İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentlərin mühüm Moskva müzakirəsi - Əliyevin mesajı

Azərbaycan və Rusiya liderlərinin növbəti görüşü iki qonşu ölkənin strateji münasibətlərini daha da dərinləşdirəcək; Prezident  İlham Əliyev: “Rusiya ilə əlaqələrin inkişafından çox razıyıq”

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfər edib. Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.

Kremlin mətbuat xidməti ilkin məlumatında “Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərinin nəzərdən keçirilməsi, o cümlədən cari regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır”, - deyə qeyd olunurdu. Bildirilib ki, Baykal-Amur Magistralının tikintisinin başlanmasının 50 illiyi münasibətilə Putin və Əliyev BAM veteranları və dəmir yolu sənayesi işçiləri ilə görüşəcəklər. Magistral yolun tikintisi ilə bağlı məsələlərə bilavasitə sabiq prezident Heydər Əliyevin rəhbərlik etdiyi vurğulanıb. Səfər həm də Rusiya sülhməramlılarının Qarabağdan çıxdığı tarixi bir dönəmə təsadüf edir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib ki, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Kremldə iki ölkə arasında münasibətləri müzakirə edəcəklər, görüş səhər yeməyində davam etdiriləcək.  Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, hər iki ölkənin liderləri Baykal-Amur magistralının veteranları, inşaatçıları və işçiləri ilə ayrıca görüş keçirəcəklər. “Məlumdur ki, Azərbaycanın indiki prezidentinin atası o vaxt SSRİ Nazirlər Sovetində bu tikinti layihəsinə birbaşa rəhbərlik edib”. “Əlbəttə, bunun xüsusi əhəmiyyəti var - bu, BAM-ın tikintisinin 50 illiyidir, o cümlədən bizim ikitərəfli münasibətlərimiz üçün. Kreml nümayəndəsi daha sonra vurğulayıb: "Azərbaycan bizim yaxşı ticarət-iqtisadi tərəfdaşımızdır, qarşılıqlı fəaliyyətin bütün potensialını genişləndirmək üçün böyük ehtiyatlar var. Azərbaycan Rusiyanın böyük qonşusu, dostu, tərəfdaşı və müttəfiqidir. Ölkələr əməkdaşlığın inkişafı üçün böyük potensiala və münasibətləri inkişaf etdirmək üçün siyasi iradəyə malikdir", - deyə Peskov əlavə edib və Moskvanın İtaliya və Türkiyədən sonra Bakının üçüncü ən mühüm ticarət tərəfdaşı olduğunu vurğulayıb.

Günün ikinci yarısında Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilib. “Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb”. AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdə deyib. Prezident Vladimir Putin Ulu öndər Heydər Əliyevin BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyaya sədrlik etdiyini xatırladaraq bildirib: “Demək olar ki, o, ən böyük layihələrdən birinin, bütün Sovet İttifaqı üçün çox vacib layihə olan BAM-ın rəhbəri olub. Biz buna görə ona çox minnətdarıq və onun əziz xatirəsini yad edirik”. Vladimir Putin Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 4 milyard dollara çatdığını da diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir. Putin deyib ki, ölkələrimiz arasında bir çox istiqamətlərdə əməkdaşlıq mövcuddur. (APA) “Sözsüz ki, təhlükəsizliyin təminatı nöqteyi-nəzərindən regiondakı vəziyyət barədə danışacağıq. Burada bir çox məsələlər var, onlar çox həssasdır”, - deyə Rusiya Prezidenti qeyd edib. Putinin sözlərinə görə, Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyasının həcmi 6 milyard dollar təşkil edir. “Hökumətlərarası komissiya aktiv işləyir”, - Putin qeyd edib.

“Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk”. APA-nın məlumatına görə, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşdə deyib. “Baykal-Amur magistralı ümumittifaq miqyaslı layihə idi. Heydər Əliyevin bu layihənin icrasında əməyini yüksək qiymətləndirdiyinizi xüsusi qeyd etmək istəyirəm. Bu qlobal layihənin icrasında əmək sərf etmiş insanlarla da görüşəcəyik. Əziz xatirəsi olan hadisələr bizim dövlətləri daha da yaxınlaşdırır, münasibətlərimizin yüksələn xətlə inkişaf etməsinə töhfə verir”, - deyə dövlət başçısı bildirib.  

“Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır”. Bunu da Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşdə deyib. “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə çərçivəsində işləyirik. Sizin də qeyd etdiyiniz kimi, gündəlik kifayət qədər genişdir. Orada nəqliyyat komponenti də var, bu gün onu da müzakirə edəcəyik. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir.

Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir. Biz həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq.

Bugünkü görüşə görə bir daha minnətdarlığımı bildirirəm və əminəm ki, bu, münasibətlərimizin inkişafına yeni təkan verəcək”, - Azərbaycanın dövlət başçısı vurğulayıb.

Təbii ki, Azərbaycan və Rusiya liderləri arasındakı görüş münasibətlərin daha da irəli aparılması baxımından önəmli əhəmiyyət kəsb edir. Özü də bu səfər Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına başlanılmasından sonra həyata keçirilir ki, bu da mühüm məsələdir. Bəs pərdəarxasında daha hansı məsələlərin müzakirəsi mümkündür? Saatlar Bakı, yoxsa Moskva vaxtına qurulur?

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

Tural İsmayılov 

Politoloq Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan və Rusiya arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir: “Nəzərə almaq lazımdır ki, iki ölkənin ticarət dövriyyəsi artıq 4 milyard dollara çatır. Azərbaycanda Rusiya səhmləri, Rusiya iqtisadiyyatında isə Azərbaycan investisiyaları var. Rusiya bölgənin ən vacib ölkələrindəndir. Rusiya həmçinin 10 Noyabr Bəyanatının üçüncü tərəfi idi. Rusiya logistikası üçün tarixi əhəmiyyətə malik Baykal-Amur məsələsi birbaşa Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. BAM-ın ildönümündə cənab Prezidentin Rusiyaya dəvət edilməsi Rusiyanın Azərbaycana verdiyi önəmi ehtiva edir. Eyni zamanda Rusiya fərqindədir ki, Ermənistan Qərb vasitəsiylə Rusiya əleyhinə plastdarma çevrilib. Belə məqamda 3+3 kimi bir çox layihələrdə Azərbaycan və Rusiyanın münasibətlərinin kilid əhəmiyyəti var. Saatlar Bakının istədiyi vaxta uyğun qurulur...”

“İstənilən siyasi hadisənin görünən və görünməyən tərəfləri olur. Bu, indiki hal üçün daha xarakterikdir. Ağlagəlməyən hadisələr baş verir, dəyərləndirmək, birmənalı yanaşmaq da çətindir. Azərbaycan-Rusiya münasibətlərində, regionda baş verən hadisələrə bu düsturla yanaşmaq olar”.

Akif Nağı: “Paşinyan bu addımı atsa, sülh müqaviləsi...”

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı bunu Prezidentin Rusiyaya səfərini şərh edərkən “Yeni Müsavat”a bildirdi. Partiya rəhbərinin qənaətincə, görünən odur ki, Kreml artıq diktat mövqeyindən geri çəkilir, Azərbaycanın haqlı mövqeyini nəzərə almaqla səmərəli əməkdaşlıq formuluna üstünlük verir: “Onlar daha "Qarabağ Azərbaycandan çox Rusiyanın işidir", “Laçın dəhlizində başqasının nəzarətinə ehtiyac yoxdur”, “Hər şeyi Kreml həll edir” kimi iddialardan, hikkəli mövqelərdən geri çəkilirlər. Sülhməramlıların çıxarılması, dörd kəndlə bağlı son gəlişmələr bunu əyani şəkildə göstərdi. Heç kəsin yadına düşməyən BAM məsələsinin qabardılması da Azərbaycana müsbət mesaj kimi dəyərləndirilə bilər. Azərbaycanın liderinin bu şəkildə diqqətə çatdırılması xüsusi münasibətlər qurmaq istəyindən xəbər verir. Görünməyən tərəflə bağlı isə demək olar ki, Rusiya regiondakı dəyişiklikləri qəbul edir, amma iddialarından geri çəkilmək istəmir. Azərbaycanı yeni şəraitdə strateji müttəfiq kimi görür, amma diktat mövqeyindən də geri çəkilmir. Ola bilər ki, regionda yeni siyasəti ilə bağlı Azərbaycandan vasitə kimi istifadə etmək istəyinə düşsün. BAM da elə-belə xatırlanmır, SSRİ-nin əsas sivmollarından birinin diqqətə çatdırılması birgə yaşayışa qayıdış mesajı da ola bilər. SSRİ-nin bugünkü qalığı kimi Avrasiya İqtisadi Birliyi ortadadır. Azərbaycanı bu ittifaqa çəkə də bilərlər. Hər halda, Azərbaycan artıq başqasının saatı ilə işləmir. Bu fikrə düşmək istəyənlər tezliklə yanıldıqlarını başa düşəcəklər. Çoxları regionla bağlı Azərbaycanın saatına uyğunlaşmağa başlayıb, Moskva da bunu nəzərə almalı olacaq".

“Əliyevin bu gün Moskvaya işgüzar səfəri bir sıra mühüm hadisə fonunda baş tutub”. Siyasi şərhçi Asif Nərimanlı bunu Azərbaycan Prezidentinin Rusiya paytaxtına səfərini şərh edərkən bildirib. Ekspert mühüm hadisələri aşağıdakı qaydada sıralayıb: “Rusiya sülhməramlıları Azərbaycan ərazisini vaxtından əvvəl tərk edir; Qazağın işğal altındakı kəndlərindən dördünün qaytarılması haqda razılaşma ilə delimitasiya prosesində ciddi irəliləyiş baş verir; Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri gözlənilir”.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

A.Nərimanlı bildirib ki, Qarabağdan tamamilə çıxan Rusiya Cənubi Qafqazda mövqelərinə yaranmış risklərdən narahatdır: “Bəllidir ki, Bakı-İrəvan xəttində iştirakçılığını bu və ya digər formada saxlamağa çalışacaq. Moskvada Əliyevlə Putin bu kontekstdə iki məsələni müzakirə edə bilər. Birincisi, Moskvanın təşəbbüsü ilə Azərbaycan-Rusiya-Ermənistan formatında görüşün keçirilməsidir: Paşinyan Moskvaya səfər edərsə, Putin bu məsələni onunla da müzakirə edəcək, lakin əvvəlcə Əliyevlə razılaşmağa ehtiyac var. İkincisi, Moskva Bakı-İrəvan xəttində iştirakını bundan sonra əsasən sərhədin delimitasiyası məsələsi üzərindən təmin edə bilər, bunun üçün delimitasiya prosesində Rusiya Baş Qərargahında saxlanılan xəritələrin aktuallaşması lazımdır”.

Siyasi şərhçi qeyd edib ki, 4 kəndin qaytarılması ilə nəticələnən 19 aprel razılaşması xəritələri arxa plana keçirir: “Hərçənd razılaşma Bakıya sərhədin digər hissələrinin delimitasiyasında prinspin dəyişdirilməsi - xəritələrin ön plana çıxarılması imkanını da verir. Moskva Bakıdan sərhədin digər hissələrinin müəyyənləşməsində xəritələrdən çıxış etməsini istəyə bilər. Ki, bu həm də SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərimizlə bağlı olduğu üçün Azərbaycanın da maraqlarına uyğundur. Bakı və Moskvanın bu məsələdə uzlaşan gündəliyi müzakirə mövzularında biri ola bilər. Ümumilikdə Əliyevlə Putinin əsas gündəliyi sülhməramlıların gedişindən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyətlə bağlıdır. Ermənistanda anti-Rusiya siyasi xəttin inkişafı Moskvanın bölgədə Azərbaycanı əsas tərəfdaş kimi görməsini şərtləndirib. Bu kontekstdə Moskva saatını Bakı vaxtı ilə uyğunlaşdırmaq istəyir”.

“İlham Əliyevin aprelin 22-nə planlaşdırılan Moskvaya bir günlük işgüzar səfəri ötən həftənin sonunda Kremlin mətbuat xidməti tərəfindən açıqlanıb. "Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı əsas məsələlərin nəzərdən keçirilməsi, iki ölkə və onların liderləri arasında qarşılıqlı əlaqənin nüansları, o cümlədən aktual regional problemlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır", - deyə bütün məlumatları əks etdirməyən qısa mesajda bildirilir. İlham Əliyevlə Vladimir Putinin “bu il öz ölkələrində keçirilən prezident seçkilərində iki liderin inamla qələbə çalmasından sonra” ilk şəxsi görüşünə səbəb olan rəmzi hadisə BAM-ın tikintisinə başlanmasının 50 illiyi idi" - “Kommersant” yazıb. KİV vurğulayır ki, Rusiya Prezidentinin iştirakı ilə Amur vilayətində əsas bayram tədbirləri yalnız iyulun 8-də baş tutsa da, Vladimir Putin və İlham Əliyev bu hadisəni nəzərəçarpacaq dərəcədə vaxtından əvvəl qeyd etməyi zəruri hesab ediblər. Azərbaycanın indiki prezidentinin atası Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi vaxtilə avtomobil yolunun tikintisi ilə bağlı məsələlərə şəxsən nəzarət edirdi. Məqalənin müəllifi Sergey Strokan bildirib ki, Rusiya və Azərbaycanda yeni siyasi tsikllər başlayandan sonra iki lider arasında şəxsi təmaslara tez bir zamanda başlamaq zərurəti Cənubi Qafqazda vəziyyətin dəyişməsi ilə diktə olunur. Onun fikrincə, bu vəziyyət qeyri-sabit görünür və rəqabət aparan oyunçuların - bir tərəfdən Rusiyanın, digər tərəfdən isə Qərbin iştirakı ilə regionun inkişafı və təhlükəsizliyinin təmin edilməsi üçün bir neçə alternativ ssenarilər açır.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR