Onlayn ictimai-siyasi qəzet
Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında baş tutan telefon danışığının detalları ilə bağlı açıqlama verib.
Musavat.com-un məlumatına görə onun sözlərinə görə, tərəflər Ukraynaya silah tədarükünün dayandırılması məsələsinə toxunublar.
Peskov bildirib ki, Putin və Tramp Ukraynada sülhməramlı kontingentin yerləşdirilməsini müzakirə etməyib. Bununla yanaşı, martın 19-20-də Rusiya və ABŞ növbəti danışıqların dəqiq tarixini və iştirakçılarını razılaşdıracaq.
Kreml rəsmisi əlavə edib ki, Putin və Tramp Ukraynanın enerji infrastrukturu obyektlərinə qarşı 30 günlük atəşkəs barədə razılığa gəlib. Lakin Kremlin qiymətləndirməsinə görə, Ukrayna ordusunun Kubandakı enerji obyektlərinə hücumları əldə olunan razılaşmaların sabotajı kimi qəbul edilir.
Bundan başqa, Peskov vurğulayıb ki, Putin Tramp ilə dialoqa açıqdır və Moskva Vaşinqtondan qarşılıqlı maraq görür. O qeyd edib ki, Putin-Tramp danışığında Ukraynada hakimiyyət dəyişikliyi məsələsi müzakirə olunmayıb və Rusiya-ABŞ danışıqlarında Kiyevə hərbi yardımın dayandırılması əsas gündəm məsələlərindən biri olacaq. Bununla belə, mövzu ictimai müzakirəyə çıxarılmayacaq.
Kremlin sözçüsü həmçinin bildirib ki, iki lider arasında keçirilən telefon danışığında Rusiya ilə ABŞ arasında birbaşa aviareyslərin bərpası məsələsi qaldırılmayıb. O, Moskva və Vaşinqton arasındakı münasibətlərin bərpası üçün əvvəlki administrasiyanın atdığı qeyri-dost addımlardan sonra vaxt və səylərin tələb olunduğunu vurğulayıb.
Musavat.com
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ