Onlayn ictimai-siyasi qəzet
Xaricdə yaşayan azərbaycanlıların öz seçki hüquqlarından istifadə etməsi üçün səfirliklər fəaliyyətə başlayıb
Dekabrın 7-də elan edilən növbədənkənar prezident seçkisi ilə bağlı imzatoplama kampaniyası davam edir. Bəzi partiyalar prosesi yekunlaşdırsalar da, bəzi partiyalar hələ ki, imzatoplama kampaniyası ilə əlaqədar son nəticəni açıqlamayıblar.
İndiyədək yalnız YAP öz namizədi İlham Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasını Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə dekabrın 26-da MSK-ya təqdim edib. Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin dekabrın 28-də keçirilən iclasında bildirilib ki, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev isə MSK-nın iclaslarını müşahidə edəcək şəxs təyin edilib. Bundan əlavə, səsvermə gününədək dairə seçki komissiyalarında, səsvermə günü Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparacaq şəxslərin, eləcə də səsvermə günü məntəqə seçki komissiyalarında müşahidə aparacaq şəxslərin və dairə və məntəqə seçki komissiyaları üzrə məşvərətçi səs hüquqlu üzvlərin təyin edilməsi barədə qərar qəbul olunub.
Elşad Musayev
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, imzalatoplama kampaniyası tamamlanıb. Partiya sədri qəzetimizə açıqlamasında dəqiq rəqəm deməsə də, müəyyən edilmiş həddin keçildiyini qeyd etdi: “İmzatoplama kampaniyası uğurla tamamlandı. 40 mindən çox imza topladıq. Yoxlama prosesi başlayıb. Hazırlıq davam edir. Maliyyə hesabatı hazırlamaq lazımdır. MSK-a təqdim etmək üçün sənədləşmə işləri davam edir”.
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev qəzetimizə açıqlamasında qeyd etdi ki, imzatoplama kampaniyası demək olar ki, yekunlaşıb: “Hazırda yoxlama prosesi gedir. Düşünürəm ki, proses yekunlaşmaq üzrədir. Ümid edirəm ki, bir neçə günə MSK-a təqdim edə biləcəyik. Biz də 50 min imza toplamışıq. 40 mindən bir qədər çox imza yoxlanıb. Yoxlama prosesi davam etdiyi üçün neçə imzanın qeydiyyata alınacağını deyə bilmirəm. Yekun nəticə bəlli olanda mediaya açıqlama verəcəyik”.
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa hazırlıq prosesinə ilə bağlı “Yeni Müsavat”a açıqlama verdi: “Təxminən, 44 min imza toplamışıq. Hər hansı problemimiz yoxdur. Bütün zəruri sənədlər hazırlanıb. Sənədlərimizi təhvil vermişik”.
Prezidentliyə namizədliyi müstəqil olaraq özü tərəfindən irəli sürülən Arzuman Abdulkərimovun namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqləndikdən sonra Seçki Qərargahı formalaşdırılıb. Mübariz Göyüşlü Seçki Qərargahının sədri təyin edilib. Mübariz Göyüşlünün məlumatına görə, 27 dekabrda MSK-dan imza vərəqələri götürülüb. O bildirib ki, 60 dairə üzrə imza toplanılmasına başlayıblar. M.Göyüşlü imzaları vaxtında toplayıb onu MSK-ya təqdim edəcəklərini açıqlayıb. Namizədin MSK-dakı səlahiyyətli nümayəndəsi kimi İlqar İlkin (Bayraməliyev), maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi isə Elnur Məmmədli təsdiq ediliblər.
O ki qaldı seçkini müşahidə edəcək missiyanın fəaliyyətinə, ATƏT-in Demokratik Təsisat və İnsan Haqları bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə edəcək missiyasının rəhbəri İohan Mörfi mətbuat konfransında deyib ki, Azərbaycan hökumətinin dəvəti ilə seçkini müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayır. APA xəbər verir ki, ATƏT/DTİHB Azərbaycanda indiyə qədər 12 seçki monitorinq missiyası həyata keçirib, sonuncu missiya isə 2020-ci ildə olub: “Biz XİN-də missiyamızı təqdim etməklə bağlı görüşlər keçirmişik. ATƏT-ə üzv 57 ölkənin öhdəlikləri var ki, bunlar təməl azadlıqlar, insan haqları ilə bağlıdır. Hər bir üzv ölkə eyni zamanda, seçki prosesini müşahidə etmək üçün DTİHB-ni dəvət etmək öhdəliyi var”.
İohan Mörfi qeyd edib ki, missiya 11 beynəlxalq ekspertdən ibarətdir və bu ekspertlər 9 ölkədən gəlib: “Əsas komanda Bakıda yerləşir və növbəti 8 həftə üçün biz Bakıda müvəqqəti ofisimizi qurmuşuq. Bizim komanda regionlara səfər edəcək. Yanvarın 3-də isə 26 uzunmüddətli müşahidəçi ölkəyə gələcək və onlar əsas komandadan təlimat aldıqdan sonra regionlara səfər edəcəklər. Onlar 2 müşahidəçidən ibarət komandalar şəklində işləyəcək və prosesə hazırlığı izləyəcəklər”.
İohan Mörfi onu da qeyd edib ki, seçki günündə müşahidə üçün isə onlar 280 qısamüddətli müşahidəçi üçün sorğu veriblər: “Onlar seçki günü ölkənin bütün nöqtələrində seçki prosesini müşahidə edəcək. Müşahidə missiyalarımızı qəbul olunmuş müşahidə metodologiyasına uyğun aparırıq. Bizi seçkinin nəticəsi deyil, onun keçirilməsi qayğılandırır. Bizim rolumuz nəzarət, kömək və ya müdaxilə etmək deyil, biz prosesi izləyirik və bununla bağlı hesabat dərc edirik”.
O deyib ki, seçkidən 2 həftə əvvəl missiya aralıq hesabatını dərc edəcək. Missiya rəhbəri əlavə edib ki, onlar prosesə hazırlığı, seçki mühitini, medianı və eyni zamanda, sosial mediadakı proseslə bağlı vəziyyəti müşahidə edəcəklər: “Biz mediaya açıq olacağıq və işimizi şəffaf şəkildə aparacağıq”.
Eyni zamanda Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləsinin monitorinqini keçirəcək QHT koalisiyası yaradılıb. Bildirilib ki, D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi İB-nin sədri Novella Cəfərova, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İB-nin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərinin monitorinqini həyata keçirmək məqsədi ilə “Mənim Səsim” Seçki-Monitorinq Koalisiyasını təsis ediblər.
“Koalisiyanın işində tanınmış ekspert və politoloqlardan ibarət qrup, peşəkar müşahidəçilər komandamız fəaliyyət göstərəcək. Koalisiya seçkinin bütün mərhələlərinin monitorinqini apararaq aralıq, seçki günü və yekun hesabatlar hazırlayıb ictimaiyyətə təqdim edəcək” - deyə koalisiyanın bəyanatında bildirilib.
Azərbaycan XİN də növbədənkənar prezident seçkisi ilə bağlı öz üzərinə düşən işləri görməyə başlayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib ki, xaricdə yaşayan azərbaycanlıların öz seçki hüquqlarından istifadə etməsi üçün səfirliklər fəaliyyətə başlayıb: “Azərbaycanlılarına öz seçki hüququnun icrası üçün lazımi şərait yaradılıb. Seçkilər üçün beynəlxalq təşkilatların monitorinq qruplarının gəlməsi üçün biz beynəlxalq təşkilatlarla işləyirik. Artıq ilk qruplar gəlib”, deyə nazir qeyd edib.
Yeri gəlmişkən, Azərbaycan XİN-in Prezident seçkiləri ilə bağlı dəvət göndərdiyi beynəlxalq təşkilatların adları məlum olub. Bildirilib ki, beynəlxalq təşkilatlara dəvət məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərilib.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ