İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident iradəsini ortaya qoydu: İşğaldan azad olunmuş bütün ərazilərdə insanlar rahat yaşamalıdır

Qarabağdakı silahlı terror qruplaşmalarına qarşı keçirilən uğurlu antiterror əməliyyatından sonra Azərbaycan dövlətinin bütün diqqəti azad olunan ərazilərin bərpasına yönəlib.

Erməni vandallarının tamamilə dağıdıb yerlə-yeksan etdiyi ərazilərimizin yenidən məskunlaşdırılması çox nəhəng xərclər tələb edir. Buna görə də Azərbaycanın 30 ildə tamamilə dağıdılan ərazilərdə həyata keçirdiyi fəaliyyətlərini əslində bərpa deyil, yeni yaşayış məskənlərinin salınması kimi qiymətləndirmək daha doğru olardı. Çünki bir neçə istisnalarla, işğal dövründə Ermənistan torpaqlarımızda heç bir tikinti-quruculuq işi aparmayıb, əksinə, olanları dağıdıb. Bu səbəbdən də Azərbaycan yoldan tutmuş, kənd təsərrüfatı əkinlərinə qədər bütün sahələrdə işləri sıfırdan başlayır. Üstəlik, ərazilərin minalardan təmizlənməsi də vaxt və böyük maliyyə tələb edir. 

fuzuli.jpg (1011 KB)

44 günlük Vətən Müharibəsindən dərhal sonra başlanan bərpa-quruculuq işləri getdikcə daha da sürətlənir, daha geniş vüsət alır. İndiyədək 8 şəhər və 92 kəndin Baş planı təsdiqlənib, müxtəlif rayonlarda 30 kəndin təməli qoyulub. Böyük Qayıdış Proqramının sürətli icrası nəticəsində Laçın və Füzuli şəhərlərinin, Ağalı, Talış və Zabux kəndlərinin sakinlərinin yurdlarına qayıdışı başlanıb. 

prezident_gorush_171023_12.jpg (113 KB)

Prezident İlham Əliyevin bərpasına başlanan Zəngilan şəhərində keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumundakı çıxışında qeyd etdiyi kimi, Azərbaycan azad olunan ərazilərdəki bütün işləri öz hesabına həyata keçirir: “İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib”.

Oktyabrın 17-də Prezident Füzuli şəhəri Günündə şəhərə köçən sakinlərlə görüşüb. Görüş zamanı dövlət başçısı tam müasir tələblərə uyğun qurulan Füzuli şəhərinin yeni simasına diqqət çəkib: “Füzulinin yeni siması göz oxşayır. İşğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma işləri aparılır. Bu, yeni reallıqdır. Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda və Zəngilanda və digər şəhərlərdə bütün layihələrimiz təqdim edilmişdir. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir”. 

4357ffc08b837597833f4f49cac1b980_2730161.jpg (342 KB)

Xatırladaq ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə əlaqədardır. 3 il əvvəl şanlı Azərbaycan ordusu Füzuli şəhərində 27 illik erməni işğalına son qoyub.

Azad olunduqdan dərhal sonra Füzuli şəhərinin bərpası istiqamətində işlərə başlanıb, şəhər müasir standartlara uyğun olaraq yenidən qurulur. Məlumat üçün bildirək ki, şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. 

16975265566474923626_1200x630.jpg (433 KB)

Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü illə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq.

Prezidentin də qeyd etdiyi kimi, Füzuli şəhərində rahat yaşamaq üçün bütün infrastruktur, şərait var: “Füzuli indi tamamilə yenidən qurulur. Aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır.

Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Bizim bütün şəhərlərimiz Füzuli kimi olacaq. Çünki Füzulidə birinci şəhərsalma layihəsini icra edirik. Burada şəhər tamamilə yenidən qurulur”.

Qeyd edək ki, Azərbaycanda işğaldan azad olunmuş ərazilərin bərpasına dair Böyük Qayıdış Proqramı qəbul olunub və sürətlə icra edilir. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq: “İşğaldan azad olunmuş bütün ərazilərdə insanlar rahat yaşamalıdır. Bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun. 

311682253_10229875879339163_2184009489769837079_n.jpg (45 KB)

Şəhərin özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən onlara kömək göstərəcək – texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələri onlara təqdim etməklə. Özünüməşğulluq proqramı icra ediləcək ki, bütün ərazilərdə həyat qaynasın. Müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək”.

Azərbaycan azad olunan ərazilərdəki bərpa işlərini ən yüksək texnologiyalar əsasında, ən müasir tələblərə cavab verəcək səviyyədə icra edir. Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair 2021-ci ilin yanvarında keçirilən müşavirədə işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasını qarşıya əsas vəzifə kimi qoyub. Onun “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 3 may 2021-ci il tarixli 2620 nömrəli Sərəncamının icrası çərçivəsində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılıb və Konsepsiya sənədi hazırlanıb. Konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb. 

1578662986_channels4_banner.jpg (1.22 MB)

Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur.

Energetika Nazirliyinin məlumatına əsasən ilkin qiymətləndirmələr Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensialın 7200 MVt-dan artıq olduğunu göstərir. Eyni zamanda, ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisi üzrə texniki potensial 2000 MVt təşkil edir. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur.

Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən böyük quruculuq işləri bölgəyə qayıdacaq əhalinin məşğulluğunu təmin etmək baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti yurdlarına qayıdan əhalinin məşğulluğunun təmin olunması üçün Cəbrayıl və Ağdamda sənaye zonaları yaradır. Ərazidə işləyəcək şirkətlərə, mütəxəssislərə dövlət tərəfindən böyük güzəşt və imtiyazlar verilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR