İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafqaz uğrunda savaş qızışır: Cənub qonşumuz nədən narahatdır?

Rusiya və İran Qərbin Cənubi Qafqazda təsir imkanlarının artmasından və bu regiondakı proseslərə müdaxiləsindən narahatdır.

Qeyd edək ki, İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Ermənistan Baş nazirinin müavini Mher Qriqonyanla görüşündə Cənubi Qafqazda kənar dövlətlərə aid qüvvələrin olmasına qarşı çıxıb:

“Biz problemlərin həllinə kömək etdiklərini bəhanə gətirərək bölgədə əcnəbilərin mövcudluğu ilə razılaşmırıq və inanırıq ki, onların mövcudluğu nəinki problemlərin öhdəsindən gəlməyə kömək etməyəcək, əksinə, regionun xalqları və hökumətləri üçün daha böyük problemə çevriləcək”.

Görünür İbrahim Rəisi bununla Ermənistanın dövlət rəsmisinə İranın İrəvanın ABŞ, Fransa və Avropa İttifaqına daha da yaxınlaşmasından narahatlıq keçirdiyini demək istəyib. Eyni zamanda, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin regiondakı hazırkı vəziyyətlə bağlı bəyanatına da diqqət yetirmək lazımdır.

Patruşev bəyan edib ki, Qərb Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına mane olmağa çalışır.

Nikolay Patruşev daxil olmaqla, Rusiyanın dövlət rəsmilərinin son çıxışlarına nəzərdən keçirərkən görərək ki, Qərbin Cənubi Qafqazdakı siyasi proseslərə müdaxiləsi Moskva tərəfindən qəbuledilməz hesab olunur.

Məsələ ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, İran Prezidenti İbrahim Rəisinin əsas narahatlığı Ermənistanla yox, Azərbaycanla bağlıdır.

Без названия (18).jpg (47 KB)

“İbrahim Rəisi Ermənistanın hansı gücə malik olduğunu yaxşı bilir. Ermənistanın Azərbaycanla sərhəd ərazilərində Avropa İttifaqının müşahidə missiyasının fəaliyyəti, xüsusilə orada Fransa hərbçilərinin olması İran hakimiyyətini narahat etmir. Əslində Tehran Ermənistanda həmin qüvvələrin fəaliyyət göstərməsini istəyir.

İran Ermənistana bütün formalarda dəstək göstərilməsinin tərəfdarıdır. Ona görə də İran Prezidenti İbrahim Rəisini Ermənistanın hansı ölkə ilə necə dostluq etməsi maraqlandırmır. İran Ermənistanın ABŞ, Avropa İttifaqı, Fransa və digər Qərb ölkələri ilə münasibətlərini özü üçün təhlükə hesab etmir. Məhz İranın hərbi-siyasi rəhbərliyi ABŞ və Fransa ilə eyni mövqeyi bölüşür”.

Politoloqun sözlərinə görə, İran hakimiyyəti Azərbaycanın Qərb və İsrail ilə münasibətlərini özü üçün təhlükə hesab edir:

“Rusiya sülhməramlı kontigenti və Türkiyənin müşahidə missiyasını çıxmaq şərti ilə Azərbaycanda kənar ölkələrin hərbi qüvvələri yoxdur. Amma İran hakimiyyəti Azərbaycanın ABŞ, NATO, Avropa İttifaqı və İsrail ilə münasibətlərindən narahatlıq keçirir. Tehran Azərbaycanın Qərb və İsrail ilə münasibətlərini inkişaf etdirməsini həzm edə bilmir”.

Nikolay Patruşevin bəyanatına gəlincə, Sədrəddin Soltan vurğulayıb ki, Rusiya ilə Qərb arasında Cənubi Qafqaz üzərində ciddi geosiyasi mübarizə gedir:

“Rusiya ona qarşı tuşlanan hədəflərdən uzaqlaşmaq üçün baş verən hadisələrdə birmənalı olaraq Qərbi ittiham edir. Əgər belədirsə, o zaman Rusiyanın rəhbərliyinə belə bir sual ünvanlamaq lazımdır.

Qarabağ münaqişəsinin meydana çıxmasında və Qarabağda müharibənin baş verməsində kimdir günahkar? Ermənistanda yerli azərbaycanlıların öz doğma torpaqları – İrəvan, Göyçə və Zəngəzurdan zorla qovulub çıxarılmasında əsas baiskar kimdir? Əlbəttə ki, Kreml. Rusiya SSRİ-nin varisi olduğundan bu münaqişənin alovlanmasında mühüm rol oynayıb. Sonrakı mərhələdə Qərb bu münaqişəyə müdaxilə etməyə başlayıb.

“Soyuq müharibə” dövründə olduğu kimi, hazırda Rusiya ilə Qərb arasında bir çox istiqamətlərdə fikir ayrılıqları və siyasi ziddiyyətlər yaşanır. Bu ziddiyyətlər fonunda Cənubi Qafqazda hazırkı proseslər gərginləşməyə doğru gedir.

Bildirim ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olan ölkələrdən biri Fransa olduğu halda digəri Rusiyadır. Odur ki, Patruşevin bu məsələdə Qərbi birmənalı şəkildə ittiham etməsi məntiqə sığmır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR