Onlayn ictimai-siyasi qəzet
Ukraynadan atəşkəs razılığını alan Tramp, yaxın adamı Stiv Uitkoffu Moskvaya Putinlə görüşə göndərəndə, bəlkə də ağlına da gəlməzdi ki, Rusiya prezidenti onun adamını düz 8 saat gözlətdirəndən sonra qəbul edəcək. Putin “qalib” ədalarını bununla bitirməyib; o, ABŞ prezidenti ilə telefon danışığından sonra Trampın yalvarışlarını( başqa adı yoxdu, Tramp özü də bunu etiraf edir) nəzərə aldığını və “xeyirxah, humanist” qərar qəbul edərək ukraynalı əsgərlərin silahı yerə qoyub əsir düşdüyü halda öldürməyəcəyini dünyaya bəyan etdi. Amerika Birləşmiş Ştatları Prezidentinin Putinlə telefon danışığından sonra sosial şəbəkədə paylaşdığı məlumatın tonuna diqqət edək: ”Prezident Putindən xahiş etdim ki, onlara rəhm etsin. Bu, İkinci Dünya Müharibəsindən bəri görülməyən dəhşətli qırğın olardı. İlahi, onların hamısını qoru!".
Prezident sözündən çox keşiş duasını xatırladan bu cür yumşaq tondan sonra siyasət tamaşasının lojasına qalxan Putin binoklla parterə göz gəzdirib Trampı axtarırdı. Onu lojaya Tramp çıxarsa da, özü qalxa bilmədi. Putinə stimul verib onun mövqeyini möhkəmləndirən Trampın Ukraynaya qarşı olduğu kimi Rusiyaya qarşı da sərt olması ehtimalının az olacağı proqnozlaşdırılan idi. Məhz oval kabinetdə Zelenskini “minnətdar olmamaqda” qınayıb, yardımları, ilk növbədə kəşfiyyat məlumatlarını dayandıran Trampın ucbatından ukraynalı əsgərlər Kurskdan geri çəkilməyə məcbur oldu. Ukraynalı əsgərlərin mühasirəyə düşmədiyini bildirən Ukrayna Ordusu Baş Qərargahı Trampın yalan danışdığını və Putinin əlinə oynadığını açıq şəkildə bəyan edərək bu informasiyanın ruslar tərəfindən siyasi məqsədlər, Ukraynaya və tərəfdaşlarına təzyiq göstərmək üçün yaradıldığını sübut etdilər. Özünü “sülh göyərçini” kimi göstərmək istəyən ABŞ prezidenti nədən işğalçıya stimul verəndən sonra işğala məruz qalan üçün yalançı göz yaşları tökür? Bəs, danışıqlara getməyən, sülhə razı olmayan Rusiyanı çökdürəcəyini deyirdin, ən ağır sanksiyalar tətbiq ediləcəyi ilə hədələyirdin Rusiyanı? “Nooldu Tramp?”. Hələ 24 saata müharibəni dayandırmaq vədi. İndi də deyir ki, “ mən o sözü sarkazmla demişəm”. Yalnız o sözmü? Sual verən jurnalistlərə də standart cavabı var: “Sülh danışıqları çox yaxşı gedir”.
Putin üçün bu “yaxşılıq” sülh anlamında deyil, daha qəddarcasına “ət müharibəsi” aparmaqdır. 30 günlük atəşkəs təklifindən sonra Putin o qədər ürəkləndi ki, hərbi paltarda Kurska gəldi və ön cəbhədəkilər onun bu formasından məmnun olub hərbi maşınlarının üstünə “ Putin uğrunda” sözlərini yazdılar.
Hadisələrin bu cür inkişafından sonra çox güman ki, Tramp Putinlə bir neçə gündən sonra onun şərtləri ilə bağlı danışıqlar aparacaq və bu şərtlərin hamısını olmasa da, bəzilərini Ukraynaya təqdim edəcək. Əgər təqdim olunan zaman Zelenski onun şərtlərinin qəbuledilməz olduğunu söylərsə, Tramp yenidən qəbuledilməz olanı qəbul etməyə məcbur etmək üçün onu sülhə əsas maneə kimi qələmə verəcək. Bu situasiyadan ilk yararlanan isə Zelenskinin dediyi kimi ,”əsl manipulyasiya ustası” olan Putin olacaq, necə ki, indiyədək yararlanıb. Putin danışıqları uzatmaqla ABŞ-Ukrayna münasibətlərinin yenidən pisləşməsini izləmək üçün əlindən gələni edəsidir.
Tramp isə, başına yığdığı yarasız bir komandası ilə Kanada, Qrenlandiya, Panama yollarındadır. İlon Mask pul qazanan milyarder kimi bacarıqlı ola bilər, amma hər şeyi pulda görən bu zat adamlıqdan uzaqdır. O, Rusiya tərəfindən oğurlanmış ukraynalı uşaqların xilas edilməsi ilə məşğul olan Yel universitetinin komandasının fəaliyyətinə ayrılan dövlət pullarını dayandırıb. İlon Mask indiyədək 300 uşağı valideynlərinə qaytaran bu komandanın işinə son verib! 9 mayda İlon Mask Qırmızı meydanda Putinlə bərabər dayansa heç təəccüb etməyin.
İndi 30 günlük atəşkəs olacaqmı? Bəlkə də əksəriyyət düşünür ki, Putin boyun qaçırsa Tramp daha ciddi sanksiyalara əl atacaq, Ukraynaya çox sayda silah – sursat göndərəcək, Putini hədələyəcək...
Birincisi, Tramp Putini yox, yenə o yazıq Zelenskini hədələyəcək ki, günah səndədir, yəni Krılovun “Qurd və quzu”su misalı...
İkincisi, artıq Rusiya üç ildir sanksiyalara adaptasiya olub və islanmışın yağmurdan qorxusu qalmayıb.
Üçüncüsü də Putinin atəşkəsdən çox faktiki Ukraynanın kapitulyasiya olması şərtlərindən danışması hələ atəşkəsin rəsmiləşməsini uzadacaq. Rusiya almanlarala 3 il 10 ay 17 gün müharibə apardı, ukraynalılarla müharibə o müddətə yaxınlaşmaq üzrədi. Müharibəsiz, davasız yaşaya bilməyən bir imperiya təfəkkürü bəşəriyyəti illərdir təhlükədə saxlamaqdan ləzzət alır.
Trampın Putin sevgisi hələ çox su aparacaq. Olan da Ukraynaya, ukraynalılara olacaq. Yalnız onlaramı?
İlham İsmayıl,
Xüsusi olaraq Musavat.com üçün
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ