblər ki, bu sektora investisiyalar böhranı aradan qaldırmaq və potensial qaz çatışmazlığı problemini “məqbul” həll etmək üçün uyğun ola bilər. Bəyanatda həmçinin qeyd edilir ki, “Rusiya enerjisindən tədricən uzaqlaşmanı sürətləndirmək” üçün hökumət dəstəyi ilə qaz sektoruna investisiyalar “müvəqqəti tədbir kimi məqsədəuyğun ola bilər”. Bununla belə, sektora sərmayə qoymaq istəyənlər Avropa İttifaqının “iqlim məqsədlərinə uyğun” hərəkət etdiklərinə əmin olmalıdırlar.
Bu ilin əvvəlindən Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiya paketinin hazırlanmasına başlanılıb və orada Rusiyadan maye qaz alışının dayandırılmasına dair mərhələli plan hazırlanmasına dair müddəaların olduğu bildirilir. Eyni zamanda Aİ 2024-cü ilin sonunda Ukrayna üzərindən Rusiya qazının nəqlinin dayanmasına tam hazır olduğunu, yaranacaq boşluğun əlavə maye qaz həcmləri ilə doldurulacağını açıqlayıb.
Rusiya isə həm Avropanın almayacağı həcmləri satmaq üçün bazar axtarışındadır, həm də Ukraynadakı qaz anbarlarını sıradan çıxarmaqla Avropanı əlavə ehtiyat yaratmaq imkanlarından məhrum etməyə çalışır. Moskva yaxşı bilir ki, son 2 ildə Avropanın onun qazının idxalını minimuma salması müqabilində qışdan rahatlıqla çıxmasında əlverişli iqlim şərtləri mühüm rol oynayıb. Havaların ənənəvi şərtlərə uyğun keçməsi kifayətdir ki, qışda Avropanın anbarlarındakı ehtiyatlar sürətlə ərisin. Bu variantda Ukrayna ərazisindəki anbarlar əvəzsiz rol oynaya bilər: əsasən ölkənin qərbində yerləşən anbarların tutumu 31 milyard kubmetrdir. Yerin 2 km dərinliyində olan anbarları vura bilməsə də, mart ayında Rusiya onların yerüstü xidmət strukturlarına ballistik raketlərlə zərbələr endirib. Ötən il Avropa şirkətləri Ukrayna anbarlarında 2 milyard kubmetrdən çox qaz toplamışdılar və bu il həcmlərin daha çox olacağı gözlənilirdi.
Rusiya həmçinin bütün mümkün vasitələrlə öz qazına bazar tapmağa çalışır. Hazırda Rusiyanın Avropadan kənarda qaz satışını artırmaq imkanları böyük ölçüdə Çinlə bağlıdır. Çinə satışı artırmaq üçün təklif olunan “Sibirin gücü-2" layihəsinə Pekindən heç bir maraq göstərilməməsi Rusiyanın digər variantlara əl atmasına səbəb olub. İlk olaraq Türkmənistan, Özbəkistan və Qazaxıstan qazını Çinə çatdıran şəbəkəyə qoşulmaq üçün cəhdlər edilsə də, Aşqabadın qəti etirazı nəticəsində buna nail oluna bilmədi. Nəticədə Rusiya daha çox xərc tələb edən variantlara əl atmalı oldu: Özbəkistana ucuz qaz təklif etdi - Daşkənd razılaşdı, çünki Rusiyadan ucuz qazı alıb öz istehsalının məhsulunu baha qiymətə Çinə göndərmək iqtisadi baxımdan əlverişlidir. Artıq ötən ilin oktyabrından Qazaxıstan üzərindən Özbəkistana nəql başlanıb.
Rusiyanın ikinci addımı Qazaxıstan üzərindən bu ölkənin qaz şəbəkəsindən istifadə etməklə Çinə qaz ötürməklə bağlı oldu. Artıq bu istiqamətdə də Astana ilə razılaşma əldə olunub. Rusiya qazının Qazaxıstan üzərindən Çinə tranzitinin həcmi təxminən ildə 35 milyard kubmetr nəzərdə tutulub. Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayevin dediyinə görə, ölkəsi tranzit potensialımızdan maksimum istifadə etmək istəyir: “Yol xəritəsi imzalanıb. Söhbət Çinə ötürüləcək 35 milyard kubmetrdən gedir. Bu, Qazaxıstanın şərq və şimal-şərq rayonlarının qazlaşdırılmasına imkan verəcək. Biz təkcə tranzitlə məşğul olmayacağıq, həm də əhalinin ehtiyacları üçün qaz alacağıq. Hazırda qiymətlə bağlı danışıqlar gedir. Bütün detallar bunlardır, amma ümumilikdə yol xəritəsi imzalanıb, istək var, anlaşma var, bəzi detallar qalıb”.
Bu arada, qış mövsümündən rekord ehtiyatla çıxan Avropa anbarlarını sürətlə doldurur. Gas Infrastructure Europe-nin (GIE) məlumatına görə, mayın 6-da Avropa İttifaqı ölkələrindəki yeraltı qaz anbarlarına 222 milyon kubmetr qaz vurulub, onlardan 72 milyon kubmetr götürülüb. Hazırda Avropanın anbarları 63,81 faizdoludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 15 faiz bəndi çox), onlarda 69,8 milyard kubmetr qaz var.
May ayında Aİ-nin elektrik enerjisi istehsalında külək enerjisinin payı 15 faiz təşkil edir. Terminallardan Avropa qaz ötürmə sisteminə maye qaz daxilolmaları may ayında əvvəlki ayla müqayisədə azalıb. Hazırda maye qazın yenidən qazlaşdırılması və daha sonra Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 43 faizi ilə yüklənir. Apreldə Avropada qazın orta alış qiyməti 1 min kubmetr üçün 320 dollar təşkil edib, may ayında təxminən 340 dollardır.
Ehtiyaclarını maye qaz və alternativ enerji ilə təmin etmək imkanları getdikcə artan Aİ uzunmüddətli müqavilələr əsasında digər ölkələrdən boru qazının nəqlini nəzərdə tutan layihələri arxa plana keçirməyə çalışır. Lakin Avropanın maye qaz qəbulu üçün infrastrukturu olmayan cənubundakı kiçik ölkələr Ukrayna üzərindən Rusiya qazının nəqlinin dayanmasına hazır deyillər. İtaliya və Avtriyadan fərqli olaraq Slovakiya kimi ölkələr digər mənbələrdən qaz tapmağa çalışırlar. Bu günlərdə Azərbaycanda səfərdə olan Slovakiyanın baş naziri Robert Fitso ölkəsinin Azərbaycandan qaz almaq istəyini bir daha dilə gətirib. Onunla görüşdə Prezident İlham Əliyev bildirib ki, bu istək reallaşa bilər: “Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında ”Həmrəylik Halqası" adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.
Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq".
Fitso isə çox maraqlı bir təkliflə çıxış edib. O, Azərbaycan qazının Rusiya və Ukrayna üzərindən Slovakiyaya, oradan isə digər Avropa ölkələrinə nəqlini təklif edib: “Azərbaycan təbii qazının Slovakiyaya idxalını da həyata keçirə bilərik. Detallara varmaq istəməzdim. Rusiya və Ukrayna bəlli səbəblərə görə Avropaya artıq qaz ixrac edə bilmir. Slovakiyaya böyük həcmdə qazın gətirilməsində təbii ki, maraqlıyıq. İldə təxminən 20 milyard kubmetr qazdan söhbət gedir. Bu, Avropaya gələn qazın böyük ölçüdə şaxələndirilməsinə töhfə verəcək. Bu müqavilənin imzalanmasına çox yaxınıq.
Ukrayna-Rusiya sərhədindən Azərbaycan qazını nəql etmək olar. Beləliklə, tranzit həcm 20 milyard kubmetr təşkil edər. Ukrayna-Azərbaycan-Rusiya əməkdaşlığı sayəsində bu qaz həmin boru ilə Mərkəzi Avropa istiqamətində gedə bilər. Cənab Prezident bu layihəyə maraqla yanaşdı, çünki sizin qazın tranziti üçün o böyük fürsətdir".
Slovakiya baş nazirinin təklifi bir neçə baxımdan maraq doğurur. Əvvəla, Aİ 2022-ci ildə Azərbaycandan qaz idxalının 2 qat artırılmasına dair memorandum imzalasa da, onun reallaşması üçün zəruri dəstəyi təmin etməkdə maraqlı görünmür. Avropa ölkələri Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizinin genişləndirilməsi layihəsinin reallaşması üçün zəruri olan qaz alışına dair uzunmüddətli müqavilələr imzalamaq istəmirlər.
Azərbaycan isə qaz hasilatını artırmaq üçün layihələrə vəsait xərcləyir və zamanı gələndə artıq həcmləri satmaq üçün bazar tapılmalıdır. Bu baxımdan, Ukraynadakı müharibənin başa çatması Azərbaycan qazının Rusiya və Ukrayna üzərindən Avropaya nəqli ilə bağlı əlverişli şərtlər formalaşdıra bilər. Azərbaycandan Rusiyaya qaz nəqli üçün hazırkı infrastruktur illik 10 milyard kubmetr qazın çatdırılmasına imkan verir. Söhbət Mozdok- Şirvanovka-Hacıqabul boru kəmərindən gedir. Tarixən (1983-cü ildən) bu magistral qaz boru kəməri qazın Rusiyadan Azərbaycana nəql edilməsi üçün istifadə olunub. 2007-ci ildən etibarən, Azərbaycanda hasil olunan qaz həcmlərinin artması və daxili tələbatın tam ödənilməsindən sonra bu boru kəməri ümumilikdə intensiv şəkildə istifadə edilməyib.
2010-2014-cü illərdə Azərbaycanda hasil olunan qazın müəyyən həcmlərinin Rusiyaya ixracı üzrə razılaşmalar çərçivəsində Hacıqabul-Mozdok magistral qaz kəməri ilə artıq əks istiqamətdə, qazın Azərbaycandan Rusiyaya ixracı üçün də istifadə edilib.
İllik ötürmə qabiliyyəti 10 milyard kub metr olan boru kəmərinin uzunluğu 680 km təşkil edir, bunun 200 km-lik hissəsi Azərbaycanın ərazisinə düşür. Bu boru kəmərinin operatorları SOCAR və Rusiyanın “Qazprom” şirkətidir.
Yəni hazır infrastrukturun olması razılaşmalar əldə edildiyi təqdirdə ildə 10 milyard kubmetr Azərbaycan qazının Rusiya və Ukrayna üzərindən Avropaya çatdırılmasına imkan verir...
Dünya SAKİT,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ