İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə Karlsonun qalmaqallı müsahibəsinin ŞOK DETALLARI

Zaur Məmmədov: “Rusiya və Ukrayna arasındakı danışıqların baş tutmasını Moskva istəyir, amma...”

Tanınmış amerikalı jurnalist, daha çox “trampçı” və Ukrayna əleyhdarı kimi tanınan Taker Karlsonun Vladimir Putindən müsahibə götürməsi müzakirələrə səbəb olub və qalmaqal yaradıb. Hətta bu müsahibəyə görə amerikalı jurnalist Putinin və Trampın maraqlarına xidmət etməkdə günahlandırılıb.

Musavat.com xəbər verir ki, Karlsonun fevralın 7-də aldığı müsahibə ötən gecə nümayiş etdirilib.

TAKER.jpg (100 KB)

Həmin müsahibədə əsas mövzu sözsüz ki, Ukraynadakı müharibə olub. Putin deyib ki, Rusiya və Ukrayna gec-tez razılaşacaq. Putin Ukraynadakı münaqişənin həllinə danışıqlar yolu ilə nail olmaq istədiyini söyləyib: “Ukrayna müharibəyə başlayıb. Rusiyanın məqsədi onu dayandırmaqdır”.

Onun sözlərinə görə, NATO Rusiyanın yeni ərazilər üzərində nəzarətini layiqincə tanıya bilər: “Əgər istək varsa, variantlar mövcuddur”.

Putin 2014-cü ildə Rusiyanın Krımı müdafiə etmək məcburiyyətində qaldığını, çünki yarımadanın təhdid altında olduğu söyləyib.

Putin Kreml təbliğatçılarının dediklərini təkrarlayaraq, müharibənin cəmi bir neçə həftəyə bitə biləcəyini deyib. Lakin bunun üçün Qərb Ukraynaya hərbi yardımı dayandırmalıdır. Yəni bir növ hamı kənara çəkilməli və Rusiya Ukraynanı müstəqil dövlət kimi sona qədər məhv etməlidir:

“Əgər siz həqiqətən də döyüşləri dayandırmaq istəyirsinizsə, silah tədarükünü dayandırmalısınız – bir neçə həftə ərzində hər şey bitəcək, bu qədər”.

Xerson qubernatoru Vladimir Saldo da müsahibə ilə bağlı fikirlərini açıqlayıb. O deyib ki, Putin Taker Karlsona verdiyi müsahibədə Ukraynanın Rusiya torpaqlarının bir hissəsi olduğunu bütün dünyaya sübut etdi: “Bütün dünya indi Vladimir Putini dinləyir və yalnız onun sözlərini düşünür. Ukrayna Rusiya torpaqlarının bir hissəsidir, Rusiyanın bir hissəsidir”.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putinin Karlsonla müsahibəsindən sonra Amerika mediasında isteriya və ya çaxnaşma yoxdur, amma peşəkar qısqanclıq var: “Qərbdə Putinin müsahibəsini çox diqqətlə öyrənəcək və çox təhlil edəcəklər”.

Burada əsasən Putinin “Rusiya və Ukrayna gec-tez razılaşacaq” deməsi diqqət çəkir.

Bəs Qərbin münasibəti necə olacaq?

zaur.jpg (49 KB)

Politoloq Zaur Məmmədov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, müsahibə bu gün müzakirə predmetidir, amma deyilənlərə nəzər yetirsək, görərik ki, Rusiya və Ukrayna arasındakı danışıqların baş tutmasını artıq Moskva istəyir:

“Bundan əvvəl biz fərqli situasiya ilə rastlaşmışdıq. Misal üçün, iki il əvvəl İstanbuldakı danışıqlara qədərki dövrü götürsək, orada Kiyevlə bir masa arxasında oturmaqla bağlı müxtəlif tələblər var idi. Ümumilikdə Ukrayna ilə Rusiya arasındakı müharibə daha çox Qərbin Ukrayna vasitəsilə Rusiyaya qarşı apardığı və Rusiyanın da Ukrayna vasitəsilə Qərbə qarşı apardığı müharibə kimi dəyərləndirilməlidir. Bunlar müəyyən qruplar arasında Avropanın təhlükəsizliyi adlı siyasi xəritəsi ilə bağlı cızılan, plana uyğun atılmış addımlardır. Çünki biz hər iki dünya müharibəsində gördük ki, həm dünya iqtisadiyyatında, həm dünyanın siyasi konfiqurasiyasında müharibələrin olması nələrə gətirib çıxardı. Bu müharibənin də Rusiya ilə Ukrayna arasında olmasının dünya iqtisadiyyatında, dünya nəqliyyatında və Avropa İttifaqının siyasi konfiqurasiyasında hansı nəticələrə gətirib çıxardığını gördük. Birincisi, Avropa İttifaqının daxilində mərkəzdənqaçma meylləri azaldı. İkincisi, Aİ-nin okeanın o tayı və ABŞ-dən bir qədər uzaqlaşma meylini azaltdı. Bununla bağlı düşüncələri kənarlaşdırdı. İnsanlar Avropa ideyası, ümumavropa Birliyi və ümumavropa sivilizasiyası ilə bağlı tezislər ətrafında toplaşmağa başladılar”.

Politoloq onu da əlavə edib ki, Rusiya-Ukrayna müharibəsinin gedişatı ABŞ-nin tutacağı mövqedən asılı olacaq:

“Bu mövqeni isə biz ABŞ-də prezident seçkilərinə qədər görməyəcəyik. Yalnız 2024-cü ilin payızında keçiriləcək seçkilərdən sonra hakimiyyətə kimin gəlməsindən asılı olaraq Ukraynadakı vəziyyət əlbəttə, dəyişəcək”.

Afaq MİRAYİQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR