Onlayn ictimai-siyasi qəzet
Özünü falçı kimi təqdim edərək vətəndaşın külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunan Mətləb Nemətullayevin cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan edilib.
İttihamda deyilir ki, Nemətullayevin cinayətinin üstü xanım müştərisinə hədə-qorxu gəldikdən sonra açılıb.
İttihamda göstərilib ki, instaqramda “Baxıcı Ekstrasens Hikmət” adı ilə fəaliyyət göstərmiş təqsirləndirilən şəxs falçı xidməti üçün müraciət edən Mədinə Məmmədovanı (ad və soyad şərtidir) aldadıb.
Mədinə ailəsində yaranmış problemin həll olunması, evindəki caduların təmizlənməsi, qardaşının ondan ayrılmaq üzrə olan həyat yoldaşının evə qayıtmasını və övladını abort etdirməməsi, anasının ölümcül xəstəliyə qalib gəlməsi və qardaşının əsəblərinin hər zaman sakit olması üçün Mətləbə ümumilikdə 7 min 790 manat pul verib.
Təqsirləndirilən şəxs söz verib ki, zərərçəkmişin qeyd etdiyi bütün problemləri aradan qaldıracaq.
Lakin bir müddət sonra müttəhimlə zərərçəkmişin arası pozulub. Mətləb cadugar kimi göstərdiyi xidmətə görə Mədinədən daha 2400 manat miqdarında pul tələb edib.
Zərərçəkmiş şəxs pulu verməkdən imtina etdikdə isə Mətləb onu özü və yaxın qohumları haqda rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. Bundan əlavə, qisas almaq niyyəti ilə zərərçəkmişin qardaşının və onun qayınanasının şəkillərini sosial şəbəkəyə yerləşdirib.
Zərərçəkmiş şəxsin şikayətindən sonra M.Nemətullayev həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Müttəhim dələduzluq və hədə-qorxu ilə bağlı ittihamı qəbul etmir. Nemətullayev zərərçəkmiş şəxsdən pulu faizə götürdüyünü deyib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ