İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Bolqarıstan və Rumıniyanı Ukrayna müharibəsinin səbəbkarı kimi təqdim etdi – Sofiya və Buxarestdən sərt cavab

Rusiya prezidenti Vladimir Putin Bolqarıstan və Rumıniyanı Ukraynadakı müharibəyə səbəb olan gərginliyə töhfə verməkdə ittiham edib.

Musavat.com xəbər verir ki, bu fikirlər Kremlin təşviqatına xidmət edən “Rusiya. Kreml. Putin. 25 il” adlı sənədli filmdə səsləndirilib.

Putin iddia edib ki, bu iki ölkə ərazilərində ABŞ hərbi bazalarının yerləşdirilməsi ilə bölgədə gərginliyi artıraraq, müharibəyə zəmin yaradıblar. Onun fikrincə, bu addımlar NATO-nun Şərqə doğru genişlənməsi siyasətinin bir hissəsidir və Rusiyanın təhlükəsizlik maraqlarına ziddir.

Bolqarıstan Xarici İşlər Nazirliyi isə bu açıqlamalara sərt reaksiya verib. Nazirliyin bəyanatında deyilir:

“Rusiya Federasiyasının Ukraynada başlatdığı qanunsuz və təhriksiz müharibənin məsuliyyətini digər ölkələrin, o cümlədən Bolqarıstanın üzərinə yükləməyə cəhd etməsi tamamilə qəbuledilməzdir və faktların kobud şəkildə manipulyasiyasıdır”.

Bəyanatda həmçinin vurğulanıb ki, Bolqarıstanın NATO-ya üzv olması xalqın iradəsinə və demokratik proseslərə əsaslanan suveren qərardır.

Xatırladaq ki, Bolqarıstan və Rumıniya NATO üzvü kimi son illərdə ABŞ və Qərb hərbi strukturları ilə əməkdaşlığı genişləndirib, bu isə Kreml tərəfindən tez-tez “təhlükə” kimi təqdim olunur.

Rumıniya Xarici İşlər Nazirliyi də Putinin sözlərinə sərt reaksiya verib. Nazirliyin sözçüsü Andrey Tsarnea Rumıniyanın NATO-ya üzvlüyünün “Rumıniya xalqının və müttəfiqlərinin suveren iradəsi olduğunu və heç kəsin təhlükəsizliyinə təhdid yaratmadığını” vurğulayıb.

Tsarnea bildirib ki, Putin yenə “həmişəki yalançı narrativlərə” qayıdaraq bu ritorikanı Ukraynaya qarşı başladılan qanlı müharibəyə bəraət qazandırmaq üçün istifadə edir:

“Avropada regional təhlükəsizliyə yeganə təhdid Rusiyadır. Moskva qeyri-qanuni və əsassız müharibə aparmaqla yanaşı, Ukraynada mülki əhaliyə qarşı hərbi cinayətlər törədir və dezinformasiya, anti-NATO və anti-Avropa təbliğatı ilə çıxış edir”.

Xatırladaq ki, həm Bolqarıstan, həm də Rumıniya son illərdə NATO çərçivəsində ABŞ və digər Qərb müttəfiqləri ilə əməkdaşlıq səviyyəsini artırıb. Bu addımlar Rusiya tərəfindən tez-tez təhdid kimi təqdim olunur, lakin region ölkələri bu iddiaları ardıcıl şəkildə rədd edirlər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR