İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Əliyevin qələbəsi rəsmən təsdiqləndi - nazirlər yolüstə...

Hökumət uzağı üç gün istefaya gedir, yeni baş nazir və nazirlər təyin ediləcək

Fevralın 13-də 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezidenti seçkisinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun iclası olub. 

Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.

İclasda məruzəçi hakimlər prezident seçkisinin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib. Seçkinin qanunvericiliyə uyğun keçirildiyini bildirilib və seçkilərin nəticələrinə dair protokola əsasən, İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu bildirib.

Çıxışlardan və müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı elan edib.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkisinin yekunları haqqında məlumat Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin inauqurasiya mərasimi fevralın 17-nə qədər reallaşacaq. İnauqurasiya mərasimin harada keçiriləcəyi barədə hələ ki rəsmi məlumat verilməyib. Qeyd edək ki, ölkə qanunvericiliyinə görə, prezident seçkisindən sonra Nazirlər Kabinetinin tərkibi yenidən formalaşdırılmalıdır. Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir. Bundan sonra dövlət başçısı baş nazir vəzifəsinə namizəd irəli sürdüyü şəxs haqqında Milli Məclisə təklif verməlidir. Milli Məclis baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Əgər həmin qayda pozularsa və ya prezidentin təqdim etdiyi namizədlərin baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, prezident baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.

Nazirlər Kabinetinin tərkibində hazırda yer alan şəxslər bunlardır: Əli Əsədov - baş nazir, Yaqub Eyyubov - baş nazirin birinci müavini, Şahin Mustafayev, Əli Əhmədov - baş nazirin müavinləri, Ceyhun Bayramov - xarici işlər naziri, Zakir Həsənov - müdafiə naziri, Vüqar Mustafayev - müdafiə sənayesi naziri, Vilayət Eyvazov - daxili işlər naziri, Fikrət Məmmədov - ədliyyə naziri, Kəmaləddin Heydərov - fövqəladə hallar naziri, Samir Şərifov - maliyyə naziri, Mikayıl Cabbarov - iqtisadiyyat naziri, Pərviz Şahbazov - energetika naziri, Məcnun Məmmədov - kənd təsərrüfatı naziri, Rəşad Nəbiyev - rəqəmsal inkişaf və nəqliyyat naziri, Sahil Babayev - əmək və əhalinin sosial müdafiəsi naziri, Teymur Musayev - səhiyyə naziri, Emin Əmrullayev - elm və təhsil naziri, Adil Kərimli - mədəniyyət naziri, Fərid Qayıbov - gənclər və idman naziri, Muxtar Babayev - ekologiya və təbii sərvətlər naziri, Tahir Budaqov - Dövlət Statistika Komitəsinin sədri, Şahin Bağırov - Dövlət Gömrük Komitəsinin sədri, Anar Quliyev - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Rövşən Rzayev - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Bahar Muradova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Mübariz Qurbanlı - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Fuad Muradov - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Əli Nağıyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov - Xarici Kəşfiyyat Xidmətinin rəisi, Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi, Mürsəl İbrahimov - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Vüsal Hüseynov - Dövlət Miqrasiya Xidmətinin rəisi, Fuad Nağıyev - Dövlət Turizm Agentliyinin sədri, Qoşqar Təhməzli - Qida Təhlükəsizliyi Agentliyinin sədri, Kamran İmanov - Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri.

Ekspertlərə görə, 2021-2023-də təyin olunan nazirlər böyük ehtimalla yerlərini qoruyacaqlar. Vüqar Mustafayev (müdafiə sənayesi naziri), Fərid Qayıbov (gənclər və idman naziri), Şahin Bağırov (Dövlət Gömrük Komitəsinin sədri), Məcnun Məmmədov (kənd təsərrüfatı naziri) və Adil Kərimlinin (mədəniyyət naziri) adını çəkmək olar. Bəs hökumətin kabinetində hansı dəyişikliklər gözlənilir? Nazirlərdən, komitə sədrlərindən kimlər vəzifəsini itirə bilər?

Qabil Hüseynli iki qardaş itkisinin ağrılarından danışdı...

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, xalq onu qalib edən Prezidentini seçkidə qalib etməklə növbəti mərhələdə gözləntilərinin reallaşdırılacağına inanır: “Prezident İlham Əliyevin seçki kampaniyası başlayandan sonra yerli televiziyalara müsahibəsində bir mərhələnin artıq arxada qaldığını, yeni dövrün başlandığını bəyan etməsi də təsadüfi deyildi. Yeni dövrün inşası prosesinin isə bundan sonra start götürəcəyi gözlənilir. Kimlərin vəzifədən alınacağı, kimlərin təyin ediləcəyi, dəyişikliklərin nədən ibarət olacağı haqda isə bu gün dəqiq fikir bildirmək çətindir. Yaxın günlərdən etibarən yəqin ki, bir sıra məsələlər aydınlaşacaq. Bu gün üçün bizə yeni seçilən Prezident İlham Əliyevə qarşıdakı dönəmdə uğurlar arzulamaq düşür”. 

Özəl mənbələrdən əldə etdiyimiz xəbərlərdə isə idarəetmədə, hökumətdə  dəyişikliklərin reallaşdırılacağı deyilir. İnauqurasiya mərasimindən sonra Prezident İlham Əliyev yeni Nazirlər Kabinetinin tərkibini elan edəcək. Məlumatlara görə, Nazirlər Kabinetində müəyyən dəyişikliklər ediləcək. Baş nazir postuna yeni şəxsin gətiriləcəyi istisna edilmir. Ölkənin yeni baş nazirinin hazırkı iqtisadiyyat naziri Mikayıl Cabbarov olacağı haqda iddialar var. Baş nazirin birinci müavini vəzifəsinə isə Şahin Mustafayevin irəli çəkiləcəyi gözlənilir.  

Daha bir neçə nazirin də postunda qalmayacağı gözlənilir. 

 Siyasi ekspertlər hesab edir ki, növbədənkənar prezident seçkisini şərtləndirən amillərdən biri də elə prezident seçkisindən sonra ciddi islahatlar planıdır. Ona görə də xüsusilə də idarəetmə sahəsində bir sıra islahatlara gediləcək. Ehtimallara görə, vitse-prezidentlik institutu gücləndiriləcək. 

Rayon icra hakimiyyətlərinin bir struktur vahidi olaraq ləğv olunacağı, əvəzində isə prezidentin səlahiyyətli nümayəndəliklərinin yaradılacağı da mümkün variantlardan biri ola bilər. Məlumdur ki, artıq bir müddətdir işğaldan azad edilmiş rayonlarımıza prezidentin səlahiyyətli nümayəndələri təyin edilib və onlar fəaliyyət göstərirlər. Bu təcrübənin bir qədər də genişləndirilməsi və bütün rayonlara tətbiq edilməsi gözləniləndir. Bunun anonsu da Azərbaycan Prezidenti tərəfindən verilib. 

Yerli idarəçiliyin bələdiyyələrə verilməsi, bələdiyyələrin səlahiyyətlərinin bir qədər artırılması, yerli özünü idarəetmə orqanları olaraq yerlərdə idarəetmə səlahiyyətlərinin tam olaraq bələdiyyələrə verilməsi də gözləntilərdən sayılır.

Bir sözlə, cəmiyyət yeni mərhələdə ölkədə xalqın rifahını, dövlətçiliyi daha da gücləndirəcək dəyişikliklərin olacağına inanır.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR