Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl sifariş etməkdə ittiham olunan “Təfəkkür Universiteti”nin rektoru Müşfiq Atakişiyevin cinayət işi növbəti dəfə təxirə salınıb.
Musavat.com xəbər verir ki, Müşfiq Atakişiyev hakim qarşısına qətl işində vasitəçi və icraçı olmuş Dəyanət və Samir Quliyevlərlə birgə çıxarılıb. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Müşfiq Atakişiyev son söz deməli idi.
Lakin o, son söz üçün hazır olmadığını bildirib və məhkəmədən növbəti dəfə vaxt istəyib. Hakimlər onun xahişini nəzərə alıb prosesi mayın 10-na qədər təxirə salıblar.
Xatırladaq ki, ötən prosesdə Dəyanət Quliyev və Samir Quliyev son söz demişdi, Müşfiq Atakişiyev son söz üçün məhkəmədən vaxt istəmişdi.
Baş Prokurorluğun yaydığı məlumata görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib.
İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşfiq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun sifarişi əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlara əsasən, rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşfiq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərti ilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən edilib.
Müşfiq Atakişiyev və Dəyanət Quliyev (sifarişçi) Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmək) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev “Təfəkkür Universiteti”nin rektoru olub. “Təfəkkür Universiteti” 2017-ci ildə ləğv edilib.
Qeyd edək ki, dövlət ittihamçısı Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin hər birinin 15 il azadlıqdan məhrum edilməsini istəyib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ