İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın futbolçunu öpən prezident istefa verməli oldu  

 

İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubiales 2023-cü il Dünya Qadın Futbol Çempionatının finalında baş verən qalmaqaldan sonra istefa verib.

Musavat.com xəbər verir ki, Rubiales rəsmi bəyanat yayaraq, İspaniya futbolunun rəhbəri vəzifəsini tərk etdiyini, həmçinin UEFA İcraiyyə Komitəsinin vitse-prezidenti vəzifəsindən də istefa verdiyini açıqlayıb: “Mən ispan futbolunun bütün bu qeyri-mütənasib kampaniyadan əziyyət çəkməsini istəmirəm. Bu qərarı getməyimin Avropa və Afrikaya 2030-cu il Dünya Çempionatı arzusunu qoruyub saxlamağa, dünyanın ən böyük tədbirini ölkəmizdə keçirməyə imkan verəcək sabitlik gətirəcəyinə əmin olduqdan sonra verirəm. Mən irəliyə baxmalı, gələcəyə baxmalıyam.

İndi məni narahat edən bir şey var. Mən həqiqətə inanıram və həqiqətin qalib gəlməsi üçün əlimdən gələni edəcəyəm. Qızlarım, ailəm və mənə dəstək olan insanlar həddən artıq təqiblərdən, yalanın nəticələrindən əziyyət çəkiblər. Amma bu da bir reallıqdır ki, küçədə həqiqət hər gün daha çox üstünlük təşkil edir. Bütün heyətə, məclis üzvlərinə, federasiyalara və ümumiyyətlə, futbol adamlarına ürəkdən təbriklərimi çatdırıram. Uğurlar arzulayıram”.

Rubialesin yerinə Pedro Roşa İspaniya Futbol Federasiyasının prezidenti səlahiyyətlərinin icraçısı təyin edilib.

Xatırladaq ki, İspaniyanın qadınlardan ibarət yığması 2023-cü ildə Avstraliyada keçirilən futbol üzrə dünya çempionatının qalibi olub. Mükafatlandırma mərasimi zamanı Luis Rubiales futbolçu Cennifer Hermoso ilə qucaqlaşdıqdan sonra futbolçunun dodaqlarından öpüb. Bu, bütün dünyada geniş rezonansa, müzakirələrə səbəb olub. Rubiales deyib ki, öpüş “qarşılıqlı və razılıq əsasında” olub. Lakin idmançı öpüşməyə razı olmadığını bildirib. O, İspaniya prokurorluğuna rəsmi şikayət verib və indi 46 yaşlı funksioner cinayət məsuliyyətinə cəlb oluna bilər.

Bundan başqa, qalmaqallı öpüşdən sonra 80-dən çox futbolçu Rubiales postunda qaldığı müddətdə İspaniya millisində oynamayacaqlarını açıqlayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR