Onlayn ictimai-siyasi qəzet
Politoloq: "Prezident Qarabağdan köçən ermənilərin Azərbaycanın heç bir təklifini qəbul etmədiklərini ən yüksək səviyyədə bir daha dilə gətirdi"
“Hələ 2023-cü ilin sentyabrında, biz birgünlük antiterror əməliyyatı keçirənə qədər Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planını rəsmi olaraq dərc etdik. Bu, açıq şəkildə edildi. Bu, internetdə elan olundu. Çünki erməni ictimaiyyətinin nümayəndələri ilə təmas qurmaq üzrə çoxsaylı cəhdlərimiz uğurla nəticələnmədi. Onlar bizə məhəl qoymur, bizimlə görüşmək, bizimlə danışmaq istəmirdilər”. Prezident İlham Əliyev “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində belə deyib.
Prezident daha sonra deyib: “Belə olan təqdirdə orada yaşayanların, necə deyərlər, diqqətinə çatdırmaq üçün biz bunu internetdə yaydıq. Orada kifayət qədər aydın şəkildə hər şey yazılıb, istəyən hər kəs baxa bilər, təhsildən, mədəni mühitin qorunub saxlanmasından, reinteqrasiyadan, inteqrasiya yollarından, yaxud yaşamaq üçün müraciət etmək və ya vətəndaşlıq almaq, yaxud işləməyə icazə verilməsinədək bütün məsələlər. Vəziyyət bundan ibarət idi. Əgər onlardan hər hansı biri bütün bu baş verənlərdən sonra hansısa anlaşılmaz "Dağlıq Qarabağ respublikasında" yaşadığını düşünürdüsə, bu, onların problemidir. Yəni hər hansı bir insan kimi. Bir insan Azərbaycandan Rusiyaya işləməyə gedir, müvəqqəti yaşayış hüququ və ya çalışma icazəsi alır, qeydiyyatdan keçir, sonra o, vətəndaşlıq üçün müraciət edir. Proses bundan ibarətdir. Biz də bunu təklif etdik, amma heç biri qəbul olunmadı. Belə olan halda orada vəziyyət dəyişdi, orada qalanlar, - onların sayı isə o qədər də çox deyildi, təqribən 30-dan çox insan, bir hissəsi sonra çıxıb getdi, - əvvəlki kimi Azərbaycandan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial yardım alırlar, onların müalicəsi, ərzaqla təminatı qarşılanıb, orada həyat tam təmin edilib. Məsələ məhz bundan ibarətdir. Buna paralel olaraq Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda - 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq".
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Prezident Qarabağdan köçən ermənilərin Azərbaycanın heç bir təklifini qəbul etmədiklərini ən yüksək səviyyədə bir daha dilə gətirib: “Bir daha bəlli olur ki, Azərbaycan dövləti erməni əhalinin köçüb getməməsi üçün qanuni təkliflər irəli sürüb. Ermənilər Azərbaycanda qalıb yaşamaq istəmədilər. Qarabağdan köçən ermənilərlə Ermənistandan deportasiya edilən azərbaycanlıların arasında fərq budur ki, erməniləri Azərbaycan deportasiya etmədi, zorla çıxarmadı, əksinə, dəfələrlə müraciətlər edildi ki, onlar köçməsinlər. Azərbaycan dövləti ermənilərin etdiyi bütün cinayətlərə rəğmən onlara vətəndaşımız kimi qalıb yaşamaq çağırışı etdi”.
Politoloq qeyd etdi ki, Prezident İlham Əliyevin fikirləri həmçinin Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın məsələsinin Azərbaycan dövlətinin və dövlətin başçısının diqqətində olan prioritet məsələlərdən biri olduğunu bir daha təsdiqləyir: “Prezident İlham Əliyev beynəlxalq mediaya, nüfuzlu telekanallara müsahibələrində, nüfuzlu beynəlxalq əhəmiyyətli tədbirlərdə qərbi azərbaycanlıların Ermənistandan deportasiya olunduğu və soydaşlarımızın öz tarixi torpaqlarına geri qayıtmasının vacibliyini intensiv şəkildə bəyan edir. Eyni zamanda dövlətimiz bununla kifayətlənmir. Azərbaycanda Qərbi Azərbaycan İcması yaradılıb, bu icmanın fəaliyyətinə dövlətin xüsusi qayğısı var. Ancaq hələ ki İrəvan bu müraciətlərə, bu suallara rəsmi cavab verməyib. Ermənistanın 1980-ci illərin sonları, 1990-cı ildə 300 min azərbaycanlını tarixi torpaqlarından deportasiya etməsi beynəlxalq konvensiyaların, insan hüquqlarının açıq-aşkar pozulması faktıdır. Bu faktı inkar etmək mümkün deyil, bu baş verib. Bu deportasiya faktı Ermənistan dövlətinin üzərindəki ləkə və cinayətlərdən biridir. Üzərindən 35 il keçməsi o demək deyil ki, Ermənistan yaxasını kənara çəkməlidir. Ermənistan bu cinayətinə görə cavab verməlidir və cavab verəcək. Ermənistanın bu məsələdə yeganə ən düzgün seçimi o ola bilər ki, Azərbaycanın qaldırdığı məsələyə adekvat cavab versin. Adekvat cavab isə deportasiya etdiyi azərbaycanlıların öz tarixi torpaqlarına, evlərinə geri dönüşünə, reinteqrasiyasına şərait yaradılması, azərbaycanlıların hüquqlarının tanınmasıdır. İrəvan bilməlidir ki, Azərbaycan dövləti bu məsələdə öz haqlı, ədalətə, beynəlxalq hüquqa əsaslanan mövqeyindən geri çəkiləsi deyil. Azərbaycan bu gün Ermənistan adlanan Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın məsələsini artıq beynəlxalq müstəviyə, BMT səviyyəsinə qədər çıxarıb və bu prosesi daha da dərinləşdirməkdə qərarlıdır. Çünki haqlı tərəfdir, ədalətin bərpasını istəyir. Ona görə də Ermənistan gec-tez qərbi azərbaycanlılar məsələsində Azərbaycan dövlətinin haqlı tələbini qəbul etməli olacaq. Qərbi Azərbaycana qayıdış sülh layihəsidir, tarixi ədalətin və beynəlxalq hüququn bərpa olunmasını ehtiva edir”.
Politoloq qeyd etdi ki, Qərbi Azərbaycana qayıdış həm də Azərbaycan xalqının qarşısında duran milli vəzifələrdən biridir: “Zaman-zaman müxtəlif təzyiqlərə, təqiblərə məruz qalan xalqımız ona aid olan tarixi coğrafiyalardan müxtəlif yollarla çıxarılıb, etnik təmizləmə siyasətinin qurbanı olub, deportasiya olunaraq hüquqları tapdalanıb. Qərbi azərbaycanlılar tarix boyu 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1950-ci və 1987-1991-ci illərdə tarixi yurdlarından bu və ya digər formada təqib olunaraq, təzyiqlərə məruz qoyularaq çıxarılıb. Biz heç zaman bizə aid olan tarixi torpaqlarımızı unutmamışıq, bu gün də unutmuruq. Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın tarixi vətənlərinə qayıdışına nail olmaq məsələsi artıq Azərbaycanın milli məsələsinə çevrilib. Növbəti mərhələdə Qərbi Azərbaycana qayıdışla bağlı yeni mübarizə forması və metodları müəyyənləşdirilib. Bir neçə həftə öncə Bakıda Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfrans keçirilib. Konfransda 51 ölkənin nümayəndəsi iştirak edib. İnsan hüquqları üzrə ekspertlər qərbi azərbaycanlıların hüquqlarının pozulması ilə əlaqədar hüquqi mexanizmlərin səfərbər edilməsi məqsədilə fikir mübadiləsi apardılar. Beynəlxalq hüquqda qayıdışın mexanizmlərinin araşdırılması ilə bağlı müzakirələrin nəticəsi olacaq. Prosesin müsbət sonluqla bitməsi üçün gələcəkdə dövlətimizin bütün lazımi addımları atacağı şübhəsizdir".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ