Onlayn ictimai-siyasi qəzet
Avqustun 15-də Alyaska ştatında Amerika prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı nisbətən zəif təsir bağışlaması dünya mediasının əsas müzakirə mövzularından biridir.
2 saat 45 dəqiqəlik görüşdən sonra (halbuki, görüş 7 saat müəyyən edilmişdi) cüzi də olsa, Kremlin sahibi Ağ Ev sahibi qarşısında üstün qələmə verilir. Xüsusilə, Putinin nahar qalmaması “dünyaya meydan oxuma” ifadə olunur.
“ABŞ prezidenti Trampın Putinlə bağlı qurduğu xəyallar özünü doğrultmadı. Əslində, bizə görə Rusiyanın və xüsusilə də Putinin nə mal olduğunu Tramp hələ tam çılpağlığı ilə anlaya bilməyib, desək, bəlkə də yanılarıq”.
Bu sözləri Musavat.com-a politoloq Çigniz Şahbazi deyib. Onun fikrincə, Trampın yürütdüyü siyasətin doğru olmadığını da sübut etmək çox çətindir: “Doğrudur, ABŞ dünyada ən böyük gücə malik olan dövlətdir və nəzarətində çox böyük imkanlar var. Buna rəğmən Rusiyanın əlində olan imkanlardan çox ehtiyat edir və Rusiyanın bu qədər cinayətlərinin qarşısında onunla yuxarıdan aşağı danışmaq fikrində deyil. Əslində, bu təmkinli və soyuqqanlı siyasətin və davranışların arxasında real vəziyyəti düzgün qiymətləndirmək və yaxud da, Rusiyanı hansısa məqama yaxınlaşdırmaq kimi planların olması mümkündür. Bu səbəbdən ABŞ Rusiyanın nazı ilə oynamağa üstünlük verir və Ukraynaya ağır və təslimçi şərtləri qəbul etməsi üçün təsir göstərir. Bəlkə də bu olub bitənləri daha sonra bir referendum yolu ilə geri qaytarmaq, ədaləti bərpa etmək mümkün olacaq. Amma, bunun əksi halında Ukraynanı qurtarmaq istərkən, dünyanın məhvini gətirməyi risk altına almaq və bu imkanı hansısa səbəblərdən dolayı Rusiyaya vermək kimi bir səhvə də yol vermək olmaz. Bu səbəbdən hesab edirəm ki, ABŞ-ın Rusiyaya qarşı bu qədər səbr və təmkin nümayiş etdirməsinin bir səbəbi var və heç şübhəsiz ki bunun arxasında Rusiyanın irəli sürdüyü şərtlərə qarşı, ABŞ-ın həssaslıq sərgiləməsinin bir dərin nədəni də mütləq ki, yox deyil”.
Cavanşir ABBASLI
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ