İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadınları din adı altında aşağılamaq cəhdi

Ekspert: “İnsanlar ilahiyyatçılara deyil, əsası olmayan həmin o fikirlərə inanır...”

Yenə qadınlarla bağlı məsələ gündəmdədir. Bu dəfə Xalq artisti Akif İslamzadə qadınlarla bağlı səsləndirdiyi açıqlamaya görə tənqid olunub.  “Yeni Müsavat” xəbər verir ki, onun “Yeni Sabah”a “Allah qadınlara elm verməyib, onlar elm öyrədə bilməz” açıqlaması sosial şəbəkədə birmənalı qarşılanmayıb. Akif İslamzadə həmin məsələ haqda yenidən açıqlama (“Globalinfo) verərək əslində qadınları alçaltmadığını bildirib. Amma verdiyi açıqlama ilə qaş vurmaq əvəzinə gözünü də çıxarıb: 

”Verdiyim açıqlamada qadını qəti aşağılamamışam. Demişəm ki, bu gün məktəblərdə müəllimlər yox, müəllimələrdir. Müəllimələr də Allah tərəfindən göndərilib. Onlar ən yaxşı halda məlumat verə bilərlər, elm yox. Amma əlbəttə ki, istisna xanımlarımız var".  O, bu gün Yer üzündə matriarxat dövrün başladığını deyib: “Bunun belə olması ilə bağlı hədislər də mövcuddur. Bunlar hamısı qiyamətin əlamətləridir. Hətta deyilir ki, qadınlar iş başında olacaq, kişilər zəifləyəcəklər. Həmin zəmanəyə gəlib çatmışıq artıq. Bu gün məktəblərdə qızlar da bir-birilərini bıçaqlayır. Hamısı da kişi müəllimlərin olmamasının fəsadlarıdır. Burada qadınları aşağılayacaq nə demişəm axı? Məni həyata gətirən anam olub, tərbiyəmlə məşğul olan da. Xanımları aşağılamıram. Biri də yazıb ki, "Akif İslamzadə deyir, qadınlar cəhənnəmlikdir". Belə şey olar?! Heç kim sözümü pisə yozmasın. Demişəm ki, peyğəmbər meracında cənnəti də göstəriblər, cəhənnəmi də. Cəhənnəm əhlinin əksəriyyəti qadınlar olub. Mən bunu hədislərdən sitat gətirmişəm. Bəzi jurnalistlər zəng edib açıqlama alırlar, amma fikirlərimizi oxuculara yanlış çatdırırlar".

Xalq artistinin bu açıqlaması sosial media istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb. Qeyd edək ki, bundan əvvəl şahmatçı Şəhriyar Məmmədyarovun qadınlar hər sahədə zəifdir deməsi böyük müzakirələrə səbəb olmuşdu. Ümumiyyətlə isə bir çox hallarda bu cür fikirləri səsləndirərkən, din əsas gətirilir, sitatlar çəkilir. Bu iddiaların dinlə əlaqəsi varmı?

Farid Abdullah - YouTube

Fərid Abdulla 

İlahiyyatçı Fərid Abdulla mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “İnsanlar yaşlandıqca din üzrə fikirlər yürütməyə başlayır, mülahizələr yürüdürlər. Çox təəssüf ki, insanlar da bunu elə qəbul edir, elə bilirlər din elə həqiqətən budur. Kərbəlada Əli qızı Zeynəbin fəaliyyətinin incələnməsi və tədqiqatı son əsrlərin məhsuludur. Əgər daha qədim izahlara baxsaq, görərik ki, bir sıra alimlər Zeynəb xanıma da cəfa edib, ona kişimərkəzli yanaşıblar. Yəni tipik əsir qadın kimi, ikincidərəcəli insan kimi yanaşıblar. Yəni qadın idi, ağlayırdı, ah-vay edirdi, çarəsiz idi, əsir düşdü, İmam Hüseyn ona nəsihət verirdi ki, dözümsüzlük etmə və s. Yəni mütləq kişi hakimiyyəti zamanı qadın nə mövqedə olursa, o cür yanaşılıb. Lakin əsrlər keçdi, qadın haqları və sair məsələlər də öz işini gördü. Şərhlərə diqqət etsəniz görərsiniz ki, zamanla Zeynəb xanım fiquru təkamül edir sanki, tipik ağlayan, əziyyət görən qadından qəhrəman, bərabərhüquqlu, inqilabçı, sözü üzə deyən, İbn Ziyadı susduran, İmam Səccadı ölümdən xilas edən, sanki əsl atasının və anasının qızı kimi siyasi meydana atılan mübariz bir qadına çevrilir. Kərbəla faciəsində yaşı təxminən 55-dən çox olardı. Görürsünüz, qiraət fərqlərini? Yanaşma tərzini? Deyə bilərsiniz ki, dediyini sübut edə bilərsənmi? Bəli. Sadəcə, demək istəyirəm ki, müxtəlif qiraətlər səbəb olur ki, məsələni fərqli anlayaq. Ona görə də son əsrlərin alimləri yeni qiraət və baxışla yanaşmağa başlayıblar”. 

İlahiyyatçı qadını döyməklə bağlı tez-tez dindən gətirilən sitatlara da fikir bildirib: “İlk olaraq deyim ki, bizim dilə edilən üç tərcümədə (Z.Bünyadov, V.Məmmədəliyev; Ə.Musayev, Ə.Sultanov) bəsit  "əd-darb" kəlməsi ki, ərəb dilini yeni öyrənən kəs bu sözün mənasının “vurmaq” olduğunu bilir, bu kəslər “döymək” kimi tərcümə edib, camaatı çətin vəziyyətə salıblar. Bu başqa. Son neçə ildir, islamçıları divara sıxışdıran ayələrdən biri “Nisa” 34-dür. Deyirlər ki, humanistlik, əxlaq-filan deyirsiniz, necə həll edirsiniz bu məsələni? Quran ki, özbaşınalıq edən, nifrət bəsləyən arvadı əvvəlcə nəsihət edin, sonra yataqlarınızı ayırın, alınmasa, vurun, başa salın - deyir. Nə deyirsiniz?

İki-üç yüz il öncə qadın haqları məsələləri elə də qabarıq deyildi. Bu məsələlər son dövrlərdə aktuallaşıb. Ona görə də əksər alimlər elə Quranın zahiri ayəsini götürüblər və vurun (və ya döyün) - lakin şəriət icazə verən həddə, fikrini dəstəkləyiblər. Yəni ayə belə deyir. Dünyanın hər yanında da qadının, sadəcə, doğmaq, ərə itaət etmək, qulluq etmək, evdə oturmaq, ağlı naqis, qabırğadan əmələ gələn, dır-dır edən və sair məxluq kimi olması qəbul edilirdi. Aktual deyildi. Qadının islahı üçün bu üç mərhələ vardı. Qadın nə qədər haqlı olsa da, talaqdan tutmuş hər şey ərinin əlindədir. Deməli, birinci yol bunu qəbul etmək, qadının haqlarını kişinin çevrəsində həll etməkdir. İkinci üsul isə son illər ərzində formalaşıb. İndi hüquqi dövlətdə yaşayan kimsə “Quran deyir, düzəlməsə, arvadını vur” adı ilə qadını döyə bilməz. Uzaqbaşı polisə düşəcək. Bəs necə olsun? Bəzi İslam alimləri başladılar ayələri təftiş etməyə. Onları tarixi, dövri, mədəni, təkvini və sair nəsnələrə ayırmağa. Yəni Quranın bəzi ayələri, sadəcə, dövrüdür, öz zamanına uyğundur, təkamül getdikcə hökm dəyişə bilər. Ardınca ayələri batin, sözlər üzərində tədqiq etməyə. Nəticəyə gəldilər ki, əd-darb sözü Quranda müxtəlif mənalarda işlədilib. Vurmaqdan tutmuş, səfər etmək, ayrılmağa kimi. Dedilər ki, burada ayrıl, ya çıx get - mənasındadır. Vurmaq yox. Kimi də bəzi rəvayətlərə istinad edib, vura bilərsən, sadəcə, yüngül, ağrı vermədən, nazik çubuqla - dedi. Kimi də əd-darbın şiddətli cinsi münasibət olduğunu da dedi. Əlqərəz. Nəticə, ya bu tərəfdir, ya da o tərəf. Ya deməlisən, vurun deyir, ya da oturub yumşaldıcı şeylər axtarmalısan. Üçüncü yol isə, sadəcə, susmaqdır".

Fərid Pərdəşünas: “Xaricə gedib, bu malları ala bilən adamı gömrük  saxlamalı deyil, o, gömrüyü saxlamalıdır” Pravda.az

Fərid Pərdəşünas

İT mütəxəssisi Fərid Pərdəşünas isə hesab edir ki, ümumiyyətlə, qadın və kişinin gücünü müqayisə etmək mənasızdır: “Fiziki, bioloji baxımdan üstünlük və güclü olmaq çox keçmişdə qalıb. Robotlar və maşınlar bu problemi həll ediblər. İndi bir düyməyə basmaq kifayət edir ki, ağır fiziki işləri maşınlar görsün. Əqli üstünlük də mahiyyətin itirməyə başlayır. Xanımlar görsə şahmatda Şəhriyarı uda bilmir, "Google"un “Deepmind” süni intellektini salsınlar Şəhriyarın üstünə, bəs edəcək. Şahmatda hesablama gücündə süni intellektə çatmaq mümkün deyil. GPT5 təqdim olunanda da bir sıra əqli işlər sıradan çıxmış olacaq. Ümumiyyətlə, gələcək passivləşmiş insan modelinə doğru gedir. Kişi-qadın fərq etmir, hamı passivləşəcək - əqli və fiziki. Yox, dominantlıq baxımından müzakirə edirsinizsə, o məsələdə də pul kimdədir o güclüdür. Fərqi yoxdur qadındır, kişidir. Belə müzakirələrdə problem görmürəm. Əsl problem bir neçə il sonra süni intellektlər arasında “insan güclüdür, yoxsa biz?” müzakirəsi gedəndə olacaq".

“Unutmayın ki, xanımlar ən yaxşı halda məlumat verə bilərlər. Ancaq qadın elm verə bilməz. Bizim elm ocağımız yoxdur. Elmi ocaqda, universitetlərdə, məktəblərdə müəllim qalmayıb. Hamısı müəllimələrdir. Allah qadını belə yaradıb. Ona elm verilməyib. İstisnalar da olur. Məsələn, böyük şəxsiyyətlərin yanında çiyin-çiyinə qadınlar olublar. Üzeyir bəyin yanında Məleykə xanım, Niyazinin yanında Həcər və sairə. Onlardan danışıb qurtarmaq olmaz”. 

Yoldaşım 3 minlik telefon almırsa, boşana bilərəm" - Psixoloq Əfsanə  Rüstəmova - Ajmedia.info

 Əfsanə Rüstəmova

Akif İslamzadənin bu sözlərinə məşhur psixoloq Əfsanə Rüstəmova da cavab verib. O, Cebhe.info-ya açıqlamasında təəssüflə bildirib ki, Akif İslamzadə öz fikrinin istinad nöqtəsini Allah olaraq göstərib: “Bəzi inanc sahiblərinin qız uşaqlarının təhsilinə qadağa qoyduğu dövr hələ də davam edərkən cəmiyyət üçün faydalı sayılan insanların elmi cinsiyyətlə ayırması insana özünü qəribə hiss etdirir. İnanc sistemində hər kəsə Allahın bir adı və ya bir üzü daha yaxındır. Yəqin ki, Akif İslamzadə də bu aspektdən yola çıxaraq dəyərləndirib. Hər bir halda yaşı kamala gəlmiş insanlardan bunu eşitmək cəmiyyətə və sistemə inamı azaldır. Bu həyatda inamsız insandan daha təhlükəli heç nə yoxdur”. 

Hazırladı: Afaq MİRAYİQ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR