İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pyatiminutka”ları nə ilə əvəzləyək - təhlükəsiz cihazlar varmı...

Ekspert: “Maarifləndirmə işləri aparılır, amma insanlarda öz taleyinə qarşı laqeydlik var”

Dəm qazı kabusu ölkəni bürüyüb. Bir neçə gün öncə 2 qardaşın bir evdə boğulmasından sonra həyəcan təbili çalınır.  Təkcə yanvar ayında dəm qazı zəhərlənməsi ilə bağlı Kliniki Tibbi Mərkəzə (KTM) 200-ə yaxın müraciət olub. 

APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib ki, yanvar ayı ərzində KTM-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə dəm qazı zəhərlənməsi səbəbilə 199 nəfər müraciət edib: “Onlardan 183 nəfərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb, 16 nəfər Toksikologiya şöbəsinə qəbul olunub”.

Dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edildiyinə görə aidiyyəti qurumlar tərəfindən vətəndaşların suqızdırıcıları və qazdan istifadə zamanı təhlükəsizlik normalarına düzgün riayət edib-etmədiklərinə dair yoxlamalar aparılıb. Nöqsan aşkarlandıqda, eləcə də texniki şərtlərdən kənara çıxan abonentlərə akt tərtib edilir və onlara nöqsanları aradan qaldırmaq üçün 30 gün müddətinə vaxt verilir. Xəbərdarlıqlara məhəl qoyulmadığı və 30 gündən sonra texniki nasazlıq aradan qaldırılmadığı halda Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən, abonentə qazın verilişi dayandırılır.

Hətta bir sıra məlumatlara görə, artıq təhlükəsizlik məqsədilə bir sıra mənzillərdə qaz xətləri möhürlənib və su qızdırıcılarına qazın verilməsi dayandırılıb. Səbəb kimi həmin mənzil sahiblərinin su qızdırıcılarını hamam otağında quraşdırması, edilən müvafiq xəbərdarlığa məhəl qoyulmaması, eləcə də 2009-cu ildə qüvvəyə minmiş “Qaz təchizatı. Layihələndirmə normaları”nın tələblərinin pozulması göstərilir.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyev Oxu.az-a bildirib ki, 30 gün müddətində nöqsanları arada qaldırmayan abonentlərə təbii qazın verilməsi dayandırılır: “Çünki abonentlər onlara verilən 30 gün müddətində texniki şərtdən kənara çıxma hallarını aradan qaldırmalı idilər. Xüsusilə "pyatiminutka" deyilən su qızdırıcılarının hamam otaqlarında quraşdırılması qadağandır və bu faktlar aşkarlanan abonentlərə də 30 gün müddətinə möhlət verilir". 

Eldəniz Vəliyevə dost TƏBRİKİ

Eldəniz Vəliyev

Eldəniz Vəliyev əlavə edib: “Bu günə qədər tərəfimizdən texniki baxış keçirilən mənzillərin 90 faizində texniki şərtlərdən kənara çıxma halları müşahidə edilib”. Bu, çox kritik rəqəmdir. Bəllidir ki, ölkə üzrə çoxmərtəbəli binaların mənzillərində və fərdi evlərdə yaşayanların xeyli hissəsi hamamda məhz “pyatiminutka” quraşdırıb. Bu cihazlar isə düzgün baca sistemi ilə təhciz edilmədikdə, dəm qazı quraşdırıldığı otağa dolur və zəhərləməyə yol açır. Bu cihazları nə ilə əvəzləmək olar? Bu məsələnin köklü həlli varmı? Vətəndaşlar hamamda “pyatiminutka”dan suyu təhlükəsiz şəkildə necə əldə etməlidir? 

Nüsrət Qasımov: “Əgər bu cihaz yanan maddə aşkar edərsə, qazın verilməsi  bloklanır”

Nüsrət Qasımov

Ekspert Nüsrət Qasımov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, insanların dəm qazından ölməsinin bir neçə səbəbi var: “Dəfələrlə bu bədbəxt hadisələrə görə günahlandırılan "qazın düzgün təmizlənməməsi" və “sobaların keyfiyyətsiz olması” iddiaları yanlışdır. Bu gün  satışda olan qaz sobalarının demək olar ki, hamısı keyfiyyətlidir. Burada əsas problem tüstü bacalarıdır. Çünki həmin avadanlıqlar xaricdən ölkəyə gətirilərkən yoxlanılır və standartlara uyğun olanlar buraxılır. Əhaliyə verilən qaz isə Qaradağda Qaz Emalı Zavodunda təmizlənir və içində heç bir zəhərli maddə olmur. Bircə aderatdan başqa. Onu da məqsədli şəkildə vururlar ki, insanlar sızma zamanı qazın iyini hiss etsin. Hər min kubmetrə yayda 8, qışda 16 qram vurulur, bu da zəhərlənmə həddində deyil. Qaz dünyanın hər yerində eynidir. Zəhərlənmə qazın tərkibinə görə deyil. Bu yanlış fikirdir. Bədbəxt hadisələrin çoxu qaz sızmasına görə boğulmadan yox, zəhərlənmədən baş verir. Qaz sızması nəticəsində bir otağa 4,5 faiz həcmdə metan qaz yığılırsa, artıq partlayışa hazır vəziyyətə gəlir və ani qığılcımdan partlayış baş verir. Evdə bu həcmdə qaz sızması olarsa, adicə çöldən qapı zəngi basılarsa, partlayış baş verə bilər".

Ekspert bildirib ki, su qızdırıcı cihazlar hamam otağında quraşdırılması arzuolunan deyil. Qaz sızması zamanı qığılcım baş vermədən öncə də adam boğulmadan ölə bilər: “İnsan bədəninin fəaliyyət göstərməsi üçün iyirmi faiz oksigen olmalıdır. Qaz sızması nəticəsində metan qazın faizi artır, oksigen isə azalır və oksigen çatışmazlığı nəticəsində beyin toxumaları ölür və insan boğulmadan ölür. Zəhərlənmə isə qazın yanması nəticəsində əmələ gəlir. Qazdan zəhərlənmələr daha çox hamam və yataq otaqlarında baş verir. Hamamxanaların həcmi 7 kubmetr olmalıdır. Qapısı bayıra açılmalıdır və qapının aşağısında diametri 2,5 sm deşiklər olmalıdır. Ventilyasiya kanalı olmalıdır, vaxtaşırı təmizlənməlidir. Çox adam ventilyasiya qoymur, ya da bağlayırlar ki, oradan cücü gəlir. Onu bağlamaq insanların ölümünə səbəb olur.  Tüstü bacaları rübdə bir dəfə, istilik cihazları ildə bir dəfə qız mövsümündən öncə təmizlənməlidir. Amma nə bunu təmizləyən dövlət qurumu var, nə də əhali təmizləyir. Qanunverciliyə görə, qaz istismar qaydalarını pozanlar, fiziki şəxslər 30-40 manat, vəzifəli şəxslər 90 manat, hüquqi şəxslər isə 300 manat cərimələnir. Etinasızlıq olmaz, qaz laqeydliyi bağışlamır”.

Ekspert dəm qazından zəhərlənmənin qarşısının alınması üçün öncədən görüləcək tədbirləri açıqlayıb: “Qaz sobalarının bacası evin damından yarım metr hündürdə quraşdırılmalıdır. Bir kub metr qazın təmiz yanması üçün 9,5 kub metr hava lazımdır. Hava çatışmayanda, yaxud həddən artıq çox olanda proses pozulur və karbon 4 oksid əvəzinə karbon 2 oksid alınır.  Karbon 4 oksid zəhərsiz, karbon 2 oksid isə zəhərlidir. Qazı yanılı qoyub gecə yatmaq olmaz. Dəfələrlə mediada bununla bağlı maarifləndirmə işləri aparılır, amma insanlarda öz taleyinə qarşı laqeydlik var. Tüstü bacaları, ventilyator uzun müddətdir yiyəsizdir və heç bir qurum tərəfindən təmzilənmir. Tüstü bacaları işinə nəzarət edən bir qurum yaradılmalıdır. Bu qurumun peşəkar işçiləri və xüsusi avadanlıqları olmalıdır. Hazırda bu işə görə heç bir qurum məsuliyyət daşımır. Qazdan baş verən ölüm hallarının əksəriyyətinə bu səbəb olur. Qaz sızması əleyhinə detektorlar mütləq şəkildə hər bir evdə quraşdırılmalıdır. Detektor problem olanda qazın yolunu bağlayır və yanmamış karbohidrogen olanda reaksiya verərək siqnal çalır. Yeni tikilən binalara detektor paylanılır, köhnələrə isə "Azəriqaz" tələb edir və məcburi şəkildə quraşdırılmalıdır. Bu detektorun qiyməti 10-12 manatdır. Axı insanlar niyə bu pulu öz canlarından üstün tuturlar? Detektorun qoyulmamasına görə də cərimə nəzərdə tutulub. Qaz təchizatı “Azəriqaz”in iştirakı ilə quraşdırılmalı və onların yoxlaması olmadan istifadə edilməlidir. İnsanlar özləri “Azəriqaz”ın işçilərini çağırmalıdırlar, amma bizdə qapıya gələn işçini yoxlamaq üçün evə buraxmırlar. Əsas məsələ, qazı özbaşına quraşdırmaq olmaz. Çünki qaz kəmərlərini tərpədəndə germetiklik pozulur və qaz sızması əmələ gəlir. Qaz qurğularını naşı, lisenziyası olmayan ustaları çağırıb iş gördürmək olmaz. Hərə əlinə bir çamadan alıb düşüb şəhərin canına. Gedib İran peçi alırlar, onun istilik təzyiqi 178 milli metr su tutumuna bərabərdir. Amma bizim kəmərlərdə standart 130 milli metrdir, reallıqda isə 70-80 olur. Vətəndaşlar da nasos ustalarını çağırırlar. Onlar da bu sobaların avtomatikasını pozaraq qaz keçən yerini deşib böyüdürlər və yanma prosesi pozulur. Beləcə, karbon 4 oksid əvəzinə karbon 2 oskid çıxır. Tüstü bacaları, ventilyatorlar da işləmədiyi üçün zəhərli qaz otaqdan təmizlənmir və bundan da zəhərlənmə baş verir".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR