İnsanlara hürriyət, millətlərə istiqlal!

“Proseslər yenidən təkrarlana bilər” - Deputatdan XƏBƏRDARLIQ 

“Ermənistanda vəziyyət çoxdan nəzarətdən çıxıb. Demək olar ki, cəmiyyət də iki yerə parçalanıb. Bir hissə Nikol Paşinyanı, digərləri isə “Qarabağ klanı”nı dəstəkləyir”.

Bunu Musavat.com-a açıqlamasında deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.

O bildirib ki, bəzi vaxtlar Paşinyan hakimiyyəti də özünü müdafiə etmək üçün dezinformasiyalarla vətəndaşlarını sakitləşdirməyə çalışır: “Bütün proseslərdə də mütləq şəkildə qondarma status, “insan haqları” və bu kimi məsələlər gündəmə gətirilir. Belə siyasi şoulardan biri də qondarma qurumun “müdafiə ordusunun komandanı” Mikael Arzumanyanın Qarabağdan İrəvana gedərkən saxlanılmasıdır. Məlumata görə, o, müharibə ilə bağlı başlanmış cinayət işi çərçivəsində dindirilib. Niyə 2 il sonra, niyə sülh sazişinin imzalanması ərəfəsində?”

Arzu Nağıyev burada da Ermənistan hakimiyyətinin oyunbazlıq etdiyini güman edir: “Məlumdur ki, bu da Nikol Paşinyanın növbəti şousudur. Belə ki, müharibədə həlak olan və itkin düşənlərin valideynləri son günlər Paşinyanın həbsi tələbi ilə etiraz aksiyaları keçirirlər. Lakin Paşinyan da göstərmək istəyir ki, əsas günahkar o deyil, digərləri, o cümlədən Mikael Arzumanyandır. Belə olmasa idi, xəbərdarlıq edilmədən onu həbs etməzdilər. Arzumanyan Araik Arutyunyanın ən yaxın adamlarından biridir”.

Deputat Ermənistan hakimiyyətinin digər hoqqabazlıqlarından da danışıb: “Paralel olaraq Nikol Paşinyan qondarma qurumun “31-ci ildönümü” münasibətilə təbrik məktubu göndərir və xarici işlər naziri Xankəndiyə gəlir. Azərbaycan üçün problem öz həllini tapıb və sülh sazişinin imzalanması gündəmdədir. Lakin ikili siyasət yürüdən Ermənistan rəhbərləri və onların havadarları yenə də Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələlərini gündəmə gətirir, status məsələsini, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin bərpasını, guya ki, 44 günlük müharibədən sonra yaranan humanitar problemlər, yalançı etnik “təmizləmə” məsələsini qabardırlar. Bütün bu bəhanələri dünya ictimaiyyəti, Avropa İttifaqı, BMT dəqiq bilir və kimin kim olduğunu və nə üçün bu cəfəng bəyanatlar verildiyini dərk edirlər. Lakin onlar unutmasınlar ki, hər bir məsələnin başqa yolu da var, hansı ki, biz 44 gündə dünyaya göstərdik. Əgər regionda və dünyada sülhün bərqərər olmasını istəyirlərsə, ciddi təsir mexanizmlərini işə salmalıdırlar. Əks halda proseslər yenidən təkrarlana bilər”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR