İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağla bağlı bu məhdudiyyət götürüldü - sırada hansıdır...

Çingiz Qənizadə: “Şəxsi minik avtomobilləri ilə getmək hələlik tezdir”

Xəbər verildiyi kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reysləri ilə səfər üçün yaş məhdudiyyəti aradan qaldırılıb.

Bu barədə nazirlikdən bildirilib. Məlumata görə, artıq oktyabrın 27-dən 18 yaşına çatmayan şəxslər üçün də www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada bilet almaq mümkündür. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

Yada salaq ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər ümumilikdə 627 reys həyata keçirilib, 25 727 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Bəs sıravi vətəndaşlar tezliklə öz şəxsi avtomobillərində, ailəliklə Şuşanı, digər azad edilmiş məkanları ziyarət edə bilərmi?

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Yeni Müsavat”a deyilib ki, bu, qurumun səlahiyyətində deyil: “Biz yalnız müntəzəm avtobus reysləri ilə bağlı məlumat verə bilərik. Fərdi şəxslərin öz avtomobillərində həmin ərazilərə yollanması bizim səlahiyyətimizdə deyil”.

10 il oturub indi narkotiklə mübarizəyə başlamışıq“ - Çingiz Qənizadə

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, tanınmış hüquq müdafiəçisi Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, işğal altında olan torpaqlara getmək hər bir azərbaycanlının arzusudur: “Şəxsən mən özüm də şəxsi avtomoblimlə ailə üzvlərimlə işğaldan azad olan torpaqlarımıza getmək istəyirəm. Amma bir tərəfdən də nəzərə almalıyıq ki, hələ ki bu bölgədə tək-tək mina partlayışları olur, müəyyən avtoqəza hadisələri baş verir. Niyə? Çünki bu ərazilərdə həm quruculuq-abadlıq işləri gedir, həm də minalardan təmizlənmə prosesi gedir. Yəni fərdi olaraq vətəndaşlar şəxsi avtomobilləri ilə harasa getmək üçün portaldan icazə alıb getmək istəyərlərsə, təbii ki, indiki dönəmdə heç kəs zəmanət verməz ki, onlar təsdiq olunmuş marşrutlardan çıxmayacaqlar, yaxud minalardan təmizlənməmiş ərazilərə getməyəcəklər. Yəni səhlənkarlıq edə bilərlər ki, bu da insan tələfatı ilə nəticələnə bilər. Əvvəllər 18 yaşına qədər uşaqların getməsi qadağan olunurdusa, bu proses bir az sadələşdirilir. Ümid edirəm ki, sadələşdirmə prosesləri davam etdikcə, cəmiyyəti narahat edən məsələlər də həllini tapmış olacaq. Gələcəkdə vətəndaşlar öz şəxsi avtomobilləri ilə və ailə üzvləri ilə bu bölgələrə səfər edə biləcəklər. Amma hələlik bu bölgələrdə təhlükəli yerlər olduqca çoxdur. Təmizlənməmiş minlərlə mina var. İnsanların azacıq səhlənkarlığı, qadağan olunan yerlərə keçmələri onların tələfatı ilə nəticələnə bilər. Avtobusların getdiyi marşrut isə tam nəzarətdədir, relslərin də sayını ona görə artırdılar ki, insanlar daha çox gedə bilsinlər. Şəxsi minik avtomobilləri ilə getmək hələlik tezdir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR