Onlayn ictimai-siyasi qəzet
Dekabrın 5-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin Xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Musavat.com xəbər verir ki, görüşdə Ədalət Vəliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində və lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə Azərbaycanın suverenliyini bərpa etdiyini, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı və məqsədyönlü bərpa-quruculuq işlərinin sürətlə davam etdirildiyini qonaqların diqqətinə çatdırıb. Qazanılmış Qələbədə Türkiyənin mənəvi-siyasi dəstəyinin əhəmiyyətindən bəhs edən şöbə müdiri Azərbaycan ilə Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin dünyada bənzərsiz olduğunu, hər iki tərəfin çoxşaxəli əməkdaşlığı dərinləşdirmək iradəsini nümayiş etdirdiklərini bildirib.
Ədalət Vəliyev dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın daha da dərinləşdiyini, iki hakim partiyanın əlaqələrinin gücləndirilməsinin ölkələrarası münasibətlərin inkişafına mühüm töhfə verdiyini, 2021-ci ildə YAP ilə AK Parti arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələrək ikitərəfli münasibətlərin inkişafına xidmət edən məqsədyönlü fəaliyyəti vurğulayıb.
Zafer Sırakaya iki partiya arasında əlaqələrin inkişafının dövlətlərarası münasibətlərin mühüm elementi olduğunu, davamlı xarakter daşıyan qarşılıqlı səfərlərin həyata keçirilməsinin partiyalararası təmasların gücləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycanın tarixi Qələbəsi nəticəsində regional təhlükəsizlik və əməkdaşlıq üçün mühüm imkanlar yarandığını diqqətə çatdırıb.
Görüşdə, həmçinin Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iştirak edib.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ