İnsanlara hürriyət, millətlərə istiqlal!

Putini hakimiyyətə gətirən “Qara piar”ın kralı öldü

Politoloq, Effektiv Siyasət Fondunun təsisçisi Qleb Pavlovski 72 yaşında vəfat edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə onun dostu, Ali İqtisadi Məktəbin professoru Simon Kordonski məlumat yayıb.

Pavlovski prezident Vladimir Putinin hakimiyyətinin ilk illərində Kremlin əsas siyasi strateqi kimi tanınırdı.

Qleb Pavlovski Sovet dissident hərəkatının keçmiş üzvüdür. 1974-cü ildə o, tanışı Vyaçeslav İqrunova qarşı “sovet sistemini gözdən salan məlumatlar yaydığına görə” DTK-da ifadə verib, məhkəmə zamanı dostlarını rədd etdiyini söyləyib və bunun nəticəsində ittihamdan qurtulub. Daha sonra Moskvaya köçən Pavlovski “Axtarış” “samizdat” (qeyri-rəsmi nəşr - red.) jurnalının redaktoru olub. 1982-ci ildə yenidən həbs olunan Qleb Pavlovski həmin vaxtda da digər dissidentlərin əleyhinə ifadə verib. Sovet dövründə Komiyə sürgünə göndərilən Pavlovski yenidənqurmanın başlanğıcı ilə paytaxta qayıdıb. Gələcək piarçı Moskvanın rəhbəri, gələcək prezident Boris Yeltsinlə görüşərək paytaxta girişi ilə bağlı üzərinə qoyulan qadağanın götürülməsinə nail olub.

1990-cı illərin əvvəllərində Moskvada o, amerikalı xeyriyyəçi Corc Sorosla tanış olur. Pavlovski bunun sayəsində bütün SSRİ-də müasir ofis avadanlığı, o cümlədən kompüterlər və faks aparatları paylayan Vətəndaş Cəmiyyəti proqramının direktoru olub. Daha sonra o, iş adamı Vladimir Yakovlev ilə birlikdə 1990-cı illərdə hazırda Rusiyanın ən böyük qəzetlərindən biri sayılan “Kommersant”ı təsis edən “Fakt” kooperativini yaradıb. Pavlovski Rusiyada ilk özəl xəbər agentliyinin rəhbəri olub.

1996-cı ildə Pavlovskinin təsis etdiyi Effektiv Siyasət Fondu (ESF) Boris Yeltsinin yenidən prezident seçilməsi kampaniyasında iştirak edib. Həmin dövrdə dövlət başçısının reytinqləri olduqca aşağıda idi və bütün sorğulara görə, o, seçkiləri əsas rəqibi, Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Zyuqanova uduzurdu. Buna görə də 1996-cı ildə Rusiyanın bütün oliqarxları, mərkəzi media və hüquq-mühafizə orqanlarının nümayəndələri kommunist liderə qarşı birləşdilər. Qleb Pavlovskinin Boris Yeltsinin qələbəsində əsas rol oynayan fiqurlardan biri olduğu qeyd edilir.

ESF seçkilər zamanı qara piar və kompromatlarla məşğul olub. Məsələn, onun təşəbbüsü ilə Moskvadakı evlərin üzərinə “Bu ev iyundan sonra milliləşdiriləcək” adlı qırmızı stikerlər yapışdırılıb. Bu aksiya kommunizm təhlükəsindən qorxan əhaliyə çox böyük təsir göstərib. Pavlovski “qara piar” xidmətini gələcək prezident Vladimir Putinə də göstərib. Ümumiyyətlə, Putinin iqtidara gəlməsinin əsas səbəbkarlarından birinin də məhz Qleb Pavlovski olduğu bildirilir. “Qara piar” ustası 2000-ci illərdə Putinin hakimiyyətə gəlməsində rol oynayanlardan biri sayılan Boris Berezovski ilə ciddi əməkdaşlıq edib. Berezovki Pavlovski vasitəsilə əsas siyasi düşmənləri - Yevgeni Primakov və Moskva meri Yuri Lujkovu demək olar ki, sıradan çıxarmağı bacarıb. Pavlovskinin siyasi texnologiyaları və manipulyasiyaları sayəsində onların qurduqları “Ana Vətən Bütün Rusiyadır” partiyası 1999-cu ilin noyabr ayında keçirilən parlament seçkilərində 3-cü yerlə kifayətlənib. Bütün bunlar Vladimir Putinə hakimiyyəti möhkəmlətməyə imkan yaradıb.

Lakin görünür, sonradan Kreml onun xidmətlərinə ehtiyac duymayıb. Qleb Pavlovski 2010-cu illərdən etibarən Putin rejiminə qarşı müxalifətə keçib. Rusiyalı politoloq ölkəsinin Ukraynaya qarşı işğalı əleyhinə çıxması ilə tanınırdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR