Onlayn ictimai-siyasi qəzet
Qanuni oğru “Arif Sumqayıtski”nin adına görə başlayan söhbət davaya səbəb olub. İki ustaya ağır cəza verilib.
Musavat.com xəbər verir ki, hadisə işğaldan azad edilmiş Cəbrayılda baş verib.
Cəbrayılda inşa edilən orta məktəbin tikintisində fasadçı işləyən Asif işdən çıxıb evə gedən zaman yoldan keçən maşına əyləşib. Maşında sürücüdən başqa iki nəfər də olub. Həmin şəxslərdən biri Rövşən Bağırov olub. Söhbət zamanı Rövşən Asifdən harada yaşadığını soruşub. Asif Sumqayıtda yaşadığını deyib.
Rövşən Asifdən “Arif Sumqayıtski”ni tanıyıb-tanımadığını soruşub. Asif də “Bir Arif tanıyıram, o da şərəfsizin biridir”,- deyə cavab verib. Buna əsəbiləşən Rövşən Asiflə mübahisə edib və ona bir yumruq vurub. Onların mübahisəsini digər şəxslər sakitləşdirib. Lakin Asifin hirsi soyumayıb və işə geri qayıdaraq Rövşəni axtarmağa başlayıb.
Rövşəni tapmaqda Asifə iş yoldaşları da kömək edib. Rövşəni tapan zaman ara qarışıb. Asif şüşə butulka ilə Rövşənin başına vurub. Asifin iş yoldaşı Namiq isə taxta parçası ilə Rövşənə zərbələr endirib.
Buna görə Asif və Namiqə iki ağır maddə ilə cinayət işi açılıb. Onlar xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma və bir qrup şəxs halında qəsdən sağlamlığa ağır zərər vurma maddələri ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər. Deyiblər ki, müstəntiq işi şişirdib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, tərəflər arasında barışıq əldə edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxslər barəsində ağır cəza çıxarıb. Hökmə əsasən həbsdə olan Asif 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Namiq isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Namiq barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.
İ.Muradov
Musavat.com
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ