Onlayn ictimai-siyasi qəzet
Rusiya rəsmi şəkildə Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bəyanat verib. O, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağı “mübahisəli region” adlandırmasına münasibət bildirərkən bu fikirləri səsləndirib.
Zaxarova vurğulayıb ki, Rusiya Federasiyası Qarabağın Azərbaycan Respublikasının suveren ərazisi olduğunu tanıyır və bu mövqedə dəyişiklik yoxdur.
Xatırladaq ki, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edib.
"Əgər Ukrayna münaqişəsi real sülh olmadan dayandırılarsa, bu, nüvə müharibəsinə gətirib çıxara bilər. Çünki Kiyev və NATO Rusiyanın yeni ərazilərini geri almağa çalışacaq", - – Medinski qeyd edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə Putinin köməkçisinə kəskin cavab verib, dövlətlərarası münasibətlərə xələl gətirməməyə çağırıb:
“Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Russia Today kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur.”
O bildirib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır.
Ayxan Hacızadə Medinskiyə səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməməyi tövsiyə edib.
“Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağla Donbas arasındakı müqayisəsi yersizdir”.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert vurğulayıb ki, V.Medinskinin Qarabağla Donbas arasında apardığı uğursuz müqayisə yalnız onun beyninin məhsulu deyil:
“Qarabağı hələ də “mübahisəli ərazi” kimi təqdim edən ölkə (Rusiya) Azərbaycanın strateji tərəfdaşı olmadığı kimi, ona heç bir halda Xankəndidə konsulluq xidməti açmağa “yaşıl işıq” yandırıla bilməz. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova prezidentin köməkçisi Vladimir Medinskinin sözlərini kontekstdən çıxarmamağa və onlara tamamilə fərqli bir məna verməməyə çağırıb.
Biz heç nəyi kontekstindən çıxarmırıq və faktları təhrif etmirik. Prezidentin köməkçisi “Russia Today” kanalına müsahibəsində bunu deyib: “Əgər Rusiya-Ukrayna cəbhə xətti boyu münaqişə dayandırılarsa və əsl sülh əldə olunmazsa, sadəcə hansısa atəşkəs sazişi bağlanılarsa, region Ermənistanla Azərbaycan arasındakı mübahisəli bölgəyə - nəhəng Qarabağa çevriləcək”.
Yəni Medinski demək istəyib ki, Rusiya ilə Ukrayna arasında atəşkəs olarsa, Kreml istəyinə nail ola bilməyəcək və Donbas Qarabağ kimi “mübahisəli ərazi”yə çevriləcək. Bu baş verməsin deyə, Kreml Ukraynada məsələni “köklü” həll etmək istəyir.
Birincisi, Azərbaycan Qarabağı işğaldan azad edib, Rusiya isə Donbası işğal edib. İkisi arasında ən böyük fərq budur.
İkincisi, keçmiş işğalçı dövlət olan Ermənistanın hakimiyyəti müharibədən sonra Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, Ukrayna isə işğal altındakı ərazilərin Rusiyaya aid olduğunu qəbul etməyib.
Bir məqamı da nəzərə almalıyıq ki, Medinskinin Qarabağla Donbas arasında apardığı uğursuz müqayisə yalnız onun beyninin məhsulu deyil, köməkçisi olduğu şəxs (Vladimir Putin) də onun kimi düşünür, sadəcə Azərbaycan ordusunun qələbəsi Kreml sahibinə reallığı qəbul etməyə məcbur edib. Ancaq belə bir adamın bir gün reallığı dəyişdirmək istəyində olmadığından əmin ola bilmərik”.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız politoloq Rizvan Hüseynovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
11 Iyun 2025
03:54 Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır? - ARAŞDIRMA
10 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ