İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara dəniz “rus qanına” boyanıb - Putinin növbəti nəhəng gəmisi batırıldı...

Ukrayna Rusiyanın Qara dənizdəki hərbi donanmasını sıradan çıxarmaqda davam edir, bu dəfə “Sezar Kunikov” adlı böyük desant gəmisi məhv edilib, Kreml şərh vermək istəmədi - təhlil

Ukrayna Rusiyanın Qara dəniz hərbi donanmasını sıradan çıxarmaqda davam edir. “Yeni Müsavat” xəbər verir ki, fevralın 14-də səhər saatlarında Krım yaxınlığında Rusiyaya aid “Sezar Kunikov” adlı böyük desant gəmisi məhv edilib. “Ukrainskaya Pravda” nəşri özünün Ukrayna Hərbi Kəşfiyyatındakı mənbələrinə istinadla yazıb ki, bu idarənin PUA-ları Rusiyanın böyük desant gəmisi "Sezar Kunikov"u vurub. Uğurlu hücum nəticəsində Rusiya gəmisi batıb. Onun göyərtəsindəki silah-sursat detanasiya edib. Gəmiyə kömək üçün başqa gəmilər, hətta sualtı qayıq göndərilib. Krımda yaşayan sosial şəbəkə istifadəçiləri də məlumatı təsdiqləyib və bununla bağlı video paylaşıblar. 

“Sezar Kunikov” uzunluğu 112,5 metr, eni 15 metr olan, 87 ekipaj üzvündən ibarət 4 min tonluq gəmi idi. Bu gəmi Sovet İttifaqı qəhrəmanı, dəniz piyadaları batalyonunun komandiri olmuş mayor Sezar Kunikovun adı ilə adlandırılıb. S.Kunikov 1943-cü ilin 14 fevralında həlak olub. 2022-ci il martın 24-də Berdyansk limanına Ukrayna ordusunun raket zərbəsi nəticəsində “Saratov” böyük desant gəmisi məhv edilərkən yanındakı “Sezar Kunikov” zədə almış, onun komandiri, 3-cü dərəcəli kapitan Aleksandr Çirva ölmüşdü. Kreml Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə Rusiya hərbi gəmisinə dronla zərbə endirməsini şərh etməkdən imtina edib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu xüsusi hərbi əməliyyatın gedişi ilə əlaqəlidir və buna şərh vermək Rusiya Müdafiə Nazirliyinin səlahiyyətində olan məsələdir. 

Rusiyanın Qara dənizdəki donanmasının 20%-i artıq məhv edilib. Daha əvvəl - dekabrın 26-da Krımın Feodosiya bölgəsində partlayışlar baş verib. Ukraynalı müdafiəçilər işğal olunmuş Feodosiyada Rusiyanın iri desant gəmisi “Novoçerkassk”ı partladıblar. Sonradan məlum olub ki, “Novoçerkassk” desant gəmisi Hərbi Hava Qüvvələrinin taktiki aviasiyasının qanadlı raketləri ilə məhv edilib. Ukrayna aviasiyası sözügedən gəmini Krımın Feodosiya limanında vurub. Qərbin Rusiyanın Qara dənizdə hökmranlıq cəhdlərinə qarşı bir neçə yolu var. Hər şeydən əvvəl, o, Ukraynaya şansları bərabərləşdirmək üçün əlavə hərbi resurslar verə bilər. Bu, Rusiya raketlərindən qorunmaq üçün Odessa və digər liman şəhərləri ətrafında zenit müdafiəsinin gücləndirilməsinə kömək edər. ABŞ prezidenti Co Bayden də Kiyevə kifayət qədər gəmi əleyhinə raketlər göndərməlidir ki, Ukrayna Rusiyanın nəzarətində olan öz ərazilərini, o cümlədən Krımdakı Qara dəniz limanlarını hədəf alsın. 

“Rusiya Qara Dəniz Donanmasının gəmilərini yalnız iki yolla qoruya bilər”. Ukrayna Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk deyib. “Birincisi, gəmiləri Azov-Qara dəniz regionunun sularından çıxarmasıdır. İkincisi, gəmiləri batırmaqdır”, - spiker qeyd edib. Zabit vurğulayıb ki, düşmən gəmiləri Qara dənizin şərq hissəsində “tıxanıb” və vaxtaşırı lövbərlərini dəyişir - Novorossiysk, Tuapse, Soçi, həmçinin hələ də işğal altında olan Krımın sahillərində görünür. D.Pletençuk deyib ki, Rusiyanın Qara Dəniz Donanmasının gəmiləri Krıma hücumlara görə Novorossiyskə gedib: “Yarımadanın sahillərinə yaxın ərazi düşmən gəmiləri üçün təhlükəli hala gəlib. Onlar oradan gediblər”.

Qeyd edək ki, Ukrayna müharibəsi 722 gündür davam edir. Rusiya indiyə qədər 398 140 hərbçi itirib. "Donetsk vilayətinin Avdeyevka və Xarkov vilayətinin Kupyansk şəhərlərinin müdafiəsi üçün ehtiyat qüvvələr gətiriləcək. Qoşunlar və qüvvələr də düşmənin irəliləyişinin qarşısını almaq üçün bu istiqamətlərdə yenidən qruplaşdırılacaq". Bunu isə Ukrayna Silahlı Qüvvələrinin yeni Baş komandanı Aleksandr Sırski sosial şəbəkə səhifələrində məlumat verib. Müvafiq qərar yeni baş komandanın və müdafiə naziri Rustem Umerovun Avdeyevka və Kupyansk istiqamətlərinə səfərindən sonra qəbul olunub. Sırski qeyd edib ki, Rusiya ordusunun hücum potensialını azaltmaq üçün Ukrayna qoşunlarının yenidən qruplaşdırılması həyata keçiriləcək və ehtiyatlar gətiriləcək. O, görülən işlərin nəticələrinə əsasən bu istiqamətlərə ehtiyatların, döyüş sistemlərinin cəlb edilməsi, atəş dəstəyi və qoşunların, qüvvələrin yenidən qruplaşdırılması, eləcə də düşmənin hücum potensialının azaldılması üçün qüvvələrin lokallaşdırılması üzrə operativ qərarlar qəbul edib. Baş komandan qeyd edib ki, Rusiya ordusu Avdeyevka və Kupyansk istiqamətində güclərini və səylərini artırır. Təkcə Avdeyevka istiqamətində son 24 saat ərzində ukraynalı müdafiəçilər rus ordusunun 29 hücumunu dəf ediblər. “Rusiya Ukraynadakı münaqişənin reallıqları nəzərə almaq əsasında siyasi və diplomatik yolla həllinə hazırdır”. Rusiyanın xarici İşlər naziri Sergey Lavrov Dövlət Dumasında bildirib. Nazir iddia edib ki, bununla belə, Qərbin hazırkı mövqeyini nəzərə alaraq, Ukrayna məsələsində razılığa gəlmək variantları yoxdur. 

Oxu.az - Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə  istəməyən yeganə oyunçudur” - MÜSAHİBƏ

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın “Yeni Müsavat”a dediyinə görə, əsl müharibə quruda deyil, Qara dənizdə gedir. Onun fikrincə, Qərb üçün Rusiyanın Qara dənizdə halqanın daralması daha vacibdir, nəinki hansısa Marinka, yaxud Avdeyevka şəhərini işğal edilməsi. Ekspert Rusiya hərbi donanmasının az qala hər ay gəmisinin batırıldığını bildirir: “Müharibə quruda, havada və dənizdə gedir. Ukrayna quruda üzləşdiyi itkilərin cavabını Qara dənizdə verir. Rusiya milyardlıq gəmilər itirməkdədir. Donanmanın tam sıradan çıxarılması mümkün olmasa da, ağır zərbələr vurulmaqdadır. Ukrayna Rusiyanın Qara dənizdə hegemonluğuna imkan verməyəcək. ABŞ və Britaniya bu məsələdə Kiyevə ciddi dəstək verməkdədir. Çünki Qara dənizdə dominantlıq önəmli məsələdir. Bu gün müharibələr dənizlər, dəhlizlər uğrunda gedir. Ona görə də desant gəmisinin vurulması ilə Qara dəniz nöbəti dəfə "rus qanına boyandı". Amma Ukraynanın əməliyyatları qısa zamanda böyük ölçüdə nəticə əldə etməyə yetərli deyil. Hiss olunur ki, maliyyə verən koalisiya nə Ukraynanın qələbəsini istəyir, nə Rusiyanın qələbəsini... Sadəcə, böhran uzadılır və illərlə davam edən savaş nəticəsində Rusiya yorulmuş hala gətirilir".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR