İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin şok planı: Xankəndiyə köçən milyarder Vardanyan Paşinyanın yerinə hazırlanır - “gürcü ssenarisi”...

Ekspertlərin fikrincə, Ermənistanın baş nazirinin qələmi Rusiya tərəfindən qırılıb; qərbpərəst Saakaşvili də oxşar ssenari ilə rus milyarderi İvanişvili tərəfindən iqtidardan uzaqlaşdırılmışdı - fərqli şərh

Brüsseldə Azərbaycan-Ermənistan liderlərinin görüşündən dərhal sonra Rusiya vətəndaşlığından imtina edən erməni milyarder Ruben Vardanyan Xankəndidə yaşamaq həvəsinə düşüb. Bu da son günlərin əsas hadisəsidir. Ruben niyə qanunsuz şəkildə ərazilərimizə yerləşdirilib və məqsəd nədir? Milyarder yaxşı həyatı qoyub, nə üçün bədbəxtlik içində olan Xankəndidə məskunlaşmağa qərar verib? Bu, hansı ssenarinin tərkib hissəsidir?

Bu hadisələri şərh edən Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Cənubi Qafqazda baş verən siyasi gərginlik ABŞ-Rusiya maraqlarının toqquşmasından qaynaqlanır: “Rəsmi Moskva istəməzdi ki, onun təşəbbüsü ilə imzalanan, faktiki həllini tapmış Ermənistan-Azərbaycan münaqişəsinin həllini ABŞ və Avropa İttifaqı  öz adlarına çıxsın. Hesab edirəm ki, Ermənistan-Azərbaycan arasında hərbi münaqişəni kim dayandırdısa, sülh müqaviləsinin də onun təşəbbüsü ilə həyata keçirilməsi daha məntiqli olardı. Rusiya heç vaxt razı olmayacaq  ki, ABŞ Cənubi Qafqazı öz siyasi təsir dairəsinə salsın. Rusiyada fəaliyyət göstərən erməni milyarder Ruben Vardanyanın Xankəndidə yaşamaq həvəsinə düşməsi, separatçıların qondarma ”xarici işlər naziri" David Babayanın ABŞ Konqresində çıxış etmək üçün sentyabrın 19-da Vaşinqtona gedəcəyi ondan xəbər verir ki, ABŞ və Rusiyanın Cənubi Qafqaz uğrunda yeni savaşı başlayır".

Azad MƏSİYEV

Azad Məsiyev

A.Məsiyevin fikrincə, tarix boyu ermənilər böyük güclərin əlində alətə çevriliblər, bu gün də istifadə edilirlər: “Bəzi güclər unudurlar ki, Cənubi Qafqazı tənzimləyəcək güc Azərbaycandır. Paşinyan ABŞ tərəfindən hakimiyyətə gətirilmiş və himayə olunan fiqurdur, onun götürdüyü öhdəliyi var. Bu baxımdan Paşinyan Moskvanın sülh təşəbbüsünə mane olmaqdadır. Məlum 10 noyabrda üçtərəfli sənədə qol çəkməklə Paşinyan öhdəlik götürüb, lakin bu öhdəliyi müxtəlif bəhanələr gətirməklə icrasını tormozlayır, bunu da ABŞ-dan gələn təlimat əsasında edir. ABŞ Paşiyanın fəaliyyətini qiymətləndirmək, eyni zamanda həvəsləndirmək üçün Ermənistana 60 milyon dollar maliyyə yardım, eyni zamanda Xankəndidə yaşayan ermənilərə minaların təmizlənməsinə görə 2 milyon dollar ayırır. Donbasda, Luqanskidə separatçıları məhv etmək üçün Ukrayna hakimiyyətinə “HİMARS” raketləri, Xankəndi separatçı-terrorçularının dirçəlməsinə isə pul göndərilir. Burada sual doğur: məgər Azərbaycan Xankəndinə mina basdırıb ki, onun təmizlənməsinə ABŞ maliyyə ayırır?"

Ekspertin sözlərinə görə, digər tərəfdən, Babayanın ABŞ Konqresində çıxış etmək üçün sentyabrın 19-da Vaşinqtona gedəcəyi onu deməyə əsas verir ki, ABŞ bununla Azərbaycanın suverenliyinə hörmətsizlik etmiş olur, ərazi bütövlüyünü isə şübhə altına alır: “Rusiyada fəaliyyət göstərən erməni milyarder Ruben Vardanyanın Xankəndidə yaşamaq həvəsinə gəlincə, əgər siyasi proseslərə qoşulacaqsa, deməli, Paşinyanın qələmi Rusiya tərəfindən qırılıb. Rusiya Paşinyanın hakimiyyətindən narahatdır. Moskva Paşinyanın əli ilə Azərbaycanla sülh müqaviləsi  imzalandıqdan sonra Cənubi Qafqazda yeni yaranacaq siyasi situasiyaya uyğun olaraq, Ruben Vardanyanı alternativ fiqur kimi gündəmə çıxara bilər. Vardanyan Ermənistanın yeni baş naziri postuna gətirilə bilər”.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov hesab edir ki, Vardanyan adlı rusiyalı milyarderin Xankəndinə gəlməsi və Rusiya vətəndaşlığından imtina etməsi son günlərin müzakirə edilən mövzularındandır: “Erməni KİV və mediasının monitorinqi göstərir ki, hazırda həm hökumət, həm müxalifət, həm də Arutunyan onun gəlişi və verdiyi bəyanatları şərh etmir, iqtidar və müxalifət mediası daha çox məsələni işıqlandırmayaraq, Vardanyanın gəlişinin əsas məqsədini başa düşmək istəyir. Vardanyan yaxşı başa düşür ki, Ermənistanın baş naziri olmaq üçün birbaşa İrəvana gəlsəydi, cəmiyyətdə reklamı az gedərdi. İndiki halda isə söhbət ”milyarder Vardanyanın işini - gücünü ataraq ermənilər üçün faciəvi vaxtda Qarabağa köçməsi" onun üçün xalq arasında ən yaxşı piardır. Qarabağla bağlılığı olmayan, İrəvanda doğulub orta məktəbə gedən, Türkiyəyə dəfələrlə səfərlər edən Vardanyanın özünü “vətənpərvər” kimi piar etməsinin əsl səbəbi - hakimiyyətdir. Ruben Vardanyanın əsl məqsədi Ermənistanın lideri olmaqdır. Vaxtilə qərbpərəst Saakaşvili də oxşar ssenari ilə rus milyarderi İvanişvili tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. Bu dəfə isə qonşu Ermənistanda Saakaşvilidən az qərbpərəst olmayan, rusofob Paşinyan gözlənilmədən xaricdən gələn milyarder Vardanyanla hakimiyyət uğrunda mübarizə aparmalı olacaq".

Zaur Məmmədov: Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyənin yanındadır  - AZƏRTAC

 Zaur Məmmədov 

Z.Məmmədovun fikrincə, Paşinyanın ailəsi tərəfindən idarə olunun informasiya resurslarının Vardanyanın gəlişinə ümumilikdə susması, 2 məqalədə isə tənqidlə cavab verməsi təsadüfi deyil: “Bəs revanşistlərin Vardanyanla hansı əlaqəsi var? ”Daşnaksütyun"un liderlərindən İşxan Saqatelyan və digər nisbətən gəncləri çıxmaqla qocaman siyasətbazların Rubenlə uzun müddət idi ki, biznes əlaqələri mövcud idi. Robert Köçəryan indiki halda yaxşı başa düşür ki, Ermənistan daxilində Paşinyanı seçki yolu ilə kürsüdən endirəcək lider yoxdur. Baxmayaraq ki, Köçəryanın ətrafındakı media da Vardanyanla bağlı ironiyalı yazılar dərc etməkdədir. Maraqlı məqam, Köçəryanın avqustda ölkəni bir müddətlik tərk etməsi idi. Kim bilir, bəlkə də onlar arasında xaricdə görüş baş tutub".

Vardanyanın hakimiyyətə gələcəyi təqdirdə, nələr ola biləcəyi ilə bağlı politoloq bildirib ki, o, indiki Ermənistan müxalifətindəki personalardan fərqli baxış bucağını son müsahibədə ortaya qoyub: “Bəyanatında müharibələrdə iştirak etmədiyindən, qonşularla sülhün vacibliyindən danışıb. Bu taktika isə sözsüz ki, Paşinyanın elektoratının oğurlanmasına hesablanıb. Onun biznes düşüncəli olaraq bu illər ərzində milyardlar əldə etməsi, bir dəfə də Qarabağa gəlməməsi, Rusiyadan çıxıb gəlməsi əsas hədəfin məhz - geosiyasi kontekst olduğu fikrini aktual edir. Rusiya revanşistləri və yeni müharibə istəyənləri seçmədi, İvanişvili stilindəki soyuqqanlı kadra üstünlük verdi.

Qüdrət Həsənquliyev: Təzyiqləri artırmalıyıq

Qüdrət Həsənquliyev

Vardanyanın Qarabağa gəlişi ilə bağlı deputat Qüdrət Həsənquliyev də maraqlı fikirlər açıqlayıb. Onun sözlərinə görə, Ruben Qarabağda yaşamaq və ermənilərin xoşbəxt həyatını, Ermənistanla Azərbaycan arasında sülhə töhfə vermək istəyirsə, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını bəyan etməli, Azərbaycan vətəndaşlığını qəbul etməli və Qarabağdakı erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyasına kömək etməlidir: “Başqa variantda özünü təqdimetmə siyasi oyunbazlıqdan başqa bir şey deyil və heç bir perspektiv vəd etmir. Hesab edirəm, o da digər erməni ”siyasi liderlər" kimi erməni xalqının qanı hesabına sülh prosesinə ziyan vurmaq və bu xidməti qarşılığında hakimiyyət əldə etmək istəyir, bu məqsədlə xüsusi missiya ilə Xankəndinə gəlib".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR