Onlayn ictimai-siyasi qəzet
Avqustun 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının diqqəti Budapeştdə idi. Son 17 ildə Qarabağ adını Avropanın yaşıl meydanlarına qürurla daşıyan Ağdamın “Qarabağ” klubu ölkə futbolu adına ən vacib oyunlardan birinə çıxırdı. Rəqib Macarıstanın “Fradi” ləqəbli 126 yaşlı klubu “Ferensvaroş” klubu idi. Hər kəs yaxşı bilirdi ki, bu oyun heç də rahat keçməyəcək. Hətta bir qolluq məğlubiyyətə, heç-heçəyə razı olanlar kifayət qədər çoxluq təşkil edirdi.
Rəqibin baş məşqçisi Robbi Kin, eləcə də oyunçular oyundan öncə çox iddialı danışırdılar. Amma necə deyərlər, “sən saydığını say, gör fələk nə sayır”.
“Qarabağ” rəqibinə birinci hissəni oynamağa “izn verdi”. İkinci hissə isə sözün həqiqi mənasında macarlar üçün kabus kimi keçdi. “Köhlən atlar” doğma meydanlarını rəqibə və onun on minlərlə azarkeşinə dar etdi. Hesabı 0:1-dən 1-3-ə gətirən Azərbaycan çempionu tarixində ikinci dəfə ən mötəbər turnirin liqa mərhələsində oynamağa yaxındır. Qalır 27 avqustda Bakıda keçiriləcək oyunda arxayınlaşmadan yalnız və yalnız qələbəyə köklənmək. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun üstünlüklərindən biri də rəqib hansı klub olursa-olsun, onu ciddiyə almaq, aşağılamamaqdır. Onun mətbuat konfransında dediklərinə diqqət edək: “Qətiyyən özümüzü üstün hiss etmirik. Çünki bu, Çempionlar Liqasıdır. Qarşımızda çox ciddi rəqib, istəkli, məğlub olmağı istəməyən bir baş məşqçi var. Rəqibin oyun üslubu elədir ki, istənilən standart vəziyyətdə, istənilən hücumda qol vurmaq qabiliyyəti olan hücumçuları var. Biz Bakıdakı oyunda daha da ciddi olmalıyıq, arxayınlaşmalı deyilik. Biz bu gün bu qələbəni bayram etməli deyilik”.
Tahir Gözəl
“Qarabağ” klubunun rəhbəri Tahir Gözəl də ehtiyatlı danışıb. O, avqustun 27-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək cavab görüşündə azarkeşlərin dəstəyinin çox vacib olacağını vurğulayıb: “İndi son 90 dəqiqəmiz qalıb. Cütün taleyinə hələ aydınlıq gəlməyib. Qarşımızda mübariz ruhlu, çox güclü və təhlükəli rəqib var. Maksimum dərəcədə diqqətli olmalıyıq. Texniki heyət də bunu yaxşı bilir. Azarkeşlərimizdən komandamıza böyük dəstək nümayiş etdirmələrini xahiş edirəm. Çünki cavab matçında azarkeş dəstəyi həlledici rol oynaya bilər. İnanıram ki, komandamız bu turnirin liqa mərhələsinə adlayacaq. Həmin mərhələdəki matçlarda da komandamın yanında olacağam, dəstəkləyəcəyəm”.
“Ferensvaroş”un futbolçularının paytaxtımızda çox aqressiv oynayacaqları indidən bəllidir. Çünki oyundan əvvəl böyük-böyük danışan macar klubunun oyunçuları məğlubiyyətdən sonra da “ağıllanmadıqlarını” göstəriblər. Xüsusilə onların oyunçularımızın qol sevinclərinə necə reaksiya göstərdikləri diqqət çəkir. Halbuki “Qarabağ”ın oyunçuları vurduqları qollara etik çərçivələrlə seviniblər.
Matçdan sonra “Fradi”nin 19 yaşlı yarımmüdafiəçisi Tot Aleks (Toth Alex) yerli jurnalistlərə deyib: ""Qarabağ"ın çox böyük imkanları yox idi, amma olan fürsətlərdən maksimum yararlandılar. Ola bilər ki, biz səhlənkarlığımız üzündən onlara belə böyük imkanlar verdik. Məsələn, bu üç qol kimi. Amma biz bundan da böyük geridönüşlər görmüşük. Ona görə də şansımız tam var. Komandama inanıram, birlikdə bacaracağıq".
“Fradi”nin gənc istedadı baş məşqçi Robbi Kinin sözlərinə qoşularaq cavab oyununda “özündənrazı görünən rəqibi” (ifadə Macarıstanın “Origo” nəşrinə aiddir - red.) necə təəccübləndirə biləcəklərindən də danışıb: “Elə sevinirdilər ki, sanki duel artıq bitib. Bu, heç də xoş görünmədi. Buna görə də biz həqiqətən onları cavab oyununda məyus etmək istəyirik. Çünki ən yaxşısı odur ki, əvvəlcə belə mənzərə görürük. Sonda isə biz sevinirik”.
“Origo” nəşrinin yazdığına görə, “Qarabağ” futbolçularının sevinc hərəkətləri “Ferensvaroş”un başqa bir futbolçusu Qruber Jomboru (Gruber Zsomboru) da əsəbiləşdirib. Onun fikrincə, Varga Barnabaş möhtəşəm qol vurub, amma azərbaycanlılar bərabərlik qolundan sonra daha da ruhlanaraq ikinci hissədə çox yaxşı oynayıblar: “Üçüncü qolu əslində əngəlləyə bilərdik. Biz hesabı 2:2 etmək üçün hücum edirdik. Təəssüf ki, belə şeylər olur. İşimiz asan deyil, səfər oyununa hər şeyimizi ortaya qoymalıyıq. Çalışacağıq ki, oyunun əvvəlində tez qol vuraq, ondan sonra matç daha açıq olacaq. Çox güman, onlar müdafiəyə qapanacaqlar. Çünki indiki nəticə onlara sərf edir. Bizim üçün əsas vəzifə mərhələ keçmək olacaq. Rəqibin bu hərəkəti hər kəsi əsəbiləşdirir. Onların necə sevindiklərini gördük. Amma hələ heç nə bitməyib, biz Çempionlar Liqasına düşmək üçün oynayırıq. Hər kəs uğura acdır, göstərməliyik ki, biz onlardan daha güclüyük”.
Qapıçı Deneş Dibus isə deyib: “Kaş ki, onlar ("Qarabağ") özlərinə həddən artıq güvənsin. Biz isə təslim olmuruq, elə hazırlaşacağıq ki, bütün gücümüzü bu 90 dəqiqəyə qoyaq. İstəyirik ki, əsas vaxtda ən azı iki top fərqi ilə qalib gələk. Sonra isə görək, necə olur. Hər kəs təyyarəyə qalxanda yalnız qələbə barədə düşünməlidir və həm özü, həm də komandası bu fərqi aradan qaldıracağına inanmalıdır".
“Ferensvaroş”un prezidenti Qabor Kubatov sözünə “Qarabağ”ı təbrik etməklə başlayıb və deyib: “Bu gün hər şey onların istədiyi kimi oldu. Amma biz heç vaxt təslim olmayan komandayıq. İrəli, "Ferensvaroş!"
Qol.az saytının baş redaktoru Aydın Bağırov “Qarabağ”la bağlı diqqətləri çəkən bir statistikanı öz Facebook profilində paylaşıb: “Adamın inanmağı gəlmir ki, bu uğurlu nəticələrin altında bir Azərbaycan komandasının imzası var. Özü də dünyanın ən nüfuzlu klub yarışı sayılan UEFA-nın Çempionlar Liqasında!
Beləliklə, ümumən 48 klubun qatıldığı ÇL-in təsnifat mərhələlərində “Qarabağ” 5 oyunun 5-də də qələbə qazanan yeganə komandadır. Yüzfaizli nəticə! UEFA-nın TOP-5-də lider.
Ağdam təmsilçisi təsnifat mərhələsində ən çox qol vuran komandadır - 13 qol. Bu, orta hesabla hər oyuna 2,6 qol deməkdir. UEFA-nın TOP-5-də lider.
“Qarabağ” təsnifat mərhələsində topa ən çox sahib olan komandaların sırasında da liderdir. Azərbaycan çempionunda bu göstərici 62 faizdir. Yenə də UEFA-nın TOP-5-də lider.
Ən az qol buraxan komandalardan (5 oyuna 2 qol) biridir.
Ağdam təmsilçisi dəqiq ötürmə faizinə (84) görə isə üçüncü pilləni tutur.
“Qarabağ”ın mərkəz müdafiəçisi Kevin Medina isə futbolçuların sırasında fərqlənir. 32 yaşlı kolumbiyalı topu ən çox ələ keçirməyə görə (12 dəfə) liderdir. O, həmçinin “podkat”la top almağa (4 dəfə), topu uzaqlaşdırmağa (13 dəfə) görə də birinci yerləri tutur".
Kənan Məstəliyev
Tanınmış idman mütəxəssisi Kənan Məstəliyevin də oyunla bağlı şərhi çox maraqlıdır. O, “Yeni Müsavat”a bildirib ki, bu möhtəşəm qələbə təcrübənin qələbəsidir: “Qurban Qurbanov vacib matça "qalib heyəti dəyişməzlər" prinsipi ilə çıxmışdı. “Şkendiya” ilə son qarşılaşmada kim start heyətdə idisə, onlar da Budapeştdə ilk dəqiqələrdən iş başında idilər. Xüsusilə, ötən həftə səhvə yol verərək qola səbəb olan Elvin Cəfərquliyevin ehtiyata düşməsi gözlənilirdi. Ancaq Qurban hoca başqa qərar verdi.
Matç isə gözlənilmədən “Qarabağ”ın ərazi üstünlüyü ilə başlandı. Robbi Kinin yetirmələri əsas silahları olan hücum potensialından ehtiyatla istifadə etdilər. Əslində oyundan öncə irlandiyalı mütəxəssis bunun mesajını vermişdi. Ancaq bu qədər geri çəkilmələri gözlənilən deyildi. Macarlar çox riskə getmir, sanki qorxur, təmkinlə davranır, bizim səhvimizi gözləyir, əllərinə düşən imkanlardan maksimum yararlanmağa çalışırdılar. Və bu plan çox yaxşı da işlədi. Qapanan komandalara yaxşı oynamaqda çətinlik çəkən təmsilçimiz qazandığı real şansları da boşa verincə, fasiləyə məğlub yollandı. Nəriman, Leandro, Kadi, elə digərləri də sanki oyuna köklənmə problemi yaşayırdı. Xüsusilə Borgesdə bu tərs effekt verirdi. Qışda gəldiyi komandaya özünü sübut etmək üçün həddindən artıq çalışması, epizodlarda soyuqqanlı davrana bilməməsi onun faydalı iş əmsalını aşağı salırdı.
Amma fasilədən sonra durum dəyişdi. Görünən odu ki, baş məşqçi daha diqqətli və dəqiq olmağı, ən əsası işə ciddi yanaşmağı tapşırmışdı, çünki gərəkən də bu idi. Rəqib boşluqlar verirdi, yenə də verəcəkdi. Məhz bu məqamlarda düzgün davranmaq lazım olacaqdı. Elə ilk saniyələrdən - Kadi azacıq özünə gələn kimi (ikinci hissəni mükəmməl oynadı) oyun tamlıqla bizim tərəfə keçdi. “Qarabağ” sanki nəfəs dərmişdi. Yankoviçin erkən və gözəl qolu rəqibi çaş-baş saldı. Sonra təmsilçimizin total üstünlüyü başladı və qollar bir-birini əvəzlədi. Döyüşkənlik, hər top uğrunda mübarizənin əvəzi gözəl qələbə ilə gəldi. Medina əla idi, istəyi, əzmi nümunəvi dərəcədə çox böyük idi. Mateus da əla idi. Zəif oyun keçirənlər də var idi, amma adbaad getməyə lüzum görmürəm. Əsas odur ki, komanda olaraq super idik.
Ən çox Musanın qol vurmasına sevindim. Epizoda bir də baxarsız. Qol vurarkən qurd qan iyi hiss edirmiş kimi davranması, hədəfə ildırım kimi şığıması əsl forvard instinktinin aşkar təcəssümü idi. Hücumçu məhz belə olmalıdır. Nəriman ona baxıb bəzi şeyləri öyrənə bilər.
Oyundan öncə də yazmışdım: avrokuboklarda qələbə gətirən əsas meyar təcrübədir. İllərlə bu cür, bundan da böyük matçlara çıxmış “Qarabağ”, öz lideri Qurban Qurbanovun rəhbərliyi altında öyrəndiklərini, gördüklərini və bundan çıxartdığı nəticələri meydanda möhtəşəm tətbiq etdi.
Bravo, Qurban Qurbanov, bravo, “Qarabağ”!
Qeyd edək ki, “Qarabağ”ın “Ferensvaroş”la qarşılaşması ilk dəfə deyildi. Rəqiblər bundan öncə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəliblər. 2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi “yaşıl qartallar”a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.
Bu dəfə də elə ola bilər. “Qarabağ”a istənilən hesablı heç-heç bəs edir. Amma Budapeştə qələbə qazanan komanda doğma Bakıda nədən qələbə qazanmasın?
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
22 Avqust 2025
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ