İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağa ayaq basmayan yeganə türk lider - Gülyanaq onu Şuşaya gətirəcəkmi...

Xalq artisti: “Onu görsəm deyəcəm ki, sizi Qarabağda gözləyirik”; politoloq: “Türkmənistan azad edilən ərazilərdə bərpa işlərinə ona görə qoşulmur ki...”

Xəbər verdiyimiz kimi, Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova həsr etdiyi yeni mahnısını təqdim edib. Klipin çəkilişləri Bakıda baş tutub, montaj işləri isə Türkmənistanda həyata keçirilir. Klipin yaxın günlərdə ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Biz sözsüz ki, türk dövlətlərinin hamısının rəhbərlərinə sayğı ilə yanaşırıq. Amma “uman yerdən küsərlər” deyib müdriklərimiz. Məsələ ondadır ki, Qarabağ işğaldan azad olunandan sonra Türkmənistan rəhbəri həmin torpaqlara ayaq basmayan yeganə türk liderdir. Artıq Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Qarabağda olub, Azərbaycanın quruculuq işlərinə öz töhfələrini və hədiyyələrini veriblər. Ya məktəb, ya da başqa obyektlər inşa etməklə.

Hətta Belarus Prezidenti Aleksandr Lukaşenko, Tatarıstanın rəisi Rüstəm Minnixanov da Prezident İlham Əliyevlə birgə azad edilmiş Qarabağda olub, Azərbaycana gərəkən dəstəyi verib və verir. O sırada Zəngilanda “Araz Vadisi” Sənaye Parkının birinci obyekti Tatarıstanın obyektidir. Təkcə Türkmənistandan səs çıxmayıb. Görəsən, niyə?

Xatırladaq ki, 1995-ci ildən BMT tərəfindən tanınan “müsbət neytrallıq” statusu Türkmənistanın xarici siyasətinin əsas sütunlarından biridir. Bu siyasət çərçivəsində Türkmənistan heç bir hərbi blokda iştirak etmir, regional münaqişələrə qarışmır və balanslı mövqe sərgiləməyə çalışır. Ümumiyyətlə, qapalı və avtoritar siyasi sistemə malik Türkmənistan xarici səfərlərdə və regional təşəbbüslərdə ehtiyatlı davranır. Prezident Sərdar Berdimuhammedov atası Qurbanqulu Berdimuhammedovun dövründə qurulmuş sərt və təcridçi xətti davam etdirir.

Bəllidir ki, Türkmənistan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusundadır, tamhüquqlu üzv deyil. Bu da onun türkdilli dövlətlər arasında inteqrasiyada daha az fəallıq göstərməsinə səbəb olur.

Bu mənada daha məntiqli olmazdımı ki, Gülyanaq xanım mahnını Qarabağda olmuş digər türk liderlərindən birinə ithaf edəydi?

Gülyanaq Türkmənistan prezidentinə mahnı həsr etdi: "Arkadağlı Sərdarımız"

Mövzu ilə bağlı Xalq artisti “Yeni Müsavat”a danışıb: “Bir neçə il dəfələrlə ard-arda Türkmənistanda səfərdə oldum. Orada çox gözəl, səmimi münasibətlə qarşılandım. Məlum olduğu kimi, illər öncə Türkmənistanın o zamankı Prezidenti Qurbanqulu Berdimuhammedovun sərəncamı ilə qızıl medala layiq görülmüşəm. Bu, mənim yaradıcılığımın və ümumilikdə Azərbaycan musiqi mədəniyyətinin yüksək dəyərləndirilməsi idi. Bu medala görə necə təşəkkür edim deyə düşünürdüm. Nəhayət, qərara gəldim ki, bu təşəkkürümü musiqi ilə ifadə edim. Özümə borc bildim ki, bir mahnı hazırlayım və onu həm prezident Qurbanqulu Berdimuhammedova, həm də onun layiqli davamçısı, hazırkı prezident Sərdar Berdimuhammedova həsr edim. Beləliklə, klip Azərbaycanda çəkildi, kadrların hamısı Türkmənistana göndərildi və klip orada montaj olunaraq televiziyada yayımlandı. Bunu Azərbaycanla Türkmənistan arasında mədəni körpünün daha da möhkəmlənməsinə xidmət edən bir təşəbbüs kimi dəyərləndirirəm. Bir vətəndaş olaraq, iki türk dövlətinin qardaşlığına, ortaq tarix və mədəniyyətinə, türklüyə və türkçülüyə böyük önəm verdiyim üçün prezident Sərdar Berdimuhammedovla görüşsəm, demək istərdim ki, biz sizi Qarabağda gözləyirik”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə Türkmənistan liderlərinin hələ də Qarabağa səfər etməməsinin səbəbini bu cür şərh edib: “Türkmənistanın özünəməxsus daxili və xarici siyasəti var. Daxili siyasətdə əslində Türkmənistan çox qapalı ölkədir, çox güclü qadağalar var. Bəzən bu qadağalar o qədər sərtdir ki, cəmiyyətin normal həyatına da mane olur. Məsələn, internetlə bağlı tətbiq edilən məhdudiyyətlər, sosial mediaya çıxışın çətinliyi, binaların məcburi şəkildə ağ rəngə boyanması, vətəndaşların geyim tərzinə dair qoyulan sərt qaydalar və sair bu ölkənin nə qədər avtoritar idarə olunduğunu göstərir.

Xarici siyasətdə isə Türkmənistan sanki neytral və təcridçi xətt tutub. Məsələn, Türk Dövlətləri Təşkilatında görürük ki, tamhüquqlu üzv deyil, müşahidəçi statusunda iştirak edir və proseslərdə aktivlik nümayiş etdirmir. Halbuki Türk dünyasına inteqrasiya baxımından bu qurum çox önəmlidir. Bu təşkilat vasitəsilə təkcə mədəni deyil, siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik sahələrində də əməkdaşlıq genişlənir. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Türkiyə bu istiqamətdə birgə layihələr həyata keçirir. Amma Türkmənistan bu proseslərə ehtiyatla və tərəddüdlə yanaşır, bu da onun xarici siyasətindəki passivliklə bağlıdır".

Politoloqa görə, Aşqabad ikitərəfli münasibətlərdə də son dərəcə ehtiyatlı davranır: “Azərbaycanla münasibətlərində də bunun izləri görünür. 1990-cı illərdə Xəzərin statusu, dəniz yataqları ilə bağlı ciddi fikir ayrılıqları yaşanmışdı. Bu problemlər bir müddət regional əməkdaşlığa da təsir etmişdi. Prezident dəyişəndən sonra məsələlər müəyyən qədər arxa plana keçdi, münasibətlərdə nisbi normallaşma yarandı. Ancaq bu gün də münasibətləri yüksək səviyyədə adlandırmaq çətindir. Təbii ki, biz eyni kökdən olan xalqlarıq, tarixi, mədəni bağlılıqlarımız var. Amma Türkmənistanın öz təhlükəsizlik doktrinası, beynəlxalq risklərə qarşı həssas yanaşması və neytral statusu onun regiondakı proseslərə, o cümlədən Qarabağdakı bərpa işlərinə birbaşa və açıq şəkildə qoşulmasına imkan vermir. Bu isə bir daha qeyd edirəm ki, Türkmənistanın spesifik xarici və təhlükəsizlik siyasəti ilə bağlıdır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR