İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Paşinyandan bunu istəyir: Ermənistan “hə” deyəcəkmi? - ŞOK DETALLAR

“Vestnik Kavkaza” İnformasiya agentliyinin baş redaktoru, siyasi ekspert Andrey Petrov Ermənistan-Rusiya münasibətlərinə dair maraqlı açıqlamalar verib. O deyib ki, “Ermənistan baş naziri və xarici işlər nazirinin Rusiyaya çağırılmasının əsas məqsədi sülh sazişi ilə bağlı prosesi ölü nöqtədən tərpətməkdir”.

Onun sözlərinə görə, yaxın vaxtlarda sülh sazişinin tərkibi ilə bağlı işə başlanılacaq: “Hər şeydən əvvəl Ermənistan tərəfi buna başlayacaq. Çünki Azərbaycan tərəfi sülh sazişi ilə bağlı təklifini edib. Bu, 5 bənddən ibarət baza prinsipləridir. Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasında prinsipial marağı olan ölkələrdən biridir. Rusiya özü üçün sülh, sabitlik və təhlükəsizlik içində yaşayan Cənubi Qafqazı təmin etmək və birdəfəlik bu mövzunu bağlamaq istəyir. Lakin biz son iki ildə Ermənistanın bu istiqamətdə heç bir praktiki addım atmadığını görürük. Ermənistan tərəfindən heç bir kommunikasiya açılmayıb, plana uyğun bir kilometr yol belə çəkilməyib”.

Rusiyalı ekspert Ermənistanın hələ də sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın işini ləngitdiyini də qeyd edib: “Baxmayaraq ki, sərhədlərin delimitasiyasının aparılması üçün bütün lazımi sənədlər mövcuddur. Bunların eynisini biz sülh sazişi prosesi ilə bağlı da görürük. Buna müvafiq olaraq Ermənistan rəhbərliyi Rusiyaya ona görə çağırılıb ki, xarici işlər nazirləri səviyyəsində sülh sazişinin erməni variantının tərkibi ilə bağlı praktiki işə başlanılsın. Rusiya Prezidenti isə Paşinyanı prinsipial olaraq strateji məsələləri müzakirə etmək üçün çağırıb. Düşünmürəm ki, sülh sazişi ilə bağlı Paşinyan Putinin təklifi ilə razılaşmasın”.

Ekspertin fikrincə, Ermənistan rəhbərliyinin Rusiyaya çağırılması təkcə Qarabağ ətrafındakı vəziyyət və sülh sazişi ilə bağlı deyil: “Rusiyanı Ermənistan daxilində rəsmi və qeyri-rəsmi Moskvanın ünvanına ittihamların səslənməsi narahat edir. Rusiya müttəfiqindən hazırkı dövrdə ittiham yox, açıq dəstək gözləyir. Ona görə də, Putin Paşinyanın ölkəsinin konkret olaraq Rusiyadan nə istədiyini soruşacaq. Təbii ki, Rusiyanın da Paşinyandan istədikləri var. Paşinyan hakimiyyətinin sözdən əməli işə keçilməsi tələb olunacaq”.

Rusiyalı ekspert bu ilin sonuna kimi sülh sazişini imzalamağın mümkün olmayacağını qeyd edib. Onun sözlərinə görə, buna səbəb Ermənistanın prosesi uzatmaq cəhdləridir. Bununla belə, ilin sonuna kimi çərçivə sazişi hazır olacaq. Azərbaycan tərəfinin təklif etdiyi 5 baza prinsipi təsdiq olunacaq: “İlin sonuna kimi sülh sazişinin hazırlanması ilə bağlı komissiyanın yaradılması mümkündür”.

Göründüyü kimi, kifayət qədər ilginc və düşündürücü açıqlamalardır. Rusiyalı ekspert ona işarə edib ki, Rusiya Paşinyandan sülh sazişini imzalamağı tələb etməklə yanaşı, Paşinyandan Qərbə yox, məhz Kremlə stavka etməyi istəyirlər. Sirr deyil ki, Paşinyan Qərb dairələrinə bağlı olub, “Soros uşağı” kimi xarakterizə edilir. Belə görünür ki, hazırda Paşinyan odla su arasında qalıb. O, Rusiyanın istədiklərini verəcəkmi? Verməzsə, hansı aqibətlə üzləşə bilər? Bunun sülh prosesinə təsiri necə olar?

372c505a-0b3d-4128-a647-491ac4df2b7b.jpg (69 KB)

AĞ Partiya başqanının müavini, siyasi analitik Rəhim Əhmədzadə “Yeni Müsavat”a mövzu ilə bağlı bunları dedi: “Post-müharibə dövründə Ermənistanın Baş naziri Nikol Paşinyan demək olar ki,  bütün açıqlamalarında ölkəsinin Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirir, lakin  “bundan əvvəl bu sənəd danışıqlar nəticəsində tərtib olunmalıdır” kimi ifadələr səsləndirir. İlk  növbədə onu qeyd edim ki, artıq  müharibənin bitdiyi 2 ilə yaxın müddət olmasına baxmayaraq Ermənistan tərəfi sülh prosesinin nəticələnməsini maksimum dərəcədə uzatmağa çalışır. Bununla onların nəyə nail olmaq istədiyi aydındır. Üzərinə düşən öhdəlikləri tam yerinə yetirmək istəmirlər. Azərbaycan tərəfi isə öz haqlı mövqeyində qətiyyətli şəkildə dayandığı üçün Paşinyan və komandasına bütün tribunalardan tezliklə imza atdıqları öhdəlikləri yerinə yetirməyi tələb edir.

Hətta xatırlayırsınızsa, Paşinyan “biz hesab edirik ki, bu danışıqlar baş tutmalıdır və Ermənistan buna hazırdır” kimi ifadələr işlətmişdi. “Ermənistanla Azərbaycan parlamentləri hələ 1992-ci ildə bir-birinin MDB çərçivəsində mövcud sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünü tanımaq haqqında sənədləri ratifikasiya ediblər, lakin, bir çox məsələ və incəliklər həll olunmamış qalır və bunun üçün danışıqlar aparılmalıdır kimi” də ifadələr işlədirdi. Əslində Paşinyan qurduğu hər cümlənin önəmli hissəsi "lakin" ifadəsindən sonra başlayır. Bununla həm erməni ictimaiyyətinin daxildəki nəbzini stabil saxlamaq istəyir, həm də qərb  və  Rusiya arasında qalmaq istəmir.  Görünən odur ki, Paşinyanın gücü olsa, o bütün müqavilələri heçə sayar, yenidən tarixi Azərbaycan torpaqları haqqında xam  xəyallara  düşərdi. O eyni zamanda Ukrayna müharibəsindən sonra  da dünyada Rusiyanın mövqeyinin necə olacağını da gözləyirdi. Ümumilikdə proses Ermənistanın əleyhinə işləyir. Paşinyanın hazırda öz iqtidarını qorumaq üçün tək çıxış yolu Rusiyanın istədiklərini vermək və  üç tərəfli bəyanatın şərtlərinə əməl etməkdir. Əksi olacağı təqdirdə daxili etirazların və Ermənistan siyasi elitasının basqısı ilə iqtidarını itirə bilər. Çünki görünən odur ki, ümumiyyətlə Ermənistanda qərbyönlü projelər uğursuz oldu”.

92765617-b7e1-4fa8-bdcb-9b6df58c72a8.jpg (26 KB)

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bildirdi ki, son vaxtlar Rusiya ilə Ermənistan arasında maraqlı proseslər baş tutur: “Qeyd etdiyiniz kimi, Ermənistan xarici işlər naziri və baş nazirinin ard-arda Rusiyaya səfərini təsadüfi hesab etmək olmaz. Xüsusilə, nəzərə almaq lazımdır ki, bu Prezident İlham Əliyevlə Paşinyanın Brüsseldəki görüşündən sonra baş verdi. Düşünürəm ki, Putin Paşinyana “qulaq burması verib”. Belə ki, bir müddət Qarabağdakı sülhməramlıların fəaliyyətinin suallar doğurduğunu deyən hökumət başçısı Rusiyada olarkən onların fəaliyyətini yüksək qiymətləndirib. Baş nazir, həmçinin deyib ki, Azərbaycanla sərhədlərin açılmasında Rusiyanın dəstəyinə ehtiyac var. Fikrimcə, bu fikrin “ideya müəllifi” Kremldir. Diqqət çəkən başqa bir məqam Brüssel görüşündən bu yana sərhəddə təxribatların ara verməməsidir. Bu məsələdə də Moskvanın “əlinin olduğunu” istisna etmirəm. Ermənistan mətbuatının yazdığına görə, Brüssel görüşündən sonra Paşinyan komandasına sülh müqaviləsinin mətninin hazırlanmasının sürətlənməsi barədə tapşırıq verib. Bunun nə qədər doğru olduğunu demək çətindir. Amma bir məsələ dəqiqdir: Paşinyan Azərbaycan sülh müqaviləsinin imzalanmasında maraqlı görünür. Çünki başqa yolu yoxdur. Buna məcburdur. Rusiya ilə Ukrayna arasında davam edən müharibə Ermənistanın regionda “çətirsiz” qalması ilə nəticələnə bilər. Ona görə də İrəvan Ankara ilə diplomatik münasibətlərin bərpasına tələsir. Türkiyənin şərti isə aydındır: əvvəlcə Ermənistan Azərbaycan ərazi bütövlüyünü tanımalıdır. Beləliklə, Paşinyan münasibətlərin normallaşmasını istəsə də, Moskva bu məsələdə maraqlı deyil. Kremlin istədiyi sadəcə Qərbin regiondakı mövcudluğuna zərbə vurmaqdır. Ümumiyyətlə, Cənubi Qafqazdakı sabitlik nə Kremli maraqlandırır, nə də Qərbi. Onlara lazım olan öz maraqlarının təmin olunmasıdır. Putinin gələcəkdə Paşinyana təzyiqləri arta bilər. İndi ən çox lazım olan rəsmi İrəvanın siyasi iradə göstərməsidir”.

ee3f32af-29c4-4581-9e89-c2cf40884d73.jpg (53 KB)

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılovun da fikirləri fərqli deyil: “Rusiya yaxşı başa düşür ki, Ermənistan hakimiyyətinə heç bir formada inanmaq olmaz. Çünki bu gün Ermənistan iqtidarı xarici güclərin əlində oyuncaqdır. Eyni zamanda, aylardır davam edən aksiyalar da sübut edir ki, bu gün Rusiya siyasi və hərbi elitası hələ də Ermənistan hakimiyyətinə güvənmir. Aylarla davam edən etiraz aksiyalarında müxalifətin Rusiya tərəfindən media dəstəyi almağı Paşinyana alternativlərin hakimiyyətə gəlməsində Rusiyanın marağını ehtiva edir. Həmçinin, Köçəryan kartı da rəsmi Moskva üçün həmişə işlək kartıdır. Eyni zamanda Ukrayna savaşından sonra Rusiyanın əlavə və alternativ iqtisadi manevr imkanları daralıb. Ona görə Azərbaycan və Ermənistan arasında sülhün olmağı həm delimitasiya, həm Zəngəzur dəhlizi, həm də 3+2 formatının daha da işlək olmağı ilə nəticələnəcək. Rusiya regionda yeni iqtisadi-siyasi formasiyalarda maraqlıdır. Buna görə də Ermənistandakı “sorosçular”ın Qərbdəki erməni lobbisinin vasitəçiliyi ilə regionda yeni provokasiyalar etməyində hələ o qədər maraqlı deyil. Digər tərəfdən Brüssel danışıqlarının müsbət yekunlaşması və burda nəticə yönümlü fəaliyyətlər Rusiyanı narazı salır. Rusiya istəyir ki, bütün irəliləyişlər onun moderatorluğu altında gerçəkləşsin. Paşinyana Rusiya tərəfindən gələn direktivləri yerinə yetirməyə məhkumdur. Onun başqa heç bir yolu qalmayıb. Bu gün Ermənistan Rusiyadan tam asılı haldadır. Ona görə də Rusiya tərəfindən təzyiqlər Ermənistanı müəyyən addımlara vadar edəcək. İndiki halda isə Cənubi Qafqazda sabitlik Rusiya maraqlarına ziddir deyil və bu proses də sülh məsələsində pozitiv mənada öz təsirini göstərə bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR