İnsanlara hürriyət, millətlərə istiqlal!

Psixoloqdan valideynlərə XƏBƏRDARLIQ: Təkcə qayğı yetərli deyil

“Uşaqların öyrənmə təcrübələrinin əsası ailədə qoyulur. Valideynlər yalnız birbaşa öyrətməklə deyil, digər şəxslərdən öyrəndiklərini də öz təcrübələri ilə sintez edərək, doğru olan yanaşmalardan istifadə etməklə uşaqların bu ilkin dövrdən inkişaf və öyrənmə proseslərinə öz töhfələrini vermiş olurlar”.

Musavat.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da psixoloq İlahə Dadaşova açıqlayıb.

Onun sözlərinə görə, valideynlərin uşaqlarına qarşı məsuliyyətləri təmizlik, qidalanma, geyinmə kimi zəruri tələbatları ilə məhdudlaşmamalıdır:

“Valideynlə övlad arasındakı qarşılıqlı əlaqə uşağın davranışlarının formalaşmasında və müsbət davranışların qazanılmasında mühüm rol oynayır. Bir uşağın məktəbəqədər yaşda qazandığı davranışların əhəmiyyətli bir hissəsi, yetkinlik dövründə şəxsiyyət quruluşu, münasibətlərini, vərdişlərini, inanclarını və həqiqətlərini formalaşdırır. Valideyn-uşaq münasibətlərinə: valideyn-övlad münaqişəsi, aralarındakı ünsiyyət prosesi və valideyn-övlad əlaqəsi, bağlılığı daxildir. Valideyn-övlad arasındakı münasibətləri daha çox psixoloji yaxınlıq, inam və ünsiyyət kimi münasibətlər müəyyənləşdirir. Valideyn-övlad münasibətləri yalnız valideynlə övlad arasında bioloji xarakteri deyil, aralarındakı psixoloji və sosial münasibətləri də əhatə edir. İkisi arasında mövcud olan davranışları, duyğuları, uşaqdan gözləntilərinin birləşməsindən ibarətdir. Uşaqların valideynlərinin rolları və perspektivləri, valideynlərinə qarşı hissləri və hörmətləri barədə anlayışı uşağın həyatına əhəmiyyətli dərəcədə təsir göstərir. Bu münasibətlər erkən uşaqlıq dövründə meydana gələn uşaqların emosional inkişaf, özünü idarə və realizəetmə, dil və sosial inkişaf kimi davranış quruluşlarını təsir edir. Valideynlər uşağın ilkin sosial mühitidir, onları istiqamətləndirən təməl institutdur. Uşaqlar ilk sosial davranışlarını valideynləri və ailənin digər üzvləri ilə qarşılıqlı əlaqələr nəticəsində qazanmış olurlar. Valideyn və ailədəki digər fərdlərin uşaqla qarşılıqlı əlaqəsi uşağın ailədəki yerini və rolunu müəyyənləşdirir, uşaqlarla davranış mexanizmlərini formalaşdırır. Valideynlər uşağa inam hissini aşılayır və uşağın sosiumda qəbul edilməsi üçün lazımi mühiti hazırlayır. Həmçinin, cəmiyyətdəki digər fərqli fərdlərin qəbul edilməsi və hörmət, empatiya duyğularının yaranmasında böyük pay sahibi olurlar”.

Psixoloq qeyd edib ki, ailə, məktəbəqədər dövrdə uşağın həyatında təsirli bir sosiallaşma mənbəyi olaraq görülür:

“Məktəbəqədər dövrdə uşağa öyrədilən sosial təcrübələrdən savayı, praktiki nümunələr kimi uşaq ən çox ailə üzvlərinə bənzəmək istəyir və onların hərəkət və davranışlarından bir növ faydalanır. Burada doğru seçilmiş valideyn obrazının uşağın indiki və sonrakı həyatına əhəmiyyətli təsiri olur. Sosial və emosional inkişafda valideynlər uşağın emosional ifadələrini və sosial bacarıqlarını formalaşdıran və güclü şəkildə təsir edən ən vacib modellərdir. Sosial öyrənmə nəzəriyyəsinə görə, insan davranışı təkcə möhkəmləndirmə ilə deyil, həm də davranış və ətraf mühit faktorlarının qarşılıqlı təsiri ilə izah edilə bilər. Valideynlər və uşaqlar arasındakı sağlam ünsiyyət uşağın sağlam bir şəxsiyyət kimi inkişaf etməsinə kömək edir. Başqaları ilə müsbət əlaqələr qurmaq üçün əsas yaradır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR