Onlayn ictimai-siyasi qəzet
Nazir müavini: “Qadınlar və kişilər arasında əməkhaqqının bərabərləşməsi istiqamətində ciddi addımlar atılır”
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qadın iştirakçılığının təbliği” adlı konfrans keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib ki, Azərbaycanda təqribən 500 min qadın dövlət, 350 min qadın isə özəl müəssisədə çalışır. Onun sözlərinə görə, peşə fəaliyyətinə cəlb edilənlərin 60 faizi qadınlardır: “Dünya İqtisadi Formunun rəqəmlərinə nəzər yetirsək görərik ki, gender bərabərliyi nisbətinin tam bərqərar olması üçün təxminən 130 ilə ehtiyac var. İşçi qüvvəsində qadınların qlobal miqyasda iştirakı 47, Azərbaycanda isə 48 faiz təşkil edir” (yazı “Report”un xəbərləri əsasında hazırlanıb).
A.Kərimov vurğulayıb ki, qadınlar və kişilərə əmək fəaliyyətində bərabər şərtlər və imkanlar tətbiq olunur: “Qadınlar və kişilər arasında əməkhaqqının bərabərləşməsi istiqamətində ciddi addımlar atılır. Gender bərabərliyi həm də maarifləndirmə tələb edir ki, son iki ildə ölkənin 14 regionunda 700 işəgötürənlə maarifləndirmə işi aparılıb. Azərbaycanda qadınlar aktivdirlər və onların inkişafında rəhbər vəzifələrə gəlmək təməl nəticə ola bilər. Koreyada bu praktika mövcuddur”.
Nazir müavini onu da deyib ki, eyni işdə çalışan qadınlarla kişilərin əməkhaqlarının bərabərləşdirilməsi gündəmdədir. Onun sözlərinə görə, şirkətlərin qadınları yüksək vəzifəyə təyin etmələri üçün müəyyən vergi güzəştləri olmalıdır.
"Həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər". Bu sözləri isə müzakirələrdə deputat Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, bu yanaşmaya heç kim etiraz etməməlidir: “Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermirlər. Bu kimi hallar təqaüd məsələsinə də təsir göstərə bilər. Belə hallarda kişinin əməkhaqqının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər. Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb”.
“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun icra vəziyyətinə dair hesabatın may ayında Milli Məclisdə təqdimatı ediləcək. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O qeyd edib ki, həmin hesabatda komitənin gördüyü işlərin bir qismi öz əksini tapır: “Yenə də bərabər iştirak və bərabər təmsilçilik məsələlərinə yer verilir. Yəqin ki, may ayında biz bu məlumatların təqdimatını edəcəyik. İndi hesabatın hazırlanması üzərində iş gedir. Dövlət Komitəsi bu sahəyə cavabdeh olan tərəflərin ötən il ərzində gördükləri işlərə dair informasiyanı toplayıb, indi onlar emal prosesindədir”.
B.Muradova vurğulayıb ki, bütün statistik rəqəmlər, atılacaq addımlar, eyni zamanda, hədəflər haqqında informasiyalar da hesabata daxil ediləcək: “Artıq beş ildir ki, biz Milli Məclisdə bu qanunun icra vəziyyətinə dair hesabatla çıxış edirik. Son beş ildə Milli Məclisdə komitənin həmin hesabatının dinlənməsi bu sahədəki vəziyyətə diqqəti daha da artırıb”.
“Prokurorluq orqanlarında işləyən 2300 nəfərin 524-nü, yəni 22,7 faizini qadınlar təşkil edir”. Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova belə deyib.
“Prokurorluq orqanlarında çalışan 1310 nəfər prokurorluq işçisinin 127-si, yəni 9,7 faizi qadınlardan ibarətdir. Həmçinin dövlət qulluğu əsasında çalışan 990 nəfərin 397-si, yəni 40,1 faizi qadınlardır”, - o bildirib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov çıxışında vurğulayıb ki, Həmkarlar ittifaqlarının bir milyondan artıq üzvünün 52,3 faizini qadınlar təşkil edir. O əlavə edib ki, vaxtilə ABŞ, İngiltərə, Fransa kimi ölkələrdə belə qadınlara səsvermə hüququ Azərbaycandan sonra verilib: “Azərbaycan Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olub. Ancaq bu sahədə ABŞ və Avropanın bəzi ölkələrindən də irəlidə dayanıb. Dövlətin qadınlarla bağlı yürütdüyü siyasət gender bərabərliyinin təminatında böyük rol oynayır. Azərbaycan qadınları ictimai, siyasi, iqtisadi sahələrdə geniş iştirak edirlər. Müasir Azərbaycanda Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işlər hamımız üçün örnəkdir”.
AHİK sədri vurğulayıb ki, bir milyondan artıq üzvü birləşdirən həmkarlar ittifaqlarında qadınlar aktiv iştirak edirlər: “Üzvlərin 52,3 faizini qadınlar təşkil edir. Onların sosial rifahının yüksəldilməsi məqsədilə müxtəlif proqramlar icra olunur. Qadın hüquqlarına hörmət etmək və qorumaq hər birimizin borcudur. Qadınların ictimai-siyasi həyatda iştirakını artırmaq üçün əlimizdən gələni edəcəyik”.
“Yeni Müsavat”
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ