Onlayn ictimai-siyasi qəzet
Cərrahi əməliyyat və intensiv terapiya prosesində baş verə biləcək pozğunluqların korreksiyasında həkim anestezioloq-reanimatoloqun üzərinə ciddi öhdəliklər düşür.
Musavat.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri, professor Fuad Həsənov deyib.
– Fuad müəllim, ilk öncə bilmək istərdik ki, anesteziya nədir və nə üçün tətbiq edilir?
- Hər hansı xəstəlik zamanı orqanizmdə olan pozğunluğa, müxtəlif xarakterli mexaniki, termiki və digər xarici təsirlərə sinir ucları ağrı qıcığı ilə cavab verir. Bu, normal fizioloji haldır və orqanizmi xarici, daxili streslərdən, ağrı törədə bilən qıcıqlardan xəbərverici və qoruyucu xarakter dayışır.
Əksər xəstəliklər ilk olaraq özünü ağrı ilə biruzə verir və bu ağrı olmasa, insanlar həkimə daha gec müraciət edərlər. Nəticədə xəstəliyin bir sıra fəsadları meydana çıxar və həkim müalicə prosesində ciddi çətinliklərlə qarşılaşar.
Bir çox xəstəliklərin müalicəsi yalnız cərrahi yolla mümkün olur. Cərrahi müdaxilə aparmaqla reallaşa bilən müalicə prosesinin ağrı ilə müşahidə olunması təbiidir.
Cərrahi müdaxilə mütləq olaraq ağrısızlaşdırma şəraitində aparılmalıdır ki, xəstəni istər ağrı, istərsə də cərrahi əməliyyatın digər stressor təsirlərindən qorumaq mümküm olsun. Onun məqsədi cərrahi müdaxilənin aparılması zamanı həkim-cərrah üçün tam optimal şərait yaratmaq, əməliyyatın xəstə üçün tam ağrısız keçirməsini, onun həyati təhlükəsizliyini təmin etmək, mümkün qədər komfortlu, rahat şərait yaratmaqdan ibarətdir.
Həkim-anestezioloq əməliyyat müddətində həyat əhəmiyyətli orqanların fəaliyyətində, əməliyyatın xarakterindən asılı olaraq, baş verə bilən hər hansı pozğunluqların qarşısını alır. Həmçinin müəyyən bir pozğunluq – əməliyyat zamanı qanitirmə, ürək fəaliyyətində olan dəyişiklik, gözlənilməyən zədələnmə və s. müşahidə edilərsə, intensiv müalicə tədbirlərini aparır.
– Doktor, həyat əhəmiyyətli orqanlar hansılardır?
- Əlbəttə ki, bütün orqan və sistemlər insan həyatı üçün vacibdir. Yəni, insan orqanizmində onun gündəlik normal fəaliyyəti üçün lazım olmayan orqan, toxuma, sistem yoxdur. Həyat əhəmiyyətli orqanlar dedikdə, yoxluğu və ya funksiyalarının dayanması ölümlə nəticələnən orqanlar başa düşülməlidir. Bunlara əsasən ürək, baş, ağciyərlər, qaraciyər, böyrəklər, mədəaltı vəzi aiddir.
Təbabətin indiki inkişaf səviyyəsi insana bir böyrəklə yaşamağa imkan verir. Yəni, süni böyrək aparatının tətbiqi ilə aparılan hemodializ seansları, yaxud böyrək köçürmə ilə bu mümkün olur.
Beləliklə, istər cərrahi əməliyyatlar zamanı, istərsə də müxtəlif xəstəliklər səbəbindən aparılan intensiv terapiya prosesində həyat əhəmiyyətli orqanların fəaliyyətinə daimi ciddi nəzarət etmək və baş verən pozğunluqların korreksiyası istiqamətində həkim anestezioloq-reanimatoloqun üzərinə ciddi öhdəliklər düşür. Bu, təbabətin çox yüksək erudisiya, bilik, diqqət və daimi fasiləsiz nəzarət tələb edən məsuliyyətli sahəsidir.
– Anesteziyadan sonra hansı yan təsirlər ola bilər?
- 1970-ci illərə qədər aparılan cərrahi müalicə zamanı tətbiq edilən ümumi və yerli anesteziyalardan çoxsaylı müxtəlif fəsadlar olurdu. Beləliklə, insanları cərrahi əməliyyatın özündən daha çox anesteziya və onun fəsadları qorxudurdu. Odur ki, xəstənin narkozdan ayılması, salamat çıxması ilk sevinc doğuran hadisə kimi qəbul edilirdi. Həmin dövrlərdə narkoz vəziyyətini yaratmaq üçün tətbiq edilən dərman maddələrinin (bunlara anestetiklər deyilir) əksəriyyəti toksiki və arzuolunmaz yanaşı təsirlərə malik idilər. Bu yanaşı təsirlərin çox təsadüf edənlənlərindən biri də qusma idi. Məhz bundan sonra narkozun bədəndən çıxdığını qəbul edir və təhlükənin sovuşduğunu zənn edirdilər. Bu, qətiyyən düzgün fikir deyil.
Anesteziyanın təsiri hələ müəyyən müddət davam edir və başqa fəsadlar da ola bilər. Narkoz bədəndən mədə-bağırsaq sistemi ilə, qusma ilə xaric olmur. Ümumi anesteziya zamanı istifadə olunan dərman preparatları əsasən ağciyərlər, böyrəklər və qaraciyər vasitəsilə xaric olur və ya neytrallaşdırılır. Son bir neçə onillikdə anesteziologiya əhəmiyyətli dərəcədə inkişaf edib və ümumi anesteziyaya baxış, onun aparılması, idarə olunması yüksək səviyyəyə çatıb. Bu proses həm yüksək texniki imkanları olan müasir narkoz tənəffüs aparatlarının, həyat əhəmiyyətli orqanların fəaliyyətinə fasiləsiz nəzarət aparmağa imkan verən cihazların (monitorların) əldə edilməsi, həm də toksiki və arzuolunmayan təhlükəli yanaşı təsiri çox az olan dərman maddələrinin (anestetiklərin) anestezioloji arsenala təqdim edilməsi ilə həyata keçirilir. Az toksiki təsiri olan preparatlar imkan verir ki, müasir anesteziologiyada qusma və digər neqativ hallar, başqa fəsadlar çox az hallarda təsadüf edilsin. Mədənin zondlanması, yəni mədəyə xüsusi boru (mədə zondu) salınaraq, onun yuyulub təmizlənməsi də bu istiqamətdə aparılan profilaktik tədbirlərdəndir. Eyni zamanda, yüksəkixtisaslı kadrların, həkim anestezioloq-reanimatoloqların yetişməsi burada olduqca mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, texniki və medikamentoz təminatında mühüm nailiyyətləri olan müasir anesteziologiya cərrahi müdaxilə zamanı aparılan anesteziyalarda xəstənin həyat riskinin xeyli azalmasına rəvac verir. Təhlükəsiz anesteziya məsələlərinin araşdırılmasına həsr olunan innovativ elmi-nəzəri və praktiki tədqiqatlar bu gün də davam etdirilir.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ