İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin MDB ölkələri ilə bağlı məxfi müzakirəsi - plan nə...  

Kreml lideri Təhlükəsizlik Şurasının ilk iclasında məhz postsovet məkanını yada saldı və toplantının qapalı hissəsində Lavrovun məruzəsi dinlənildi; ekspertlərə görə, bu region Moskvanın ürəyidir, Qərb isə ora...

“Rusiya MDB ölkələri ilə münasibətlərə xüsusi diqqət yetirməlidir. Bizim üçün həmişə prioritetimiz ən yaxın qonşularımızla, postsovet məkanında formalaşmış müstəqil dövlətlərlə münasibətlər qurmaqdır”. 

“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Rusiya prezidenti Vladimir Putin Sergey Şoyqunun rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının ilk iclasında belə deyib. İclasın qapalı hissəsində bu məsələ ilə bağlı xarici işlər naziri Sergey Lavrovun məruzəsi dinlənilib. Bəllidir ki, Rusiya bu il MDB-yə sədrlik edir. Putin ötən il dekabrın 26-da Sankt-Peterburqda MDB liderləri ilə keçirilən ənənəvi qeyri-rəsmi sammitdə deyib ki, Rusiyanın bu qurumu necə qoruyub saxlamağa və tarixi münasibətləri pozmamağa dair öz baxışı var. Bəzi ekspertlərin fikrincə, Rusiyanın MDB-yə sədrliyi bu təsisatın inkişafına yanaşmaları ciddi şəkildə dəyişəcək. Moskva MDB ölkələri arasında iqtisadi, mədəni və humanitar əlaqələri gücləndirmək, MDB və Avrasiya İqtisadi İttifaqının normativ-hüquqi bazasını uyğunlaşdırmaq, Birlik sərhədlərinin təhlükəsizliyinə xüsusi diqqət yetirmək və xarici təhlükələrə qarşı mübarizə aparmaq niyyətindədir. 

Çünki son illərdə MDB layihəsinin tükəndiyi və onun yalnız SSRİ-nin dağıldığı dövrdə aktual olduğu barədə fikirlər tez-tez səslənir. Dünyadakı mövcud çağırışlar kontekstində təbii ki, Rusiya üçün MDB çərçivəsində əlaqələrin dərinləşdirilməsi xarici siyasətin prioritet istiqamətlərindən biri olmalıdır. Ukraynadan sonra Moldova da faktiki MDB-də iştirakını dayandırıb. Bu səbəbdən Moskva “təşkilatın gələcəyi haqqında dövrün reallıqlarına və iştirakçı dövlətlərin milli maraqlarına cavab verəcək ümumi mənzərəni” formalaşdırmağa çalışır. Putinin MDB-ni möhkəmləndirmək planı müstəqil dövlətlərin paytaxtında hansı reaksiyalar doğura bilər? Xüsusilə son dövrlər Qərb, daha dəqiqi ABŞ MDB-yə daxil olan Mərkəzi Asiya dövlətləri ilə əlaqələri möhkəmləndirmək istiqamətində ciddi çalışır. Bu yaxınlarda isə Baydenin iştirakı ilə “5+1" formatında ABŞ-da görüş olub. Bir sözlə, Qərb Rusiyanın ”axilles dabanı"na basmağa çalışır...

Dövlət şəhid və qazi ailələri üçün heç nəyi əsirgəməməlidir” – Arzuxan  Əlizadə – Yeni Çağ Media

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya üçün MDB məkanı həmişə aktual olub: “Bu regiona kənar müdaxilələr sirr deyil. Rusiyada isə keçmiş SSRİ-nin bərpası haqda dəfələrlə mesajlar verilib, hətta Kreml lideri sovet ittifaqının dağılmasından təəssüfləndiyini bildirib. İndi də Rusiya bu məkanı öz cazibəsində saxlamaq istəyir. Amma Moldova, Gürcüstan, Ermənistan, Ukraynanın ondan uzaqlaşması, bu bölgədə Rusiyanın təsir dairəsinin azaldılması prosesi aparılır. Ona görə zamanında Krım, Abxaziya, Cənubi Osetiya ilhaq olunub. Rusiya postsovet məkanını bu şəkildə təsir dairəsində saxlamağa çalışır”. Partiya sədrinin fikrincə, Azərbaycan müstəqil siyasət yürüdən ölkəyə çevrilib, separatizm və işğala son qoyulub: “Bu həm də Türkiyə-Rusiya tandemi nəticəsində mümkün olub. Hesab edirəm ki, Rusiya bundan sonra da MDB məkanını nəzarətində saxlamağa çalışacaq”. A.Əlizadə regionda mürəkkəb strateji mübarizə getdiyini düşünür və bu səbəbdən Rusiyanın öz təsir zonasını əldən verməməyə çalışdığını görmək olar: “Putinin Təhlükəsizlik Şurasının ilk iclasında MDB məkanı haqda danışması da məhz regiona göstərdiyi diqqətin nəticəsidir. Biz qapalı danışıqlarda nələr olduğunu, məruzədə hansı məsələlərə toxunulduğunu bilmirik, amma Moskva üçün postsovet məkanı həmişə prioritet olacaq”.

Turab Rzayev: "Türkiyə Rusiya ilə Ukrayna və Qərb arasında balans yaratmağa  çalışır"

Turab Rzayev

Siyasi ekspert Turab Rzayevin sözlərinə görə, indiki dövrdə Rusiyanın postsovet ölkələrinə önəm verməsinin bir neçə səbəbi var. Onun fikrincə, Rusiya MDB-ni özünün “arxa baxça”sı hesab etsə də, bura xüsusi diqqət ayırsa da, indi bu məsələ Moskva üçün getdikcə kritikləşir: “Rusiya prezidentinin kabineti formalaşdırdıqdan dərhal sonra bu məsələyə əhəmiyyət verməsi, MDB ilə münasibətlərin inkişafının zəruriliyini qeyd etməsi heç də səbəbsiz deyil. Qərb və NATO MDB ölkələrini Rusiyanın zəif yeri olaraq görür. Bu ölkələr boyunca konfrantasiya xəttini gücləndirməyə çalışır. Artıq Ukrayna və Baltik ölkələrində - Rusiyanın sərhədində NATO var, onlar həm Qafqazda, həm də Mərkəzi Asiyada Rusiyanın nüfuz dairəsinə daxil olmağa çalışır. Qafqazda faktiki olaraq NATO-Rusiya qarşıdurması gedir. Mərkəzi Asiyada da Qərb öz aktivliyini artırıb. Vaxtaşırı olaraq görüşlər keçirir, bu bölgəyə daxil olmağa çalışır. Orta Asiya ölkələrini hərbi əməkdaşlıqla özünə cəlb etməyə çalışır”. 

Siyasi şərhçi hesab edir ki, məsələnin digər tərəfi isə Rusiyanın sanksiyalar səbəbindən bir çox ölkələrlə iqtisadi-siyasi münasibətlərini kəsməsidir: “MDB ölkələri Rusiyaya qarşı sanksiyalarda iştirak etmir. Kreml bu iqtisadi sarsıntıdan xilas olmaq və siyasi boşluğu doldurmaq üçün MDB ölkələrinə diqqət artırmağa məcburdur. Rusiya böyük bir Şərq-Qərb toqquşmasına hazırlandığı vaxtda MDB ölkələri ilə əlaqələrdə arxayın olmalıdır. ABŞ və Qərb ölkələri öz aralarında Rusiyaya qarşı səylərini daha da birləşdirirlər. Buna qarşı mübarizə aparmaq üçün Rusiya öz periferiyasını daha sərt şəkildə müdafiə etməlidir. Məhz buna görə Rusiya MDB ərazisində nüfuzunu möhkəmləndirməyə və Qərbin müdaxilə cəhdlərinin qarşısını almağa çalışır. Kreml MDB ölkələrini birmənalı şəkildə Rusiyanın yanında görmək və heç bir halda Qərbi bölgəyə gətirib, həmin ərazidə Moskvanın işlərinə müdaxilə etməsinə imkan vermək istəmir”.

Qeyd edək ki, MDB-nin qurulması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilib. Bu dövlətlər SSRİ-nin dağılmasının (SSRİ faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayıb və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. Həmçinin, MDB SSRİ-nin “mədəni dağılması”, onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi. Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Almatıda Rusiya, Ukrayna və Belarusla birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəliblər. Azərbaycan parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya edib və MDB-nin tam hüquqlu üzvü olub. 1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqustunda rus ordusunun bu ölkəyə daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxıb. Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir. Ukrayna 2014-cü ilin martında rus ordusunun Krıma daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxıb.

Emil SALAMOĞLU 
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR